CəmiyyətDünyaSağlamlıq

Qadın və kişi həkim

Bu gün bəzi saytlar yazıb ki, Taliban hökuməti Əfqanıstanın bəzi vilayətlərində qadınların kişi həkimlərin yanına tək getməsini yasaqlayıb.

Doğrusu, bir qədər təəccübləndim. Ona görə yox ki, Taliban niyə belə qərar verib.

Ona görə ki, məgər sərt şəriət qaydalarının hökm sürdüyü ölkədə qadınlar kütləvi şəkildə belə şeylər edirlərmi ki, hökumət də bu cür qadağalar tətbiq edir? Və bu məsələ hər hansı sosial-mənəvi təhlükə yaradırmı?

Bu məsələdə Əfqanıstanla Azərbaycanı müqayisə etsək, biz dünyəvi ölkəyik, heç vaxt şəriət qaydaları ilə idarə olunmamışıq. Bununla belə, hər qadın durub təkbaşına kişi həkimin yanına getmir.

Hər kişi də öz qadınına buna icazə vermir deməyək, sadəcə bunu uyğun görmür.

Bizdə adətən kişilər arvadlarını, qızlarını, yeri gəlsə, ana-bacılarını həkimə özləri aparır. Bu əksəriyyətin qəbul etdiyi adi normadır.

İndi kiminsə işi başından aşar, vaxtı olmaz, onda məsələn, deyər ki, qardaşınla get, oğlunla, bədəbəddə ananla, bacınla get və s.

Amma heç bir normal kişi arvadının bir gün kişi cərraha, sabah kişi ginekoloqa, birisi gün dermotoloqa, nə bilim, psixiatra getməsinə razı olmaz.

Bunun üçün heç müsəlman, dindar, şəriətçi olmağa da ehtiyac yoxdur.

Düşünürəm ki, xristianlığı, budduzmi, nə bilim, yəhudiliyi qəbil etmiş hər azərbaycanlı da buna asanlıqla razılaşmaz.

Eyni zamanda onu da düşünürəm ki, bu məsələ təkcə kişilərin razılığı ilə də müəyyən olunmur. Hər qadın da təkbaşına gedib, hansısa kişi həkimlə qapalı bir məkanda tək qalmaq istəməz və buna risk etməz.

Məncə, etməməlidir də. Çünki bu davranış milli mental dəyərlərimizə zidd olmaqla yanaşı, ailə münasibətlərinə də uyğun deyil və ziyanlıdır. Ərlə arvad arasında qarşılıqlı inam və etimadın olması üçün belə şeylər olmasa yaxşıdır.

Düzdür, özünü mədəni və gəlişmiş sayanlar bu düşüncəyə gerilik, keçmişin qalığı, hətta vəhlşiik kimi yanaşırlar. Avropa dəyərlərinə görə, əsas ruhdur, əgər insan ruhunu təslim etmədən kimdənsə onun bədənindən hər hansı formada istifadə etməyə imkan verirsə, buna məcbur qalırsa, bu, xəyanət və ya əxlaqsızlıq sayılmır.

Qərbdə bu mövzuda yazılmış çoxlu əsər var, yüzlərlə film çəkilib.

Ancaq mən bununla razı deyiləm. Elə həmin Qərbdə xəyanətin, ailənin dağımasının məhz belə şeylərə göz yumulması səbəbindən baş verdiyini əks etdirən əsərlər, filmlər də az deyil.

Kişi qadına, qadın da kişiyə qeyri-məhdud azadlıq tanıyırsa, onda gərək bir-birini xəyanətdə, ailəni dağıtmaqda da suçlamasınlar. Çünki hədsiz azadlıq sonda hökmən bu aqibətə gətirib çıxarır.

Əlbəttə, hamı eyni cür düşünməğə məcbur deyil və hamıya eyni standart da tətbiq oluna bilməz. İnsanlar qanunları pozmadan istədikləri kimi yaşamaqda və münasibətlər qurmaqda sərbəstdirlər.

Sivil dünyəvi dövlət odur ki, bu cür məsələlər qadağalarla, yasaqlarla yox, mənəvi-əxlaqi münasibətlərlə, cəmiyyətin tərcihləri ilə tənzimlənir.

Düşünürəm ki, əgər Əfqanıstanda belə qadağalar tətbiq olunubsa, deməli, orada bu problem var. Ya qadın həkimlərin azlığı, yaxud kişilərin öz qadınlarına qarşı kifayət qədər diqqətli, qayğıkeş olmamaları səbəbindən. Çoxarvadlılığın təsirini unutmayaq.

Qadın həkim dedimsə, gərək bir məsələyə də aydınlıq gətirəm.

Bəs kişilərin qadın həkimlərin qəbuluna tək getməsi necə tənzimlənməlidir?

Düşünürəm ki, eyni qaydada. Əgər qadın kişi ginekoloqa tək və ya ümumiyyətlə getməli deyilsə, kişi də qadın dəri-zöhrəvi həkiminin yanına tək və ya heç getməməlidir.

Təbii ki, bu məsələdə hər cütlük özü qərar verməlidir. Biz kiməsə niyə arvadını və ya ərini filan həkimin yanına getməyə qoydun deyə bilmərik.

Bir də ki, qadağalar, yasaqlar heç kəsi əxlaqlı və ya namuslu etmir. Şüurlu insan hər şeyə düşünürək özü qərar verir.

Ən yaxşısı budur.

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Uzunmüddətli hərbi əməliyyatlar İsrail ordusunda yeni ixtisar qərarlarına səbəb olub

redaktor

Bambılı diktator

redaktor

Konqresin hakimi

redaktor