32 C
Bakı
17 İyul 2025 16:00
CəmiyyətHadisəMaraqlıQalmaqalŞikayət

Məhbuslara xərclənməli olan vəsaitlər kimlərin istirahətinə sərf olunub ?

Təcridxananın məhbus işçisi kameralardan götürdüyü əti hər tərəfi çürümüş, əldən düşmüş “Çinar” soyuducusunun buzdan keçilməz olan səmtinə güclə pərçim edib, kənarda duran qapısını qucağına alıb birtəhər ağzını bağlayır. Qadın işçi kənara çəkilib xeyli baxır ki, soyuducunun çürümüş qapısı yerə düşsə, bir də qucağına alıb yerinə taxsın.

Bakı İstintaq Təcridxanasının 196 milyondan ona düşən yay görüntüsü belə başlayır. Niyə 196 milyon manat? Çünki bu il dövlət büdcəsindən Penitensiar Xidmətə bu qədər vəsait ayrılıb – 196 milyon 864 min 793 manat.

Bu pulun təcridxanadakı izinin axtarışına çıxdıq.

“Qurban olum, gör, neyləyirsən”

Başlayaq qadın korpusunda cəza çəkən 153 nəfərin ərzağını yerləşdirməsi üçün ayrılan soyuducu bölümündən.

Təcridxanada keyfiyyətli qida verilmədiyindən məhbuslar bunu ailələrindən istəyir. Həftədə bir dəfə görüş hüququ olan məhbuslar ailələrinin gətirdiyi məhsulları həftəlik saxlanılması üçün soyuduculara göndərirlər. 153 nəfərin ərzağı, suyu üçün cəmi 9 soyuducu ayrılıb. Onlardan birini, daha işlək olanını məhbuslar özləri alıb. Biri ümumiyyətlə işləmir. Soyuduculardan dördü üzərində Sovet izləri daşıyır. Sovet istehsalı olan, hər yeri çürümüş balaca soyuducular ərzaqları soyudunca tez-tez xarab olurlar.

“Qurban olum, gör, neyləyirsən” – bu, ərzağını soyuducuya yerləşdirmək istəyən, amma yer olmadığını eşidən məhbusun işçidən acizanə xahişidir. Üst-üstə qalaqlanan, əzilən ərzaqlardan soyuducuların qapıları güclə bağlanır. Məhbus işçi bu xahişlərdən keçə bilməyib ərzağı götürəndə onu hara yerləşdirəcəyi ilə bağlı uzun-uzadı düşünür. Bütün soyuducuları açıb ələk-vələk edir, axırda kiminsə ərzağını bir müddət kənara qoyur ki, onun donu açılana qədər yeni gətirdiyi soyusun.

Məhbus işçi ilə həbs edilmiş şəxslər arasında tez-tez mübahisə düşür. Səbəb də ailələrinin əziyyətlə onlara alıb gətirdiyi ərzaqların xarab olmasıdır. Qadın işçi and-aman edir ki, onluq deyil, soyuducular azdır, üstəlik də nasazdır deyə ərzaqlar xarab olur. İki məhbusun getdikcə yüksələn söz davasını təcridxana işçiləri tamaşaya baxırmış kimi izləyirlər. Qurban tapılıb – məhbus işçi. Hamı ilə üz-göz olan da odur, cavabdeh, sakitləşdirən də. Sanki burada onlarlıq bir iş yoxdur.

Təcridxana məhbusların ehtiyacları üzrə avadanlıqla təmin olunmalıdır. 196 milyon manatın içində bu xərclər də yer alır. Amma sonuncu dəfə korpusa nə vaxt yeni soyuducu alındığını heç kim xatırlamır. Bircə onu deyirlər ki, bu problem həmişə olub.

Soyuducu çatışmazlığı ilə bağlı şikayətlərin həllini rəis müavini Əhəd Abdıyev “tapıb”. Tapşırıb ki, soyuduculara qaz vurulsun, ondan sonra yaxşı işləyəcəklər. Amma soyuduculara qaz vurulanda, qapılarının düşməyəcəyinə heç kim zəmanət vermir.

Soyuducuda sərin su tapmayan məhbus kamerasında sərin hava tapmağa ümid edir. Di gəl ki, adam sayına uyğun sərinkeş verilmir. Məsələn, 11 nəfərin saxlanıldığı 41-ci kamerada cəmi 3 sərinkeş var və onları da məhbuslar öz vəsaitləri ilə alıblar. Təcridxana onlara sərinkeş verməyib. 11 nəfərin saxlanıldığı 46-cı kamerada cəmi 4 sərinkeş var ki, onlardan birini məhbuslar özü alıb, üçünü müəssisə verib. 10 nəfərin saxlanıldığı 33-cü kamerada cəmi iki sərinkeş var ki, onlardan birini məhbuslar təcridxananın mağazasından 40 manata alıblar. Müəssisə 10 nəfərə cəmi 1 sərinkeş verib. Bu kamerada saxlanılanlardan biri hamilə qadındır. 10 nəfər üçün nəzərdə tutulan 71-ci kamerada 12 nəfər saxlanılır. İki nəfər yerdə yatır. 12 nəfərin 3 sərinkeşi var, üçünü də özləri alıb. Müəssisə heç nə verməyib. 53-cü kamerada 11 nəfərə 3 sərinkeş var. Məhbuslar deyir ki, otağın keçmiş dustaqlarından qalıb. 11 nəfərlik 48-ci kamerada 4 sərinkeş, 10 nəfərlik 54-cü kamerada 3 sərinkeş, 8 nəfərlik 38-ci kamerada 4 sərinkeş var. Bunların hamısını dustaqlar ya özləri alıb, ya da əvvəl olan dustaqlardan qalıb. Yəni, müəssisə özü verməyib.

