24 C
Bakı
06 İyul 2025 09:33
MaraqlıPlanetTarix

İnsan dünyaya uşaq gətirməlidirmi? – Mete Türksoy

İnsan dünyaya uşaq gətirməlidirmi? – (ontolojik-epistemolojik-metafizik düşüncələr)

Öncəliklə fikrim budur ki yox. Çünki həyat fanidir. Ölümlüdür. Burada xoşbəxt, ya da bədbəxt olmağından asılı olmayaraq sonu ölümdürsə, demək mənasızdır.

Və sən bilə-bilə ki sonu ölümdür, ölümlü olan bir canlı yaradır, digər sözlə öz övladını, özündən bir parçanı bu ölüm oyununun içinə atırsan, bu bir növ uşağı ölümə tərk etməkdir.

Hələ mən danışmıram insanın mənəvi maddi iztirabları əzablarından. İnsan çabalayır ki, illərlə əziyyət çəkir ki, yaşasın, insan mənəvi iztirablar, kədərlər içindən vuruşaraq çıxmağa, bir an belə olsun xoşbəxt olmağa çalışır və bütün bu çabalamalar, sağ qalmaq və xoşbəxtlik uğrundakı bütün mübarizələr özlüyündə bir heç uğrunadır.

İnstinktiv tərəfimiz bizi uşaq sahibi olmağa yönləndirir, daha doğrusu basqı edir, biz bunu müxtəlif duyğular altında impuls olaraq alırıq.

Uşaq bizi xoşbəxt edir necə ki seks bizə həzz verir və bu həzz aldatmacası, şirnikləndirməsi onu etməyimizə bizi yönləndirir. Amma dərindən düşünəndə bu səhvdir

Deyə bilərsiniz ki, gülü seyr etmək də, musiqi dinləmək də, gözəl bir film izləmək də və s bitir onda etməyək.

Məsələ budur ki, bütün bu gözəllik dediyimiz, zövq aldığımız şeylər birincisi illuziyadır, ikincisi sonludur, üçüncüsü biz bu dünyada olmasaydıq bunlara da gərək duymazdıq, gərək olmazdı. Həm də bütün bunlar varoluş sancısını dindirmək, heçliyi mənalandırmaq, rəngləndirmək çabalarıdır.

Dünyada yoxuqsa musiqi dinləmək kimi mənəvi ehtiyacımız da olmayacaqdı, bunun yoxluğunu da hiss etməyəcəkdik.

İnsanların doğuluşu kainatın varlığın alqoritmik diqtəsidir, və düşünürəm bu alqortmik diqtəyə qarşı baş qaldırıb bunu pozmaq ən doğru olan olardı.

Əgər biz bunu pozmuruqsa, bəlkə də fərz etməliyik ki, burada metafizik bir səbəb var və bizi var olmaya kodlayan bu nəsnənin bir açıqlaması bu olur ki, demək ki, bu həyatın “ali bir məqsədi” var insanoğlunun, insanlıq irqinin və varsa bizim kimi başqa irqlərin varlığını var olmaya instinktiv basqı ilə sövq etdirən.

( amma gördüyümüz kainat, planetlər sadəcə illustrasiya, dekorasiya da ola bilər, hələ ki onlarla əlaqəyə keçənə qədər bu bilinmir. Amma illustrasiya olsa da kvant məntiqinə uyğun biz ona varanda, orada bizim şüuraltı olaraq, olmasını gözlədiyimiz şeylərə də qarşılaşa bilərik, mütləq canlı deyil, bu sadəcə qaya parçası da ola bilər, bu da materialdır. Çünki alqımız material olanı alqılayacaq şəkildə təkamül olub(yaxud kodlanıb).

Qısaca ali məqsədə varmaq, son məqsəddə bizi yaradan ya da yaradanlara bəlkə üzərimizdə test edənlərə çataraq əsrlərdən bəri gələn kamil insan, yaxud üstinsana vara bilərik.

O zaman deyə bilərsiniz onları kim yaratdı, amma bu sualın qoyuluşu özlüyündə yanlış ola bilər, belə ki, bizim məntiqi mühakiməmiz, beynimizin işləmə biçimi məhz Yer Kürəsi və ən yaxşı halda öz qalaktikamız miqyasında çərçivələnib, şərtlənib, daha başqa üst reallıqda olacaq suallar və məntiqi mühakimə tamam ayrı cür şəkillənə bilər.

