24 C
Bakı
23 İyun 2025 11:38
CəmiyyətDünyaGündəm

Sevinc Vaqifqızının adı həbsdə olan jurnalistlərin dünya siyahısında

Beynəlxalq media orqanları AbzasMedia araşdırmaçı nəşrinin baş redaktoru Sevinc Vaqifqızının adını öz ölkəsində təqib olunan jurnalistlərin “10 Most Urgent” siyahısına salıblar. Vahid Azad Mətbuat Koalisiyası 3 may – Dünya Mətbuat Azadlığı Günündə bu siyahını dərc etməklə həqiqəti dediklərinə görə həbs olunmuş jurnalist həmkarlarını diqqətdə saxlayırlar.

 

Koalisiyada Azad Avropa/Azadlıq Radioları daxil olmaqla 32 media qurumu təmsil olunur.

“Bu 10 iş hökumətlərin jurnalistikanı kriminallaşdırmaq, medianı susdurmaq, informasiyanı ictimaiyyətdən gizlətmək səylərinə işıq salır”, – koalisiyanın yaydığı məlumatda deyilir.

 

Siyahı Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Beynəlxalq Qadın Media Fondu (IWMF) və Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) ilə birlikdə tərtib olunub. CPJ 2024-cü ilin sonunadək dünyada 361 jurnalistin dəmir barmaqlıqlar arxasında olduğunu açıqlayıb. 2023-cü ildə bu rəqəm 320 idi.

 

“Jurnalistika heç bir ölkədə cinayət deyil”

Builki siyahıda Honq Konqdan 77 yaşlı media sahibkarı, Britaniya vətəndaşı Cimmi Lay, Myanmadan sənədli film rejissoru Şin Deve, Filippindən jurnalist Frençi Mey Kumpio, Vyetnamdan Fam Zoan Çanq, Belarusdan AzadlıqRadiosunun jurnalisti İqar Losik, Azərbaycandan Sevinc Vaqifqızı, Rusiyadan AzadlıqRadiosunun Ukrayna xidməti ilə əməkdaşlıq etmiş Vladislav Yesipenko, Çindən Li Yanhi, Qırğızıstandan Maxabat Tajibek kızı, Azamat İşenbekov və Ayke Beyşekeyeva, Türkiyədən Yoakim Medin yer alıb. Bu jurnalistlər terrorçu fəaliyyəti maliyyələşdirməkdən tutmuş, kütləvi iğtişaşların təşkilinədək maddələrdə ittiham olunublar. Onlar ittihamları rədd edirlər. Medin həbsdən vəkili vasitəsilə mesaj göndərib: “Jurnalistika heç bir ölkədə cinayət deyil”.

 

S.Vaqifqızı 2023-cü ilin noyabrında bəri həbs olunmuş azı 16 jurnalistdən biridir, – koalisiya bildirir. Azərbaycanda jurnalistlərə qarşı son həbs dalğası korrupsiya araşdırmaları ilə tanınan AbzasMedida-dan başlayıb. Onlar müxtəlif maliyyə ittihamları ilə üzləşiblər. Ancaq Vaqifqızı və həmkarları ittihamları rədd edir, məhz dövlət rəsmilərinin sərvətini araşdırdıqlarına görə cəzalandırıldıqlarını deyirlər.

“Bu iş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma, yaxud sənəd saxtalaşdırması ilə bağlı deyil. Həqiqətə dözümsüzlüklə bağlıdır”, – 35 yaşlı Vaqifqızı məhkəməsində deyib.

 

Jurnalistlərin ittiham olunduğu maddələrdə 12 ilədək həbs nəzərdə tutulub.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Xəyanətdir, məqsəd Ukraynanı xəritədən silməkdir”

redaktor

Suriya müxalifətindən qeyri-adi hicab qərarı

admin

“Ukrayna Rusiyaya süni intellektli dronlarla hücum edir” – CNN

admin