Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkədə surroqat analığın tam qadağan edilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü hazırlayır.
Tacxeber.com “Civil Georgia”ya istinadən xəbər verir ki, parlament çoxluğunun lideri İrakli Kirtsxalia planı noyabrın 22-də açıqlayıb. Onun sözlərinə görə, müvafiq layihə yaxın vaxtlarda parlamentə təqdim olunacaq.
Hakim partiya təşəbbüsü insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı risklərlə əsaslandırır. Qərarın hökumət və Gürcüstan Pravoslav Kilsəsinin Patriarxlığı ilə məsləhətləşmələrdən sonra verildiyi bildirilir.
Kirtsxalianın iddiasına görə, ölkədə surroqat analıq xidmətlərindən istifadə edənlərin 98 faizi əcnəbilərdir. Lakin o, bu göstəricinin əsaslandığı məlumatları təqdim etməyib.
Hakim partiyanın nümayəndəsi qadağanın süni mayalanma — IVF xidmətlərini əhatə etməyəcəyini vurğulayıb.
Gürcüstan 2023-cü ildə də əcnəbilər üçün surroqat analığı qadağan etmək planını açıqlamışdı, lakin həmin təşəbbüs həyata keçirilməmişdi.
Yeni qadağa hələ qüvvəyə minməyib. Onun tətbiq tarixi və artıq başlanmış prosedurlara necə şamil ediləcəyi açıqlanmayıb.
