Azərbaycanda sertifikasiya imtahanında 51 baldan yuxarı nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manata çatıb.
Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə noyabrın 13-də Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavininin sözlərinə görə, 2026-cı ilin sentyabrına olan məlumata əsasən, müəllimlərin vergilər daxil orta aylıq əməkhaqqı 1030 manat təşkil edib.
O bildirib ki, sertifikasiyada iştirak etməyən və ya bu prosesə cəlb olunmayan müəllimlərin orta aylıq maaşı 770 manatdır. Sertifikasiyada göstərdikləri nəticəyə görə əməkhaqqına 10 faiz əlavə alan müəllimlərin orta maaşı isə 1010 manat təşkil edir.
51 baldan yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı 1320 manata çatıb.
Kərimzadə əlavə edib ki, sertifikasiya islahatının həyata keçirilməsi üçün 2027-ci ilin dövlət büdcəsində 286,4 milyon manat vəsait nəzərdə tutulub.
İqtisadçı Rövşən Ağayev isə müəllimlərin əməkhaqqındakı nominal artımın onların real gəlirlərinin və rifahının yaxşılaşması demək olmadığını bildirib.
O, sosial şəbəkə hesabında yazıb ki, maaş artımının müəllimlərin həyat səviyyəsinə təsirini qiymətləndirmək üçün yaşayış xərclərinin nə qədər bahalaşdığına da baxmaq lazımdır.
İqtisadçı Dövlət Statistika Komitəsinin məlumatları əsasında kommunal, nəqliyyat və rabitə xidmətləri, eləcə də üç əsas ərzaq məhsulundan – düyü, qırmızı ət və kərə yağından ibarət istehlak səbəti hazırladığını bildirib.
Onun hesablamasına görə, həmin istehlak səbətinin dəyəri son 12 ildə təxminən 2,7 dəfə artıb.
“Hətta rəsmi rəqəmlərdən çıxış edəndə, bu qədər nominal maaş artımından sonra belə müəllimin rifahı ötən 12 ildə yerində sayıb – nominal olaraq maaş nə qədər artıbsa, qiymət də onunla bərabər yuxarı dırmaşıb. Cibinizdəki pulun həcmi nə qədər artırsa artsın, səbətinizdəki mal-xidmətləri də artırmırsa, nə fayda”, – iqtisadçı qeyd edib.
Ağayev hesab edir ki, müstəqil qiymət monitorinqi aparılsa, bahalaşmanın rəsmi statistikada göstəriləndən daha yüksək olduğu üzə çıxa bilər.
İqtisadçı müəllimlərin orta aylıq əməkhaqqı ilə yanaşı, median maaş göstəricisinin də açıqlanmasını istəyib. (AbzasMedia)
