Ölçmək və tərəzidə çəkmək həmişə “incə məsələ” olub: smart sayğaclar yenidən qayıdır: )
Amma tərəzinin düz işləməsini, məlumatların emalını ayrı qurumlar reallaşdıracaq.
Rəsmi açıqlama verilib ki, Azəriqaz 2,5 milyon “ağıllı” qaz sayğacı alır. Bu layihəyə SOCAR tərəfindən 480 milyon dollar ayrılıb. Layihə BƏƏ-nin Esyasoft Holding şirkəti ilə birgə həyata keçiriləcək və 14 ili əhatə edəcək.
Xatırladıram ki , COP29 zamanı SOCAR və BƏƏ-nin Esyasoft Holding və Presight AI şirkətlərinin birgə müəssisəsi olan IntelliGrid arasında 14 illik əməkdaşlıq çərçivəsində yeni müqavilə imzalanıb. Bu müqavilə Azərbaycanda tam əhatəli Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqini nəzərdə tutur.
Ümumiyyətlə isə, indiyədək Azəriqaz-ın çoxsaylı sayğac əməliyyatları olub.
Gah “ağıllı” sayğacları kütləvi olaraq mexanikiyə çeviriblər, gah mexaniki-elektron sayğaclara nəsə əlavə avadanlıq və proqram təminatları quraşdırmaqla onlayna çeviriblər, gah da mobil operatorların sim-kartı ilə təmin edilən, GPRS və digər texnologiya ilə onlayn rejimdə işləyən sayğacları pilot olaraq sınaqdan keçiriblər.
Gah sayğacları xaricdən alıblar, gah da Gəncədəki yerli zavodun istehsalından istifadə ediblər.
Görünür ki, indi Azəriqazda yeni dövr başlayır.
Açıqlamalarına görə rəqəmsal şəbəkə qurmaq, qaz itkilərini azaltmaq, müştəri məmnunluğunu artırmaq və əməliyyat xərclərini optimallaşdırmaq istəyirlər. Bu məqsədlə rəqəmsal alətlərdən, süni intellek tətbiqlərdən də istifadə edəcəklər.
Düşünürəm ki, kommunal sektorda istehlakçılar üçün şəffaf, güvənli və əlçatan bir sayğac sisteminin qurulması, real vaxt rejimində istifadə monitorinqinə imkan yaradılması, real vaxtda və onlayn formada istehlak məlumatlarına asan çıxış imkanlarının yaradılması əhəmiyyətlidir və təqdirəlayiqdir.
Amma qeyd edim ki, hələlik kommunal sektorda sayğac ekosistemi ilə bağlı çox şey əvvəlki qaydadadır.
Təbii inhisar subyekti olan Azəriqaz və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
Dəfələrlə qeyd etmişik ki , təbii inhisar suyektləri üçün bütün bunların bir əldə cəmləşməsi ciddi risklər yaradır.
SOCAR –ın rəhbərliyi ilə həyata keçiriləcək bu yeni layihədən sonra Azəriqaz-da nələrin dəyişəcəyini yəqin ki zaman göstərəcək.
Hazırda isə bu ekosistemdə müsbət istiqamətdə dəyişən iki məsələ var.
Hökumət tərəfindən kommunal sektorun bütün məlumatlarının vahid informasiya sistemində, vahid şəxsi kabinetdə toplanması və email ilə bağlı işlər aparılır.
“Azərişıq”, ADSEA, “Azəriqaz” , “Azəristiliktəchizat” xidmətləri ilə bağlı məlumatların vahid mərkəzdə cəmləşdirilməsi nəzərdə tutulub.
Uzun illərdir ki bu məsələ gündəmdə olmasına, hətta Prezident tərəfindən təsdiqlənən sənədlərdə öz əksini tapmasına baxmayaraq, bu məsələ öz həllini tapa bilməyib.
Son zamanlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada, İRİA çərçivəsində bu istiqamətdə işlərin canlanması müşahidə olunur
İkinci diqqət çəkən məsələ isə ölçmə vasitələrinin -sayğacın texniki ekspertizasının artıq Azəriqaz-ın əlindən alınmasıdır.
Sayğacların metroloji yoxlaması və sertifikatlaşdırılmasını, yəni, necə deyərlər, tərəzinin düz işləməsini Azəriqaz deyil Metrologiya və Standartlaşdırma strukturu tərəfindən həyata keçiriləcək. Bu da, prinsipial dəyişiklikdir.
Amma bu müstəqillik praktikada necə təmin olunur, hansı testlər aparılıb, nəticələr ictimaiyyətə niyə təqdim olunmur – suallar hələ də açıqdır.