Böhtan işinə görə 16 ay sürən məhkəmədən sonra iddiamı təmin etməyən hakim Mehriban Əfəndizadə qətnaməsində yazır ki, barəmdə hüquq-mühafizə orqanlarının qeyri-rəsmi ruporu sayılan media strukturunda yayılan şər, böhtana, qarayaxmaya, ləkələnməyə dözümlülük nümayiş etdirməliyəm. Amma bunu unutmayın ki, qərar ləyaqətin ayaqlar altına atıldığı hansısa bordel adından deyil, Azərbaycan məhkəməsi adından verilib.
Elə mən də, hörmətli hakim, nə İsa peyğəmbərəm, nə də afinalı Perikl!
Tarixçilər belə rəvayət edirlər ki, təqribən 2500 il bundan qabaq şəhər meydanında qurulmuş Xalq forumunda qurumsağının biri Afinaya strateq vəzifəsində başçılıq edən Periklə, necə deyərlər, dişinin dibindən çıxanı yorulub usanmadan yağdırır. Periklsə heç keyfini pozmadan işini davam etdirir, axşam evinə yola düşür. Onun arxasınca gələn həmin bu heyvərə təhqirə ara vermir. Evinə daxil olmazdan qabaq Perikl qulluqçusuna tapşırır ki, şakıdanı götürüb qaranlıq küçələrdə bu nadürüstü evinədək ötürsün.
Mənsə nə Perikl kimi, nə də elə Nərimanov Rayon Məhkəməsinin hakimi kimi dövlət vəzifəsi tutan birisiyəm ki, böhtana gözümü və qulağımı yumam.
Qətnamədə yazılır:
“Məhkəmə bir daha vurğulayır ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı, fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Yəni, ifadə edilmiş tənqidi fikirlər bir fərdin inkişafına dəstək olduğu kimi, həmin şəxsdən belə fikirlərə dözümlülük nümayiş etdirməsini tələb edir ki, qeyd olunan bu hal vəzifəli şəxs kimi iddiaçının özünə də aid edilməlidir. Çünki, belə fikirlər xoş məramdan, ümumi və ya ictimai maraqlardan irəli gələ bilər”.
Məhkəmə qərarından gətirdiyim bu iqtibasda göstərilən halların konkret olaraq “fikri ifadə etmək azadlığı”, “demokratik cəmiyyət”, “fərdi fikirlərə münasibətdə dözümlülük”, “demokratik siyasi sistem”, eləcə də “tənqidi fikirlər”, “tənqidi fikirlərə dözümlülük”, “vəzifəli şəxs”, “belə fikirlərin xoş məramdan, ümumi və ya ictimai maraqlardan irəli gələ bilməsi” – bunların heç biri müasir Azərbaycanın siyasi sisteminə, müdafiə olunan hüquq və azadlıqlara, “Qafqazinfo.az” xəbər saytında yayınlanmış və mübahisələndirilən materialdakı faktoloji hallara, materialın ümumi məramına və iddiaçının sosial statusuna – jurnalist fəaliyyəti – uyğun gəlir.
Qətnamənin obyektinin təhlilinə keçirəm.