Putinin müharibəni davam etdirməsi üçün əsas stimul Ukraynanın nəticə etibarilə yenidən faktiki olaraq onun imperiyasının bir hissəsinə çevriləcəyinə olan ümididir. Putin belə bir ssenarinin mümkün olduğunu düşündüyü müddətcə döyüş əməliyyatlarını davam etdirəcək. Buna görə də sülhə nail olmağın yeganə yolu Qərbin Ukraynanın gələcəyi ilə bağlı bu ölümcül qeyri-müəyyənliyini aradan qaldırmaqdır.
Əlbəttə ki, biz Ukraynanın qalib gəlməsinə kömək etmək üçün daha çox iş görməliyik. Şəhərləri qorumaq üçün ona “Patriot” kompleksləri və digər raket əleyhinə müdafiə sistemləri üçün daha çox raket lazımdır. Hazırda Kiyevdəki körpülər və bu qış qorunmalı olan digər kritik əhəmiyyətli infrastruktur ciddi təhlükə altındadır. Bizdə, o cümlədən Böyük Britaniyada belə raketlər var. Onlar demək olar ki, bütün Qərb ölkələrində var. Bəs niyə biz onları Ukraynaya vermirik? Biz Ukraynanı müdafiəmizin ön xətti adlandırırıq, bəs niyə onunla raket əleyhinə müdafiə sistemlərini bölüşmürük? Əgər o, həqiqətən də ön xətdədirsə, niyə bunu öz əməllərimizlə təsdiqləmirik?
Niyə Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi və Putinin öz ölümcül raketlərini buraxdığı bazaları məhv etməsi üçün “Starlink” və ya digər sistemlər vasitəsilə lazımi peyk örtüyü təqdim etməyək? Həmçinin niyə Ukrayna rabitə şəbəkələrinin daha yüksək dayanıqlığını təmin etməyək ki, görünür artıq baş verdiyi kimi, Vaşinqtonda kiminsə sərəncamı ilə müdafiə sistemlərinin işini özbaşına ləngitmək və ya söndürmək mümkün olmasın?
Biz bunu etməliyik. Və niyə biz nəhayət Putinin “kölgə donanması”na daxil olan 1400 gəmidən heç olmasa bir hissəsini ciddi şəkildə ələ keçirməyə başlamırıq? İndiyə qədər onların yalnız cüzi bir hissəsini saxlamağa müvəffəq olmuşuq. Bu gəmilər bizim dənizlərimizdə üzərək ona sanksiyalardan yayınmağa və öz hərbi maşınını qaçaqmal Rusiya nefti ilə təmin etməyə imkan verir.
