Meqastore var yaxınlıqda. Qiymətlər uçur. İllah da ki, meyvələrin. Məsələn, qara gilas 18 manat, ağ gilas 19 manat – üzərinə artıq ləkə düşməkdədir, üzünə baxan yoxdur, digərləri də baha. Mövsümün cırhacırıdır, amma nə qiymətlərdə, nə də miqdarında özünü göstərir. Sarı-qırmızı gilas istədim, satıcı dedi ki, “alan olmadı, xarab oldu, tulladıq”. Soruşdum “neçəyə idi? ” Dedi “20 manata”.
“Zibilliyə ataram, ucuzlaşdırıb xalqa satmaram!” Təfəkkür, düşüncə, münasibət budur.
Bazarda da eyni vəziyyətdir, qiymət baha,,alıcı yox, satıcılar mürgü döyür. Soruşuram, “sizdə niyə belə?” Cavab verirlər ki, “bir yerdən gəlir, ona görə eyni qiymətlərdir”.
Eyni yer hökumətin anbarıdırsa niyə qiymətləri tənzimləmir, niyə nəzarət etmir?
Konkret vasitəçi bir şirkətdirsə, soruşmaq istəyirəm, sən heç olmasa bir saat zəhmət çəkib torpaqda işləmisənmi? O məhsulu əkib becərmisənmi? Barmaqların torpağa dəyibmi? Əminəm ki, YOX! O zaman hansı haqla kəndlinin çəkdiyi zəhməti küləyə sovurursan, əkib becərdiyini, ağaclardan topladığlnı xarab edib zibilliyə atırsan?
Sən bir sahibkarsansa hansı məntiqlə, hansı haqla istehlakçının alıcılıq qabiliyyətini məhv edirsən?
Ağlasığmayan bahalıq hansı təbəqə üçün nəzərdə tutulur? Vallah-billah pullular da qəpiyini haqq-hesabını çürütməklə xərcləyir. O, da 20 manata meyvə almır.
Rusiya bazarlarına meyvə-tərəvəzimiz maşınlarla aparılır, alıcının cibinə uyğun satılır, tutulanda, döyüləndə başsız qalıb pulsuz-parasız daşınır, ya da yerlə bir olur, amma özümüzə qıymırıq.
Yazdığım bir günün bir neçə hissəsindən biri olan qısa bir hissəsidir.
Lütfən, bir az da həyatımız barədə düşünün!