Türkiyənin Manisa, İzmir və Batman vilayətlərində qanunsuz mərc və virtual qumarla bağlı keçirilən əməliyyatda saxlanılan 29 nəfərdən 21-i barəsində həbs qətimkan tədbiri seçilib.
Tacxeber.com “Sözcü”yə istinadən xəbər verir ki, polis şübhəlilərə məxsus bank hesablarında ümumilikdə 1 milyard 191 milyon lirəlik şübhəli əməliyyat dövriyyəsi müəyyənləşdirildiyini açıqlayıb.
Araşdırma qanunsuz mərc və virtual qumar iştirakçılarının pul köçürmələrində istifadə etdiyi hesabların təhlili əsasında aparılıb. Şübhəlilərin həmin saytlara pul köçürülməsinə vasitəçilik etdikləri ehtimal olunur.
Noyabrın 24-də üç vilayətdə 36 ünvana eyni vaxtda əməliyyat keçirilib. Axtarışlar zamanı iki qeydiyyatsız tapança, üç daraq, 32 patron və çoxsaylı rəqəmsal daşıyıcılar götürülüb.
Polisdəki prosedurlardan sonra məhkəməyə çıxarılan şübhəlilərdən 21-i həbs olunub. Məlumat noyabrın 27-də ictimaiyyətə açıqlanıb. Göstərilən məbləğ hesablar üzrə şübhəli əməliyyatların ümumi həcmidir.
