Rusiyanın media resurslarında Irandan narkotrafik ittihamı ilə Bakıda həbs olunmuş rusların haqqında məlumatlar dərc olunub. Həmin məlumatlarda onların əksəriyyətinin IT mütəxəssisi, bəzilərinin isə IT şirkəti sahibi olduğu bildirilir.
Belə iddialar da var ki, onların əksəriyyəti Ukraynaya qarşı müharibə başlayandan sonra Azərbaycana köçüblər. Burada məqsəd həm də müharibədə iştirak üçün çağırışdan yayınmaq olub.
Belə məlumatlar aşağıdakı sualları doğurur:
1. Rusiya vətəndaşları Azərbaycana nə zaman gəliblər və ölkədə qaldıqları müddətdə hansı hüquqi statusda yaşayıblar?
Xatırladım ki, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn RF vətəndaşlarının və RF-da daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.
2. Onlar Azərbaycanda hansı fəaliyyətlə məşğul olublar?
3. Onların ölkədə son zamanlar vətəndaşların bank hesablarına artan kiberhücumlarla əlaqəsi olubmu?
4. Həmin şəxslərin Azərbaycan Respublikası ərazisində yerləşməsinə və fəaliyyətinə kim və ya hansı qurum himayədarlıq edib?
5. Azərbaycana bələd olmayan Rusiya vətəndaşlarının narkobiznesdə (əgər bu, olubsa) yerli şərikləri kimlər olub?
6. Nəhayət, IT mütəxəssisi narkotiklə ümumiyyətlə niyə məşğul olsun və saxta görünən bu, ittihamı verənlərin hansısa başqa bir cinayəti gizlətmək niyyəti ola bilərmi?