Çox zaman gözəl qızlar istismar olunmaq üçün hədəf seçilir.
Türkiyəli bloqer (sosial media fenomeni ) Nihal Candan 30 yaşında, bu səhər xəstəxana palatasında əbədiyyətə qovuşdu.
İnsanların gözünün önündə bir gözəl qadın şam kimi əridi və sözün həqiqi mənasında yox oldu. Yox oldu ona görə ki, Nihal anoreksiya xəstəliyindən əziyyət çəkirdi və çəkisi 23 kiloya düşmüşdü. Bu artıq son çəki itirmə mərhələsi idi.
Bundan o tərəfə insan qalmır, tələf olur. Bu müddət ərzində də 2 dəfə ürəyi dayanıb, həkimlərin müdaxiləsi ilə yenidən bərpa olunub, həyata qayıtmışdı. Bu qızın həyat yoluna bir qədər nəzər salanda anlayırsan ki, kimlər tərəfindənsə istifadə edilib, onu qaranlıq bir uçuruma yuvarlayıblar.
Onu rəngarəng həyat bəxş etməklə aldadıb, gəncliyini və ömrünü oğurlayıblar. Bir növ işbazların proyektinə çevrilibmiş. İnsan öz həyatının həm də memarıdır, öz yolunu özü təyin edir. Seçim imkanları əslində sənin öz ixtiyarındadır. Daha yaxşı həyatın, zənginliyin cəfası da az olmur. Yaxşı həyatın bədəlini mütləq ödəməlisən…
Maləsəf, bu həyatın, bəlkə də yazılmayan qanunudur. 2022-ci ildə haqlarında bir çox iddialar vardı bu bacıların: cinayət təşkilatına üzv olmaq, təşkilat yaratmaq və cinayət nəticəsində əmlak dəyərlərini yumaq cinayətlərinə görə Nihal Candan və bacısı Bahar Candan həbs edilirlər…Həbsxanada gərgin günlər Nihalı gözləyirdi.
Stress, barışılmayan və qəbuledilməyən həyat – nəticədə qazancı anoreksiya xəstəliyi. Əslində kədərli hekayədir mənim üçün. Gözəl bir xanım, bir kibrit dənəsi qədər nəzilib, can çəkişir. Həyatdan saman çöpündən yapışan kimi yapışıb, əlini tam üzmək də istəmir Nihal.
Bacısı bütün günü palatada onun yanında idi, kefini açmağa çalışır, onu yedirdir, tezliklə əvvəlki halının bərpasına inandırırdı. Ancaq 30 yaşının tortunu, arıq qolu, nazik əlləri ilə, zülüm-zillətlə çəngəlləyən Nihal artıq peronda idi. Ömür qatarınndan ölüm vadisinə sadəcə bir stansiya qalmışdı və bu gün, 21 iyun 2025-ci il, səhər saatlarında, xoşbəxt həyat yaşadığını zənn edən bədbəxt qızcığaz, sonuncu stansiyaya yetişdi.
Gözəl qadının “çirkin” oyunlara salınaraq məhv edilməsinin əyani sübutu oldu bu fenomen zənn etdiyimiz qızcığaz …