Son illərdə dəfələrlə publik çıxışlarımızda deyirdik ki, Rusiyada miqrantlara qarşı münasibət daha da sərtləşəcək, aylar öncə:
“Rusiyada miqrantlara qarşı sərt ritorika Rusiyanın Ukraynaya təcavüzündən sonra artıb, bunun da səbəbləri var. Çünki Rusiya daxilində yaranmış narazılıqların “günahkarı” lazımdır. Hakimiyyət daxildəki problemləri öz bacarıqsız idarəetməsi ilə izah edə bilməz. Daxildəki problemlərin məsuliyyəti üzərinə atıla biləcək bir kəsim olmalıdır. Bu da miqrantlardır. Müharibə dayanmağa doğru gedir. Hansısa formada bir neçə aya dayanacaq. Bu zaman Rusiya daxilindəki problemlərin yenidən bir “günahkarı” lazım olacaq. Elə bir obraz lazımdır ki, Rusiya hakimiyyəti onu cəmiyyətə təqdim edə bilsin. Bunun üçün də ən “ideal” namizəd miqrantlardır. Rusiya daxili və ya xarici düşmən olmadan yaşaya bilməz. Təəssüf ki, miqrantlara qarşı getdikcə daha sərt addımların atılmasının şahidi olacağıq. Bu isə bütün miqrantlara, o cümlədən azərbaycanlılara da təsirsiz ötüşməyəcək”.
Sonra hökumətə müraciət edərək yazmışdım:
“Rusiyada yaşayan soydaşlarımız ölkəmiz üçün təhlükə deyil. Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqratları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.
Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarlar, təəssüf ki, nə ilk deyil, nə də son olmayacaq. Rusiyanın imperialist “genlərində” mütləq “günahkarlar” lazımdır, daim “daxili düşmən” obrazına ehtiyac var. Çar zamanı da, SSRİ vaxtı da, indiki Putin rejimində də heç nə dəyişməyib, eyni davranış kodlarıdır.
Ona görə də, Azərbaycan hökuməti “Vətənə Qayıdış” priqramı qəbul etməlidir, əhali, insan sayı nemətdir, böyük üstünlükdür, 30 ildir Dünyada yayılan, “əhali çoxdur, insan artımı təhlükədir”, kimi liboş və içiboş “nəzəriyyəyə” aldanmayın, əhali sayı, bunun üzərinə də ədalətli idarəetmə sistemi, iqtisadi fürsətlərin artmasını gələndə, mütləq ölkələr üçün ciddi uğur hekayəsinə çevrilir. Özü də bizim işğaldan azad edilən torpaqlarımıza 2 mln. insan köçürmək kimi planımız olmalı, bu proqram həm də bu məqsədə xidmət etməlidir. Həmin torpaqlarda 2 mln. vətəndaşımız yaşamalıdır ki, o bölgələtin iqtisadi dividendini görək, başqa cür, yəni inzibati köç addımları ilə o gözəl torpaqlarımızı inkişaf etdirə bilməyəcəyik.
Soydaşlarımızın vətənə dönməsi üçün proqram hazırlanmalıdır, hökumət “papağını qabağına qoyub” düşünməlidir ki, niyə, nə səbəbə Rusiyadan çıxmağa məcbur qalan soydaşlarımız Qazaxıstanı, Özbəkistanı, hətta Belarusu seçir, amma öz vətəni ən son, özü də çarəsiz seçim olur – bu ayıb deyilmi?!