28 C
Bakı
01 Avqust 2025 00:50
CəmiyyətGündəmHadisəQalmaqalŞikayətSiyasət

Azərbaycan mətbuatının 150 illik yubileyi: Azad sözün yas mərasimi

22 iyul 2025-ci ildə Azərbaycan mətbuatının 150 illik yubileyi rəsmi səviyyədə təntənəli şəkildə qeyd olunacaq. Hökumət təqdirnamələr, mərasimlər və simvolik nitqlərlə medianın keçdiyi yolu “qürurla” xatırlayacaq. Lakin bu parlaq vitrin arxasında, mətbuatın real siması, azad sözün boğulduğu, vicdanlı jurnalistlərin zindanlara atıldığı bir ölkə dayanır.

Bu gün Azərbaycanda 30-dan çox jurnalist həbsdədir. Onlar oğru və qatillər deyil, onlar həqiqəti yazdıqları, haqsızlığa susmadıqları üçün hədəf alınıblar. Onlar bizim söz azadlığımızın son qalan cəbhəçiləridir.

Həsən bəy Zərdabi bu gün yaşasaydı, yəqin ki, “dövlətə qarşı çıxışlar”, “milli nifrət yaymaq” və ya “qrantlarla dövlətçiliyi sarsıtmaq” kimi saxta ittihamlarla 20 ildən artıq həbs cəzasına məhkum edilərdi. Çünki o da dövrünün haqsızlıqlarına qarşı qələm çəkən idi, elə bu gün həbsdə olanlar kimi.

Azərbaycanda mətbuat azadlığı uzun müddətdir ki, süni nəfəs aparatına qoşulub. Senzura hər addımda hiss olunur. Redaksiyalar qorxu ilə yazır, müstəqil jurnalistlər isə ya sürgündədir, ya da türmədə. Medianın işığı sönür, səslər susdurulur, ekranlar qaranlığa bürünür.

Bu yubiley bir bayram deyil.Bu, azad sözün yas mərasimidir.

375-dən çox siyasi məhbusun, onlarla müstəqil jurnalistin zindanda olduğu ölkədə mətbuatın “inkişafı”ndan danışmaq, gerçəkliyə təhqirdir. Əslində bu “yubiley” deyil, cəsarətli sözlərin, müstəqil fikrin dəfn mərasimidir.

Əgər Azərbaycan mətbuatının 150 illik tarixini qeyd ediriksə, bu tarixə ləkə salan repressiyaları da yadda saxlamalıyıq. Yoxsa, biz yalnız tarixin skeletlərini bayraq edib, canlı ruhunu, azad sözü, qəbirə göməcəyik.

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə “seçki davası” – Ölü və yaralılar var

admin

Navalninin cənazəsi nə üçün təhvil verilmir? – Qorxurlar ki…

admin

14 yaşlı qız 6 yaşlı qardaşını sosial şəbəkədən aldığı göstərişlə ÖLDÜRDÜ

redaktor