İKTA-nın növbəti absurd açıqlamasına rast gəldim. İndi də qurum özünün müəyyən etdiyi modemlərin – 5 Ghz modemlərin ölkəyə girişinə icazə verilməsini istəyir. 2.4 GHz modemlərin ölkəyə buraxılmaması üçün Dövlət Gömrük Komitəsi ilə danışıqlar apardığını bildiriblər.
Vallah məəttəl qalıram bu quruma.
Hardan tapırlar belə absurd yanaşmaları, anlamıram.
Hələlik görünən budur ki, bu tənzimləyici qurum üçün sərbəst və azad bazar siyasəti, istehlakçıların hüquqlarının qorunması, rəqabətli mühitin formalaşması, liberal bazar prinsipləri prioritet deyil.
Ötən günlər provayderlərə göstəriş veriblər ki, “qazı basın”, yəni vətəndaş üçün lazım olsa da , olmasa da internetin sürətini qaldırın, təbii ki onlar da paralel tariflərin də “qazını” qaldıracaqlar.
İndi də İKTA vətəndaşlar üçün, provayderlər və İT şirkətlər üçün – yalnız “məcburi modem” prinsiplərini müəyyən etməyə çalışır.
Halbuki dünyada həm 2.4 GHz, həm də 5 GHz cihazlar paralel istifadə olunur – istifadəçinin büdcəsinə və ehtiyacına uyğun olaraq. Heç bir ölkədə “2.4 GHz qadağandır” yanaşması tətbiq edilmir. Əksinə, maarifləndirmə ilə seçim azadlığı qorunur.
Amma İKTA deyir ki texnologiya, avadanlıq və sürət seçimlərini özüm edəcəyəm.
Fikrimcə , əgər İKTA həqiqətən də yeni texnologiyaların tətbiqini istəyirsə onda bunu inzibati yolla deyil, maarifləndirmə və təşviq yolu ilə etməlidir.
Mənasız müsabiqələr təşkil etməkdənsə bu istiqamətdə media ilə əməkdaşlıq edə bilər, təqdimatalr və media kampaniyalar təşkil edə bilər. Provayderlər, vətəndaş cəmiyyətləri, texniki ekspertlərlə ictimai müzakirələr təşkil edə bilər.
İKTA-nın hazırda sektorda diqqət yetirəcəyi xeyli aktual məsələlər , xeyli problemlər var.
Ölkədə keyfiyyətli internet infrasturkturu qurulandan sonra yaranan yeni mühit ciddi tənzimlənmə tələb edir. Vətəndaşların dövlət provayderi , AzTelekom-la ciddi problemləri var. İnternet xidmətinin göstərilməsi ilə bağlı vətəndaşlarla bağlanan məcburi müqavilələr, əsassız cərimələr, Aztelekom-un konkret şirkətlərə aid olan modemlərdən istifadəsini məcbur edən müqavilələr İKTA hüquqşünasları tərəfindən araşdırılmalıdır.
Düşünürəm ki , İKTA-nın provayderlərə münasibətdə internetin sürəti üçün “qazı basın” yanaşmasından sonra, vətəndaş və biznes üçün “məcburi modem” yanaşması da qüsurludur.
Bu, bazar prinsiplərinə zidd, texnoloji seçim azadlığını məhdudlaşdıran bir yanaşmadır.
Nəticədə qiymətlər yenidən artacaq, vətəndaş daha çox ziyana düşəcək və alternativsiz qalacaq.