Əliyev dayanıb, Putin dirənib. Bu gün yenə də azərbaycanlılar həbs olunub. Polis işçisidir, Rusiya vətəndaşıdır. Korrupsiya adı ilə həbs olunub, amma aydındır ki, etnik kimliyinə görə. Eyni zamanda başqa vilayətdə də ticarət-filanla məşğul olan azərbaycanlılar həbs edilib.
Biz Əliyevin xarici ölkələrlə atışmasını çox görmüşük. Almaniya, Fransa, ABŞ, Lüksemburq və sairə və ilaxır. Bunlar demokratik ölkələrdir. Adətən bunlarla atışmada Əliyev taktiki qalibiyyət qazanır, yəni həmin demokratik ölkələri dəyərləriini maraqlarına müvəqqəti də olsa, güzəştə getməyə vadar edə bilir. Amma dediyim kimi bunlar taktiki məsələdir. O ölkələrin strateji nöqteyi-nəzərdən dəyərlərindən imtina edə bilmək kimi bir lüksü yoxdur. Ona görə gec-tez münasibətlərdə dəyərlər müstəvisində Əliyevlə münasibətlərinin korlanacağı qaçılmazdır.
Tamamilə fərqli vəziyyət Əliyevin avtoritar liderlərlə toqquşmasında baş verir. Təbii ki, yenə də hamısında deyil, adətən.
Məsələn, Əliyev Arxadağla, Ərdoğanla, indi də Putinlə kəllə-kəlləyə gəlir. Lakin demokratik ölkələrlə toqquşmasından fərqli olaraq, Əliyev avtoritarlarla qarşıdurmaya tab gətirmir, geri çəkilir.
Arxadağla bir müddət pomidor davası edəndən sonra Gülyanaq “Arxadağım” mahnısı oxuyur. Türkmənistanın hökumət rəhbərlərindən biri min cür yalvar-yaxarla Azərbaycana dəvət olunur.
Ərdoğana qarşı da kampaniya başladandan, nə bilim CHP yetkililəri ilə yaxınlaşmadan, İtaliyadan barmaq silkələyəndən sonra, onun da könlünü almaq üçün dəfələrlə Türkiyəyə getdilər, min cür dil-ağız, başqa şeylər etdilər. Axırı o da yumşaldı, təbii ki, öz şərtləri ilə.
İndi də görünən odur ki, bizimkilər Putinlə qızışmış kəllə-kəllə söhbətinə son qoymaq istəyirlər, amma o dayanmır, üstəgəl, deyəsən söhbətə, təzyiqi artırmaq üçün Lukaşenkonu da qoşmaq istəyir.
Təbii ki, indi Əliyev hökuməti vəziyyəti yumşaltmaq üçün qapı arxasında min dənə şey edəcək. Məncə Putin də özünün vəziyyəti xiyar olduğu üçün uzadıb-uzadıb, sonra qəbul edəcək, təbii ki, müəyyən konsessiyalarla. Lakin burada problem olan odur ki, Putin nə Arxadağ, nə də Ərdoğan kimi strateji olaraq Əliyevə yaxın deyil. Başqa sözlə, Allah eləməmiş, imkan düşsə, Putin düşmən kimi baxdığı Azərbaycandan və Əliyevdən qisasını alacaq.
Əliyev uzun müddət siyasətini balans üzərində qurub, yəni iki qüvvə arasında var-gəl edib. Bunu Azərbaycanın yox, onun özünün hakimiyyətini qorumaq maraqları zəruri edib, Hər iki tərəflə də yaxşı münasibətlər görüntüsü yarada bilib. Amma hazırda heç biri ilə hərtərəfli yaxşı münasibəti yoxdur. Belə şəraitdə isə, adətən balans saxlamaq çətindir. Ya hər ikisindən uzaqlaşlb, qapanmalısan, bu isə ölkənin iqtisadi cəhətdən tamamilə çökməsi deməkdir. Tarixdə belə nümunələr var. Ya da iki tərəfdən birini seçməlisən. Bu isə seçimdən asılı olaraq, ya Azərbaycanı, ya da qurduğu sistemi təhlükə altına atmaqdır. Başqa sözlə, Əliyev heç vaxt olmadığı kimi böhranla üz-üzədir.
Təbii ki, bir nəzəri mümkün variant Rusiyanı Çinlə əvəzləməkdir. Amma bu ayrı söhbətdir ki, mən şəxsən mümkünlüyünə inanmıram.