Siyahını uzatmaq olar, amma mənzərə aydın olsun deyə sizə bir neçə nümunə göstərdik.

“Ventilyator” çatışmazlığı və xlor qoxulu su

Yaxınlarda nəzarətçi məhbus işçi ilə bir-bir kameralara girib “neçə “ventilyatorunuz” (red.: sərinkeş) var?”, – deyə soruşdu. Məhbuslar sevindilər ki, onların ehtiyaclarını nəzərə alıb yeni sərinkeşlər verəcəklər. Amma sonra məlum oldu ki, köhnə, sınıq-salxaq sərinkeşlər yığılıb düzəldiləcək, siyahı da ona görə imiş. Məhbusların bu yay rahat nəfəs alacaqları ilə bağlı ümidləri də beləcə suya düşmüş oldu. Çünki təcridxanada havalandırma və soyutma sistemi olmadığına görə, sərinkeşlərin hesabına nəfəs almaq mümkün olur. Təcridxana tikiləndə korrupsiyaya yol verilib deyə havalandırma sistemi yoxdur. Daha sonra təcridxanaya rəhbərlik edənlər bu problemin həllində istəkli olmayıblar.

Məhbuslar iki qarış nəfəsliyin və dörd bir yandan bağlı, üstü tikanlı məftillərlə örtülü gəzinti yerlərinə açılan pəncərələrdən içəri dolacaq havaya ümid bağlayırlar. Səhər saat 11-dən axşam 5-ə qədər günün şığıdığı otaqlarda nəfəs almaq çətinləşir. Otaqlardakı bürküdən, havasızlıqdan xəstəliyi olan məhbuslar daha çox əziyyət çəkirlər. Təzyiqi, şəkərli diabeti, ürək-damar problemi olanlar bu fəsli ağır keçirirlər. Heç bir ixtisaslı həkimin olmadığı təcridxanada gərəkli müalicə də ala bilmirlər.

İsti havada sərinlənmək üçün yuyunmaq istəyən məhbuslar su da tapa bilmirlər. Qışda gün ərzində 3 saat soyuq su verilsə də, yayda bu, 2 saata endirilib. Su gələndə bu vaxt gün boyu boşaldılan qabların doldurulmasına sərf olunur. Su qabları onsuz da darkeş olan otaqların yarısını tutur.

Verilən su içmək üçün uyğun deyil, xlor qoxusu verir. Suyun doldurulduğu çənlərin sonuncu dəfə nə vaxt təmizləndiyi də təcridxana sakinlərinə məlum deyil.

Qadın korpusuna isti su həftədə cəmi 2 dəfə, ümumilikdə 5 saat verilir. 10,11,12 nəfərlik kameralarda bu müddət ərzində çatdırıb çimmək üçün qadınlar hamama iki-iki girməyə məcbur qalırlar.

Duş almaq üçün suyun istiliyi də heç vaxt normal temperaturda olmur. Ya əlini yandıracaq qədər isti, ya da titrədəcək qədər soyuq olur. Bu vaxt nəfəsliklərdən suyun temperaturunun normallaşdırılmasını istəyən məhbusların səsi su kəsilənə yaxın nəzərə alınır.

Bəzi kameralarda ümumiyyətlə duş sistemi yoxdur. Çimmək üçün ya dizini yerə atıb kranın altında yuyunmalısan, ya da vanna qoyub balaca qabla çimməlisən. Hamam üçün lazım olan avadanlıqlar təcridxanada qəhətə çəkilib.

Yuyunmaq, qabları yumaq üçün gündəlik isti suya ehtiyacı olan məhbusların əksəriyyətinə su qızdırıcı verilmir. Onları elektrik çaydanlarda su qızdırıb yuyurlar. Tez-tez istifadə olunduğundan çaydanlar xarab olur və yenə məhbusların hesabına yeniləri alınır.

Daha bir həll yolu 20 litrlik su qablarını gəzinti yerinə qoyub günün istisində qızmasını gözləməkdir. Amma bu suları hər dəfə otaqdan gəzinti yerinə daşıdıqdan sonra məhbuslarda bel ağrıları yaranır.

Su çatışmazlığı yaşanan təcridxanada həm də təmizlik vasitələri verilmir. Bu barədə də məhbuslar ailələrinin ümidinə buraxılırlar.

Təcridxanada saxlanılan qadınlar idarəçilərdən normal havalandırma, soyuducu, gündəlik daha çox su verilməsini istəyəndə onların bir cavabı olur: “Bura təcridxanadır, istirahət mərkəzi deyil”.

Halbuki son 5 ildə məhbusların qidalanması, normal şəraitdə saxlanılması da daxil olmaqla dövlət büdcəsindən Penitensiar Xidmətə 837 milyon manat ayrılıb. Qadın korpusunda bu pulun izi-tozunu tapa bilmədik.

Hesablama Palatası Penitensiar Xidmətin müəssisələrində audit aparsa, məlum olar ki, məhbuslara xərclənməli olan vəsaitlər kimlərin istirahətinə sərf olunub.

 

Müəlliflər: Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova

Tacxeber.com

Oxşar xəbərlər

Cinsi qısnamaya məruz qalmış 11 yaşlı şagird barədə məktəbdən – AÇIQLAMA – VİDEO/YENİLƏNDİ

redaktor

Əhali arasında yeni virus yayılıb – XƏBƏRDARLIQ

redaktor

Qənirə Ataşovadan Səhiyyə Nazirliyinin siyahısına reaksiya: Kimlərə haqsızlıq olundu?

redaktor