Cənubi Afrikadan Gürcüstana göndərilməsi planlaşdırılan beş qədim baobab ağacının ixracı dayandırılıb. Ağacların zəruri icazələr olmadan kökündən çıxarıldığı müəyyənləşdirilib.
Tacxeber.com OCCRP-yə istinadən xəbər verir ki, Limpopo əyalətindən çıxarılan ağaclar Durban şəhərində logistika şirkətinin anbarında saxlanılıb. Onların yaşının 200–300 il, hər birinin çəkisinin isə 30 tona qədər olduğu bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.
Ağaclar iyulun 17-də müsadirə edilib. Hazırda əsas məqsəd onları xilas etməkdir: baobabların Timbavati təbiət qoruğuna daşınaraq bu həftə yenidən əkilməsi planlaşdırılır. Xilasetmə işlərini “Baobab Foundation”un təsisçisi, ekoloq Sara Venter koordinasiya edir.
