24 dekabr 1971-ci il. Peru.
17 yaşlı Yuliane Köpke (Juliane Koepcke) anası ilə birlikdə təyyarəyə minir. Onlar Milad bayramını ailəliklə keçirmək üçün atasının yanına gedirlər.
Təyyarədə 92 nəfər var.
Uçuş zamanı güclü tufan başlayır. Göy guruldayır, şimşək çaxır, təyyarə silkələnir. Bir anda təyyarə havada parçalanır.
Yuliane təxminən 3000 metr yüksəklikdən, hələ də oturacağına bağlı vəziyyətdə, Amazon meşəsinə düşür.
Bu yüksəklikdən paraşütsüz düşən insanın sağ qalacağına kim inanar?
Amma möcüzə baş verir.
Qız gözlərini açanda özünü sıx tropik meşənin ortasında görür. Körpücük sümüyü sınıb, bədəni yaralanıb, ayağında yalnız bir sandal var.
Anası yoxdur. Ətrafda insan səsi eşidilmir.
Sonradan məlum olacaq ki, təyyarədəki 92 nəfərdən yalnız o sağ qalıb. Həlak olan 91 nəfərin arasında anası da var.
Lakin Yulianenin əsl mübarizəsi bundan sonra başlayır.
17 yaşlı qız Amazon meşəsində təkbaşına yaşamaq məcburiyyətində qalır.
Yemək demək olar ki, yoxdur. Ətrafda zəhərli həşəratlar, ilanlar, təhlükəli heyvanlar var. Yaraları getdikcə ağırlaşır.
Amma onun bir üstünlüyü var.
Valideynləri zooloqdur. Uşaqlığının bir hissəsini tropik meşələrdə keçirib. Atası ona öyrədib ki, meşədə azanda axar su tapmaq və onun istiqaməti ilə hərəkət etmək lazımdır. Çünki çaylar gec-tez insan yaşayan yerlərə aparır.
Yuliane də belə edir.
Günlərlə axar suyun istiqamətində irəliləyir. Ac, yaralı, taqətsiz vəziyyətdə…
Nəhayət, çayın yaxınlığında kiçik daxma və qayıq tapır. Daha sonra yerli sakinlər onu aşkar edib xilas edirlər.
Qəzadan 11 gün sonra hamının öldüyünü düşündüyü qız yenidən insanların arasına qayıdır.
Bu hekayənin ən təsirli tərəfi isə yalnız onun ölümdən qurtulması deyil.
Yuliane sonradan biologiya üzrə təhsil alır, alim olur və həyatını tropik meşələrin qorunmasına həsr edir.
Bir vaxtlar onu ölümün ağuşuna alan Amazon meşəsi sonradan onun həyatının mənasına çevrilir…