Qısaca, iki seçim astanasındayıq: ya həyat mənasızdırsa, acı həzzə nisbətdə daha çox olan və daha təbiidirsə + mütləq ölümün olduğunu bilirik eləyəsə doğumlar əslində insanın insana şiddətidir, işgəncəsidir, yox həyatın bir “ali məqsədi” varsa bu insanı insanın əzablarını aşan “ali bir məqsədsə” bu olar. Amma bu da özlüyündə sual doğurur hansısa nəsnənin ali qayəsi üçün bunca əzaba, iztiraba rəğmən yaşamağa və yaşatmağa, bu tsikli davam etdirməyə dəyərmi? Bəlkə də yox.

Necə ki, insan vətən, dövlət, torpaq və s kimi əslində abstrakt olan, həqiqətdə heç bir dəyəri olmayan “ali məqsədlər” formalaşdıraraq onlar uğrunda hətta öz ölümünü də, övladının ölümünü də, işgəncəni də romantizasiya edir.

Demək ki, əslində bizim instinktiv tərəfimizdə yəni təməlimizdə, yəni kodlanmış alqoritmik diktəmizdə aliləşdirilmiş olana bu meyil var.

Düşünürəm həyatı, insanı dərk etmək üçün ən təməl olana, qatqısız olana, xam ya saf halında olan şeylərə baxmaq lazımdır, bu kontekstdə bu instinktlərdir.

Çünki bizim rasional olan tərəfimiz sonradan şəkillənən və hal hazırda da müxtəlif təsir komponentləri ilə şəkillənməkdə olan süni, sonradan qazanılmış və dəyişkən nisbi tərəfimizdir.

Bu bizə gerçək olanı, “özündə şey” deyilən şeyi anlamağa yardım etməz əksinə bizi qaynaq(origin) olandan uzaqlaşdırar.

Varlıq özlüyündə var olmağa ehtiyac duyur, var olanı, əlində olanı davam etdirmək istəyir, yaşam burada pozitiv bir nəsnə, qazanc və ya həzz kimi alqılanır.

Amma onun uşaq dünyaya gətirmə meylini bu izah edə bilmir.

Bu genin kopyalanması, genlərin bizə etdiyi diqtə kimi də şərh oluna bilər, ancaq məsələ bu dərəcədə bəsit deyil.

Çünki, bir valideyn məsələn Somalidə, Fələstində, Suriyada, Şimali Koreyada, Əfqanıstanda və digər insanın yaxşı yaşamasına zidd olan dəhşətli yerlərdə niyə uşaq dünyaya gətirsin?

Bir insan özünün həyatı yoxsulluq, hər an ölüm qorxusu, qeyri-sağlam bədən və daha güclülər tərəfindən əzilməzk, ömür boyu yük daşımaq, nökərçilik etmək və s milyonlarla neqativ duruma rəğmən bunu nə üçün öz uşağına ötürmək istəsin, nə üçün canından da keçməyə hazır olduğu, yeməyib yedirdiyi, güllə gəlsə önünə atlayıb qoruyası uşağına münasibətdə bunu edəsi olsun, bunun məntiqi açıqlaması yoxdur, amma bunun instinktiv açıqlamasını da şərh etmək çətindir.

Tanrısal təkrar model.

Biz də öz yaratdıqlarımıza özümüzdən parçalar veririk. Məsələn süni intellektə danışmaq, fikir yürütmək kimi, eynən tanrı yaxud bizdən üstün varlıqlar bizi var edərkən özlərindən parçanı veriblər, düşünmə, fikir yürütmə və s eynən də var olmaq, doğmaq kimi, amma düşünürəm bu bəlkə də belə açıqlana bilər, ən azı indilik, yaradılışın ali bir qayəsi var, yaxud da biz bu qayəni yaradılışın neqativ kənar yan təsirləri (External Negative Influences) olaraq əldə etmişik belə ki, yaradılışda nəsə yanlış gedib, amma bizə miras qalan anlamlandırma və öz fərqindəlik müəyyən anormal( abnormal) anlamlar, fərziyyələr uydurur.

Bunlar son cavab deyil, cavablar çoxdur, hər sualın qoyuluşuna uyğun olaraq. Kvant dalğalanması kimi, eyni anda milyonlarla cavab, milyonlarla sual.

 

Mete Türksoy

Tacxeber.com

Oxşar xəbərlər

Rus qadınlarının gözəllik sirri: Hər gün bir qaşıq yeyirlər

redaktor

Süni intellekt insanı öldürə bilər?

redaktor

Hərbi toplanışa gələn erməni Göyçədə batdı

redaktor