NATO-nun baş katibi Mark Rutte iyunun 24-də Haaqada təşkilatın zirvə toplantısındakı çıxışından əvvəl mətbuat konfransı keçirib. Baş katib bloka üzv ölkələrin ümumi daxili məhsulunun 5 faizini təşkil edən hərbi xərc planını həyata keçirməyin vacibliyini bir daha vurğulayıb. Bu mövzu illərdir müzakirə olunur. Ağ Ev sahibi Donald Tramp hələ birinci prezidentliyi dövründə Avropa ölkələrinin hərbi xərclərini 5 faizə çatdırılmasını tələb etmişdi. Ancaq Avropa dövlətlərinin əksəriyyəti hələ də hərbi xərclərini 5 faizə çatdırmayıb.
“Bu, olduqca çətin siyasi qərardır. Başa düşürəm ki, blok ölkələrinin daha çox pula ehtiyacı var” – deyən Şimali Atlantika Blokunun baş katibi davam etməkdə olan Rusiya təhdidinin, Çin, Şimali Koreya və İrandan gələn təhlükələri diqqətə çatdıraraq NATO ölkələrinin hərbi xərclərini artırmaqdan başqa seçimlərinin qalmadığını xatırladıb.
Rusiya-Ukrayna və İsrail-İran müharibəsi NATO ölkələrinin həqiqətən başqa seçimlərinin qalmadığını əyani göstərir. Üstəlik NATO baş katibi son çıxışında Tayvan ətrafındakı vəziyyətdən narahatlığını səsləndirib. Mark Rutte NATO-nun Çinin artan hərbi gücündən ehtiyat edən Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya ilə sıx əlaqələr qurduğunu bildirib. Mark Rütte Çinin Tayvanı ələ keçirmək ssenarisini həyata keçirməyə çalışması halında ABŞ-la yanaşı NATO-nun da reaksiya vermək məcburiyyətində qalacağını bildirib. NATO-nun ötənil Vaşinqtonda keçirilən sammitində də Çinin artan hərbi gücündən, nüvə arsenalını artırmasından, kiber fəaliyyətini genişlənməsindən və kosmosdakı fəallığından narahatlıq bildirilmişdi. Bu arada, Yaponiya ilk dəfə olaraq öz ərazisində raket sınağı həyata keçirməsi diqqəti çəkib. “Type-88” adlı yer-gəmi tipli raket, ölkənin şimal adası olan Hokkaido adasında sınaqdan keçirilib. Yaponiya daha əvvəl müttəfiq ölkələrin ərazilərində raket sınağı həyata keçirmişdi.
Müasir müharibələrdə texnoloji üstünlükləri olan ölkələrin uğur qazanmaq şansı daha çoxdur. Dronlar bahalı tankları, hava müdafiə sistemlərini yara bilən orta və uzaq mənzilli raketlər isə hərbi mərkəzləri dağıtmaq gücünə malikdirlər. Bu baxımdan Azərbaycanın hərbi sahədə texnoloji üstünlükləri olan dövlətlərlə sıx əməkdaşlığı ordunun güclənməsində əhəmiyyətli rol oynayır. Digər tərəfdən dünyadakı və bölgədəki gərgin vəziyyət Azərbaycanın hərbi xərclərini artırmağı diktə edir.