Son illər Azərbaycanın həlli vacib olan ictimai məsələləri sırasında aktuallığı qətiyyən azalmayan problemlərdən biri də erkən nikahların statistikasında dinamikanın azalmamasıdır. Bu istiqamətdə istər dövlət səviyyəsində həyata keçirilən tədbirlər, istərsə də vətəndaş cəmiyyəti subyektləri tərəfindən görülən işlər övladlarını yetkinlik yaşına çatmadan evləndirməkdə israrlı olan bir çox valideynləri dayandıra bilmir. Nəticədə hər il ölkə üzrə erkən nikahların sayı artıq onlarla deyil, yüzlərlə ifadə olunur.
Araşdırmalara görə, dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada – Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar.
Azərbaycan qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva açıqlamasında onları narahat edən problemlərdən birinin məhz erkən, qohumlar arasında bağlanan nikahlar olduğunu vurğulayıb.
Onun sözlərinə görə, erkən nikahların sayının azalmasına, çalışılmasına, bunun üçün maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, Azərbaycanda erkən nikah hələ də aktual problemlərdən biri olaraq qalır.
Aynur Sofiyevanın sözlərinə görə, erkən nikahların baş verməsi qızların təhsildən yayınmasına, bir çox hallarda ailələrdə münaqişələrə, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Aynur Sofiyeva bildirib ki, dövlət komitəsi tərəfindən layihəsi hazırlanan və Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiqlənən “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası bu istiqamətdə görülən işlərə təkan verir.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, müsəlman dövlətlərində bu problem qabarıq şəkildə nəzərə çarpır. Deputat hesab edir ki, bir sıra hallarda erkən nikahlar dini kəbinlə pərdələnir. Bu isə ciddi məsələdir.
“Hazırda ölkəmizdə yalnız müvafiq icra orqanlarında bağlanılan nikahlar qanuni sayılır, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır.
Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir və bütün məsələlərin həlli qanunvericilikdə öz əksini tapıb. Deputat hesab edir ki rəsmi nikahı olmadan dini kəbinin kəsilməsi yolverilməzdir.
C.Məmmədov bildirib ki, erkən nikah probelmində məsuliyyəti eyni zamanda valideynlər daşıyır. Qızların təhsildən uzaqlaşdırılması, ərə verilməsinin fəsadları isə illər sonra özünü büruzə verir. Deputatın fikrincə, belə hallarda əlaqədar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir.
“Erkən nikahın fəsadlarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri mütəmadi keçirilməli, sosial-psixoloji dəstəyə ehtiyacı olan qız uşaqlarına diqqət daha da artırılmalı və onların cəmiyyətə adaptasiya olunması yolunda səylər gücləndirilməlidir”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.