14 noyabr 1914-cü il, İstanbul yaxınlığındakı Ayastefanos Rus Abidesi partladılır.
Türkiyədə “93 harbi” deyilən 1877-1878-ci illər rus-türk savaşı Osmanlının ağır məğlubiyyəti ilə nəticələndi. Ruslar İstanbulun lap yaxınlığına, San Stefano (Ayastefanos, indi İstanbulun içində olan Yeşilköy) adlı yerə qədər gəldilər.
Rusların İstanbulu işğal etməsinə ingilislər mane oldu. London Peterburqa bildirdi ki, rus əsgərləri İstanbula daxil olsalar, bu, İngiltərə ilə müharibə səbəbi sayılacaq. Kral donanması Çanaqqala boğazını keçərək İstanbul ətrafında lövbər saldı.
Ruslar dayanmalı oldular. Sülh müqaviləsi də San Stefanoda imzalandı.
Ruslar 1893-cü ildə sultan hökumətindən San Stefanoda pravoslav məbədin tikintisinə icazə aldılar Tikinti 1895-ci ildə başladı və üç il sonra yekunlaşdı.
Məbəd guya 93 hərbində həlak olan əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün idi, əslində isə rus zəfərinin abidəsi idi və Osmanlını aşağılamaq üçün tikilmişdi. Amma çağdaş Türkiyədə gen-bol mədh olunan II Abdulhemid səsini çıxara bilmədi. Türklər bu məbədə “utanç anıtı” kimi baxırdılar.
Təsadüfi deyil ki, Osmanlı imperiyası Birinci Dünya müharibəsinə qoşulduqdan bir neçə gün sonra, 1914-cü il noyabrın 14-də Ayastefanos Rus Abidesi partladıldı. Proses Fuat Uzkınay tərəfindən lentə alındı. Türkiyə kinematoqrafının ilk filmi sayılan bu çəkilişin nüsxəsi tapılmayıb.
