20 C
Bakı
11 İyul 2025 09:36
CəmiyyətHadisəTəhsil

Uzun müddət bizim görüş yerlərindən biri də İçərişəhərdə Qala divarı ilə üzbəüz yeraltı hamam idi.

Böyük ziyalı, böyük alim və yorulmaz maarifçi Rəhman Bədəlov 89 yaşında bu dünyadan köçdü. Onun “Ölüm hikməti”, ölüm müdrikliyi adlı bir kitabı vardı. Yazdığı kimi ölümü də müdriklik örnəyi oldu.

Çoxdan tanıyırdım Rəhman müəllimi. Şəxsən tanış olmazdan əvvəl yazıları ilə tanış olmuşdum. Bir zamanlar dövrün yenilik axtaran gənclərindən biri kimi “Ədəbiyyat və incəsənət” qəzetində, “Qobustan” və digər jurnallarda, bəzi rus dilli mətbuat orqanlarında fəlsəfə, kino, incəsənətin digər sahələri ilə bağlı çox maraqlı yazıları çıxırdı.

Sonralar şəxsi tanışlığımız yarandı. “Turan” Agentliyində, “Azadlıq” qəzetinin redaksiyasında tez-tez görüşürdük. Toğrul Cuvarlının evində Rəhman bəy, Əli Abbasovla birlikdə yaddaqalan müzakirələrimiz olmuşdu. Uzun müddət bizim görüş yerlərindən biri də İçərişəhərdə XVII əsrdə inşa edilmiş Qala divarı ilə üzbəüz yeraltı hamam idi.

Bir neçə il biz həftənin Cümə axşamı Rəhman müəllim, böyük bəstəkar Xəyyam Mirzəzadə ilə orada görüşüb buxarlanır (parlanır) və çay süfrəsi arxasında söhbətləşirdik. Rəhman müəllimin sadə, səmimi, müdrik, düşündürücü söhbətləri, Xəyyam müəllimin musiqi və sənət haqqında fikir və mülahizələri (əlbəttə yumorla birlikdə) əbədi olaraq yaddaşıma həkk olunub.

Bəzən gülməli hadisələr də olurdu. Xəyyam müəllim İrana gedəndə bizə oradan kisə gətirmişdi. Cod, qalın, qaba bir kisə idi. Rəhman müəllim dedi ki, Xəyyam bununla bütün respublikanın kirini çıxarmaq olar. Hamımız gülüşdük. Bir dəfə də biz həmin o çay süfrəsi arxasında çox ciddi bir məsələni müzakirə edəndə kisəçi Ələsgər yaxınlaşıb dedi ki, dünən Prezident Aparatından bir nəfər gəlmişdi. Ona elə kisə çəkdim ki, kostyumu əyninə böyük qaldı.

Rəhman müəllim daim axtarışda idi. O axtarışlar zamanı tapdığı ən böyük tapıntı “Zərdablı adam” idi. Ömrünün son bir neçə ilini o, bu “Zərdablı adamın” həyat və düşüncələrinin, xalqın milli və mənəvi həyatında Həsən bəyin böyük missiyasının öyrənilməsinə həsr etdi.

Çoxlu müzakirələrimiz olmuşdu Azərbaycan ictimai fikrində Həsən bəyin rolu barədə. Rəhman Bədəlov Həsən bəydən danışanda xəyalən qayıdırdı onun dövrünə, onun müasiri kimi danışırdı. Onun içində Zərdabiyə tükənməz bir sevgi vardı. Milli irsə bu sevgini o, Əhməd Ağaoğlunun “Qanun” Nəşrlər evində çap olunan “Sərbəst insanlar ölkəsində” kitabına yazdığı “Sərbəst düşüncəli insan” adlı ön sözündə də ifadə etmişdi.

Mirzə Cəlil, Həmidə xanımla bağlı da özü demiş kreativ görüşləri vardı. Onun Mirzə Cəlilin Həmidə xanımla tanışlıq hekayəsi söhbəti öz səmimiliyi ilə adamı sehrinə salırdı. Onun milli irs haqqında söhbətlərinin sevgi yükü çox böyük idi.

Rəhman Bədəlov gənclərlə işləməyi çox sevirdi. Sanki bunu gələcək nəsillər qarşısında borcu hesab edirdi. Bir zamanlar bizim onunla “Azad Fikir Universiteti”ndə silsilə mühazirələrimiz olmuşdu. Ömrünün sonuna qədər o, bu “borcu”, gənclər arasında maarifçilik işini böyük həvəslə davam etdirdi. Bu onun böyük missiyası idi və o, bu missiyanı şərəflə yerinə yetirdi.

Bu çəlimsiz, sadə və səmimi adam sözün tam mənasında ölkənin mədəniyyət xəzinəsi idi. Kino tənqidçisi kimi təkrarsız idi. Rütəm İbrahimbəyovla sözhbətlərdə Rüstəm müəllim deyirdi ki, Rəhman Bədəlov bu ölkədə kino sənətini peşəkarcasına təhlil etmək imkanlarına malik çox az kinoşünaslardan biridir. Bir vaxtlar o, bu sahədə hətta ümumittifaq mətbuatına da çıxa bilirdi.

O, Zərdabidən, Axundovdan, Əhməd Ağaoğlundan, Mirzə Cəlildən yaza-yaza, danışa-danışa özü də onlardan birinə, o böyük nəslin tarixi davamçısına, mənəvi varisinə çevrilmişdi. Ruhun şad olsun sadə insan, böyük ziyalı, ölkənin vicdan meyarlarından biri.

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Su-kanalizasiya sistemlərinə qoşulma üçün tariflər təsdiqləndi

redaktor

Tramp “İranı vur” əmrini görün haradan verib

redaktor

Çaynikdə Qalan Çayı Atmayın! Hər Dərdə Dərmandır

redaktor