“Mercedes-Benz” Almaniyada əməkdaşlarına işdən könüllü ayrılmaq müqabilində yüksək təzminat təklif etməyə hazırlaşır. Proqramın istehsaldan kənar vəzifələrdə çalışan 30 mindən çox əməkdaşı əhatə edəcəyi gözlənilir.
Tacxeber.com “Artı49”un “Handelsblatt”a istinadən yaydığı məlumata əsasən xəbər verir ki, proqram 2026-cı il dekabrın 1-dən 2027-ci il sentyabrın 30-dək davam edəcək.
Təklifi 2027-ci il martın 31-dək qəbul edənlərə əlavə ödəniş nəzərdə tutulur. Proqramdan ofis əməkdaşları, ustabaşılar və müxtəlif səviyyəli rəhbərlər yararlana biləcəklər. İştirak üçün dekabrın 1-nə şirkətdə üç ildən artıq iş stajı tələb olunur.
422 min avro hamıya veriləcək məbləğ deyil. Nəşrin təqdim etdiyi nümunə hesablamada bu rəqəm aylıq brüt maaşı 5 460–6 920 avro arasında olan 52 yaşlı mühəndisə, erkən ayrılma əlavəsi daxil edilməklə aiddir. Əlavə ödəniş müddəti bitdikdən sonra həmin nümunədə məbləğ 340 min avroya enir.
Şirkətin məqsədi əməkhaqqı xərclərini azaltmaqdır. Xəbərdə Çində satışların zəifləməsinin qənaət tədbirlərini sürətləndirdiyi bildirilir.
