Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, Vladimir Putinin əsas məqsədi Ukraynanı işğal etmək və tamamilə məhv etməkdir.
Zelenskinin sözlərinə görə, əsas məsələ Putinin necə dayandırılması, onun məqsədlərinin və siyasətinin dəyişdirilməsinə nail olunmasıdır. O vurğulayıb ki, Rusiya liderinin öz məqsədlərini dəyişəcəyinə inanmır və tərəfdaşlar diqqəti məhz bu istiqamətə yönəltməlidirlər.
Ukrayna Prezidenti, həmçinin ABŞ-ın Ukraynada hərbi bazaların yerləşdirilməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, amerikalılar Kiyevə bu məsələdə əmin olmadıqlarını və bunun NATO ilə əlaqəli olduğunu deyiblər.
Zelenski qeyd edib ki, ABŞ-ın NATO üzvü olmayan Yaxın Şərq ölkələrində hərbi bazaları, hava hücumundan müdafiə sistemləri və hərbçiləri mövcuddur. O əlavə edib ki, həmin bazalar yaradılarkən İranın razılığının alınıb-alınmadığı məlum deyil və Ukraynada hərbi bazaların yerləşdirilməsi ilə bağlı qərar ABŞ-dan asılıdır.
