Azərbaycanın dini qurumları Yerevandakı Göy məsciddə mərasim keçirilməsini və məscidin zalına erməni şairinin adının verilməsini pisləyiblər.
Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) noyabrın 11-də bu barədə bəyanat yayıblar. Qafqaz Müsəlmanları İdarəsi bunu “aşkar vandalizm təzahürü və təxribat” adlandırıb.
Noyabrın 9-da İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi Yerevandakı Göy məsciddə tədbir təşkil edib. AzadlıqRadiosunun erməni xidməti yazır ki, tədbirdə fars şairi Firdovsinin “Şahnamə” dastanının erməni dilinə tərcüməsi təqdim olunub. Eyni zamanda, məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilib və orada şairin büstünün qoyulması planı açıqlanıb.
Yerevanda səfərdə olan İranın vitse-prezidenti Həmid Purməhəmmədi də mərasimə qatılıb.
Dini qurum siyasi məqsədlərdən danışır
Qafqaz Müsəlmanları İdarəsi Ermənistan hökumətini oxşar tədbirlərin qarşısını almağa çağırıb. Qurumun fikrincə, mərasim İslam ənənələrini pozub və məscidin tarixi irsini təhrif edib.
“Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər. Mədəni tədbir adı altında məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz”, – bəyanatda deyilir.
İdarə belə bir halın Azərbaycanla Ermənistan arasında sülh prosesini şübhə altına aldığını və revanşistlərin maraqlarına xidmət etdiyini bildirir.
DQİDK vurğulayır ki, Göy məscid XVIII əsrdə İrəvan (Yerevan) xanlığı dövründə, Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Azərbaycan memarlıq və dini irsinin mühüm nümunəsidir. Abidə tarixdə “Göy məscid”, “Göy cami” və “Hüseynəli xan məscidi” adları ilə tanınıb.
“İstənilən mədəni irs nümunəsinin hansısa ölkənin vəsaiti hesabına bərpası onun həmin ölkəyə məxsusluğunu iddia etmək üçün əsas sayılmır. Göy məscidin tarixi kimliyi onun inşa edildiyi dövr, İrəvan xanlığı və şəhərin Azərbaycan mədəni irsi ilə bağlılığı əsasında qiymətləndirilməlidir. Abidənin “fars məscidi” kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi cəhdləri elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir”, – qurum bildirir.
İran səfirliyinin izahı
Ermənistan hakimiyyəti bu ittihamlara hələlik münasibət bildirməyib.
İranın Yerevandakı səfirliyi Göy məscidin zalına Çarentsin adının verilməsini şairin İran mədəniyyəti və ədəbiyyatına xüsusi marağı, eləcə də sovet dövründə məscidin qorunmasındakı rolu ilə izah edib.
“Azatutyun” yazır ki, Göy məscid sovet dövründə aparılan yenidənqurma kampaniyası zamanı Çarents (1897–1937) daxil olmaqla, bir sıra erməni ziyalılarının səyləri nəticəsində qorunub saxlanılıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Azərbaycanla Ermənistan arasında dini-mədəni abidələrin tarixi və qorunması ilə bağlı mübahisələr isə səngimir.
Bakı Yerevanı işğal dövründə dini ibadətgahları dağıtmaqda, yandırmaqda və orada İslamda haram buyurulan heyvanlar saxlamaqda ittiham edir. Yerevan isə Bakını geri qaytardığı ərazilərdə erməni irsini dağıtmaqda günahlandırır.
Sentyabrda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatların Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng kilsələrini “Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi” adlandırması Ermənistanda müzakirələrə səbəb olub. Bunun ardınca iki ölkə arasında ekspertlər səviyyəsində görüş təxirə salınıb. (AzadlıqRadiosu)

