İkinci Dünya müharibəsindən sonra BMT yarandı, müxtəlif beynəlxalq hüquqi aktlar qəbul edildi, son dünya müharibəsinin sərhədlərlə, yeni yaranan siyasi-coğrafi reallıqlarla bağlı son qərarlarlar verildi və 1975-ci ildə Helsinki yekun aktı ilə tam rəsmiləşdi …. amma işlədi.
İnsanlıq tarixi daim müharibələr, yaranan və çökən imperiyalar, sərhədlərin tez-tez dəyişməsi hekayələri ilə doludur – yəni, sərhədlərin toxunulmazlığı anlayışı 1945-ci ildən sonra, tarixi zaman baxımından “dünən” qəbul edildi, 20-ci əsrə qədər sərhədləri güc, ordu və ittifaqlar müəyyən edirdi. BMT yaranandan sonra formal olaraq sərhədlər toxunulmaz elan edilsə də, onlarla dəfə bu qayda pozuldu, yeni ölkələr, dövlətlər yarandı, İmperiyalar çökdü, müharibələr dayanmadan davam etdi. Sadəcə, nüvə silahının meydana çıxması klassik müharibə anlayışını dəyişdi, “proksi” müharibələr, lokal toqquşmalar şəklində Dünya müharibəsi davam etdi. Yəni, 1945-ci ildən bu günə hələ də Üçüncü Dünya müharibəsi gedir, bu işin sonu görünmür.
Yaxşı, böyük müharibələr nə zaman baş verir? Bəli, özündən öncəki müharibənin nəticəsi böyük toplumlar üşün ədalətsizlik hissi yaradanda – bu həmişə belə olub. Regional müharibələr nə zaman olur? Bəli, sərhədlərin bilərəkdən ədalətsizcəsinə müəyyən edilməsi buna rəvac verir.
Xub, bəs sərhədlərin ədalətli çəkilməsi, toplumları tam qane edən sərhədlərin yaranması mümkündürmü? Təəssüf ki, yox. Yaxşı, o zaman bu problemin yumşaq həlli yolu nədir? Məsələn, Avropa Birliyi modeli, sərhədlərin simvolik olması, ümümi oyun qaydaları və ümumi bazarın formalaşması.
AB modeli ideya olaraq möhtəşəm idi, Avropada, insanlıq tarixində ən çox müharibələrə və vəhşi qırğınlara səhnə olmuş Qitədə sülh və ədalət hissini, yüksək ölçüdə bərpa edə bildi. Amma, sonra AB yavaş-yavaş “solaxaylaşdı”, aşırı tənzimləmə, SSRİ kimi davranışlar artdı, iqtisadi azadlıqlar tənzimləmə adlı “əjdahaya” addım-addım yem edildi. Amma, yenə də ciddi islahatlar aparılsa, AB modeli “sərhəd və ədalət” nisbətinin ən uyğun modelidir.
AB modelinin dünyanın başqa bölgələrində tədbiqi mümkündürmü? Bəli, mümkündür, amma, çox çətindir. Təəssüf ki, dünyanın başğa bölgələrində AB modelinə çatmaq üçün hələ çox qırğınlar olacaq, lokal müharibələr artacaq – ya da, 10-12 “ağsaqqal” ölkə, fraqmental dünyanən yeni lider dövlətləri, maksimal dərəcədə ədalətli ola, ən azı, 70-80% əhalini qane edə biləcək yeni regional inteqrasiya birlikləri üzrə anlaşmalıdırlar.
Bu gün Suriyada baş verən faciə, İsrailin hüquq tanımaz davranışları, Liviyadakı xaos, İraqdakı de-facto bir neçə hökumətin formalaşması, Yəmənin, Sudanın iki yerə bölünməsi, İrandakı siyasi rejim, bölünmüş Koreya yarmadası, həllini gözləyən Tayvan məsələsi, Latın Amerikasında ABŞ qorxusu olmasa hamının bir-birinə müharibə etmək potensialının olması, Rusiyanın işğalçı, bütün hüquq və məntiqi çeynəməsi, silah gücü ilə yeni sərhədləe yaratması cəhdi – bütün bunlar həlli müşkül məsələlərdir. Hamısı ya davam edən müharibələr coğrafiyasıdır, ya da, içində güclü potensial toqquşmalar daşıyan barıt çəlləkləridir.
Afrika, Yaxınn Şərq, Latin Amerikası, Asiyanın böyük bir hissəsi – bütün bu bölgələrdə sərhədlər süni yaranıb və xətkeşlə çəkilib. Hər yerdə “Sykes–Picot” izi (bu gün, məsələn, Suriyada qırğlnların təməlini 1916-cı ildə bu iki şəxs öz xətkeçləri ilə qoyublar), yanaşması var. İndi iki çıxış yolu qalıb – ya Avropanın əvvəldən getdiyi yolla bu bölgələr gedəcək, onillərlə bir-birini qırıb, sərhədləri qanla yazıb, sonra yenidən anlaşıb intiqrasi modelləri quracaqlar, ya da, ağıl, məntiq, insansevərlik qalib gəlsə, Avropanın qanlı yolundan dərs çıxarıb elə həmən yeni inteqrasiya modellərinə keçid edəcəklər. Amma bu modellər AB-nin “solaxay” modellərini də örnək almamalı, işlək, iqtisadi azadlıqları öndə tutan, hamını qazandıran modellər olmalıdır.
Bunun üçün isə yeni “oyun qaydalarını” müəyyən edəcək böyük bir görüşə, toplantıya, müzakirəyə ehtiyac var. Fraqmentallaşan dünyanın 10-12 lider dövləti bir araya gəlməli, qapılar bağlanmalı, lazım gəlsə dayanmadan günlərlə müzakirələr getməli, razılaşma əldə edildikdən sonra isə bu anlaşması pozan istənilən dövlətə qarşı həmin 10-12 ölkə birgə cəza tərbirləri görəcəyini bəyan etməlidirlər. Bu ölkələr arasında mütləq Türkiyə olmalıdır, olacaq da…