ABŞ-da keçirilən 3 noyabr seçkilərində Misir əsilli Abdul El-Sayed Miçiqan ştatından Senata seçilib. O, ABŞ tarixində Senata seçilən ilk müsəlman siyasətçidir.
Diqqətçəkən məqam budur ki, El-Sayed hələ seçkilərdən əvvəl Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyini qəbul etmiş və Azərbaycana qarşı ağır ittihamlar səsləndirmişdi.
2026-cı il oktyabrın 1-də yayımlanan bəyanatında o, Tramp administrasiyasının Azərbaycana hərbi yardımını tənqid edərək, “davam edən vəhşiliklər fonunda Azərbaycana hərbi yardım üçün açıq çek verilməsini beynəlxalq hüququn kobud pozuntusu” adlandırmışdı.
Artsağ ifadəsi işlədən El-Sayed həmçinin senator seçiləcəyi təqdirdə erməni xalqının təhlükəsizliyini, ləyaqətini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə edəcəyinə söz vermişdi.
Maraqlıdır ki, onun bu bəyanatı elə həmin gün ABŞ-dəki Azərbaycan diasporunun etirazı ilə qarşılanıb.
1957-ci ildə yaradılmış Amerika Azərbaycan Cəmiyyəti (Azerbaijan Society of America — ASA) El-Sayedə ünvanladığı açıq məktubda onun mövqeyi ilə qəti şəkildə razılaşmadığını bildirib.
Təşkilat xatırladıb ki, Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşüb. Onların çəkdiyi əzablar, geri qayıtmaq hüququ və təhlükəsizlik məsələləri də beynəlxalq müzakirələrdə nəzərə alınmalıdır.
ASA həmçinin ABŞ-nin Azərbaycana hərbi yardımının beynəlxalq hüququ pozması barədə ittihamın konkret hüquqi çərçivə nəzərə alınmadan irəli sürülməsinə etiraz edib.
Məktubda diqqətçəkən bir fikir də var: Sülh bir xalqın ləyaqətini tanıyıb digərinin qanuni hüquqlarını və təhlükəsizliyini nəzərə almamaqla qurula bilməz.
Təşkilat El-Sayedi Azərbaycan icmasının mövqeyini də dinləməyə və dialoqa dəvət edib.
Beləliklə, hələ senator kimi fəaliyyətə başlamamış El-Sayedin Azərbaycanla bağlı mövqeyi artıq siyasi mübahisə doğurub.
Əlbəttə, erməni xalqının hüquqlarını müdafiə etmək hər bir siyasətçinin haqqıdır. Amma Azərbaycanın ünvanına bu qədər ciddi ittihamlar irəli sürülürsə, həmin iddiaların konkret faktoloji və hüquqi əsasları da açıq göstərilməlidir.
Bir xalqın hüquqlarını müdafiə etmək digər xalqın hüquqlarını görməzdən gəlməyi tələb etmir.
