Tramp 40 günlük müharibədən sonra İrana dəfələrlə ultimatum verərək, tələblərinə əməl edilməzsə, İranı darmadağın edəcəyi ilə hədələdi. Lakin aprel ayından bir dəfə də genişmiqyaslı hərbi əməliyyatı təkrar etmədi.
Son hədələri Netanyahunun təkidi ilə İsraildəki parlament seçkiləri (27 oktyabr) öncəsi oldu… – heç nə olmadı.
Sonra ABŞ-da Konqresə seçkilər (3 noyabr) öncəsi gözlənildi… – heç nə olmadı.
Sonra Tramp seçkilərdən dərhal sonra başlaya biləcəyini dedi… – heç nə olmadı.
Sonra noyabrın ikinci yarısında (3-cü AZQ Ərəb dənizinə çatanda) başlayacağına eyham vuruldu… – heç nə olmadı.
Eyni zamanda Netanyahu gündə Trampa zəng edərək, elçilərini ABŞ-a göndərərək, lobbisini dümsükləyərək, tələb edir ki, 6 dekabradək (Ayzenkot yeni hökuməti yaradanadək) ABŞ İranla yenidən müharibəyə başlasın (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4562860947363314) – heç nə olmayacaq.
İndi də Tramp vəd verir ki, bayramlar bitsin, yanvarın əvvəlində İranın dərsini verəcək – heç nə olmayacaq.
Niyə heç nə olmadı və olmayacaq? Çünki ABŞ Yaxın Şərqdə çoxsaylı bazaları, radarları, raketləri və raketdən müdafiə sistemləri ilə və İsraillə birlikdə gözlənilməz hücumla 40 gün ərzində heç bir məqsədinə çata bilmədi. Əksinə, Hörmüzü, bazalarını və radarlarını da itirdi. Fevral imkanları ilə belə itki verən noyabr imkanları ilə hansı vəziyyətə düşə bilər?!
ABŞ-ın yenidən İranla genişmiqyaslı müharibəyə başlamayacağı barədə apreldən sonra dəfələrlə yazmışdım. Sonuncu dəfə 1 noyabrda bunun səbəblərini geniş şərh etmişdim, həmin səbəblər indi də dəyişməyib. (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4544994695816606)
Yaxşı bəs Trampın hücum tarixini daim təxirə salmaqda məqsədi nədir?
Ən bəsit məqsədi guya İrana möhlət verməkdir ki, “ağlı başına gəlsin”. Ümid edir ki:
bəlkə qorxdular və Trampın şərtlərini qəbul etdilər;
bəlkə ölkə hakimiyyətində parçalanma yaranar və ABŞ bundan istifadə edər;
bəlkə iqtisadi-maliyyə-nəqliyyat blokadası bəhrəsini verər və əhali üsyana qalxar.
Yəqin, artıq özünün də bu “bəlkələrə” ümidi azdır, amma nəyəsə ümid etməlidir axı. 1% ehtimallı hadisənin də baş verməsi mümkündür.
Bəs bu ümidlər də puç olsa, Tramp vəziyyətdən necə çıxacaq?
Bax, məncə, bu sualın cavabını Tramp artıq tapıb. Onun hücumu yanvarın əvvəlinə təxirə salması bununla bağlıdır. Yanvarın əvvəlində Konqres yeni tərkibdə fəaliyyətə başlayacaq. Orada isə hər iki palatada demokratlar çoxluqdadırlar. Onlar İran müharibəsinin birdəfəlik dayandırılmasını tələb edirlər. Çox güman ki, bu müharibəyə vəsait ayırmayacaq, blokadanı təmin edən gəmiləri və Yaxın Şərqdəki əlavə hərbi kontingenti geri çağırmağı tələb edəcəklər (vəsait ayırmasalar, bu avtomatik baş verəcək), Pit Heqseti və bir çox başqalarını vəzifələrindən çıxartdıracaqlar.
Girdiyi İran bataqlığından “üzüsulu” çıxmaq üçün indiki şəraitdə Tramp bundan yaxşı çıxış yolu tapa bilməz. Başlayacaq özündən incidilmiş qəhrəman düzəltməyə:
“Mən İranın donanmasını, aviasiyasını, HHM-ni, raket qurğularını, hərbi sənayesini, hər şeyini məhv etmişdim, Hörmüzə də özüm nəzarət edirdim; son zərbə vurmağa hazırlaşırdım ki, onu diz çökdürüm… lənətə gəlmiş demokratlar mənə və ABŞ-a arxadan zərbə vurdular. Bütün günah onlardadır – qələbəni məğlubiyyətə çevirdilər. Bunlar üçün mənə pislik etmək bizim böyük Ana Vətənimizin maraqlarından üstündür. Əziz amerikalılar, indi baxın, kimə səs vermisiniz! 2028-ci il seçkilərində bunu mütləq nəzərə alın! Sizin sevimli prezidentiniz Donald Jey Tramp”
Beləliklə, Tramp vəziyyətdən çıxacaq, amma… ABŞ çıxa bilməyəcək. ABŞ vəziyyətdən yox, Yaxın Şərqdən çıxacaq. Birdən olmayacaq, əlbəttə, yavaş-yavaş – çünki dağıdılmış bazalarını bərpa edə bilməyəcək.
