Rəsmi rəqəmlər ölkənin vəziyyətini istənilən tənqidi fikirlərdən daha yaxşı göstərir: Azərbaycanın regionları boşalır, əhali ancaq Bakı-Abşerona cəmləşir, bu iqtisadi problem olmaqla yanaşı, təhlükəsizliklə bağlı da ciddi suallar yaradır.
Yeni rəsmi rəqəmlər açıqlanıb: 2025-ci ildə Azərbaycan üzrə əhalinin gəlirləri 89 milyard 916 milyon manat olub.
Bakı üzrə əhalinin gəlirləri 55 milyard 649 milyon manat təşkil edib.
Bakı və Sumqayıt xaric Abşeron rayonunda bu rəqəm 4 milyard 959,9 milyon manat olub.
Sumqayıtda əhalinin gəlirləri 2 milyard 932,4 milyon manat təşkil edib.
Beləliklə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2025-ci ildə əhalinin gəlirləri (maaş, təqaüd, sosial müavinat, icarə gəlirləri, VÖEN-lə işləyənlərin gəliri və s.) 63 mlrd. 540 mln. manat olub. Bir daha xatırladım ki, ölkə üzrə əhalinin gəlirləri 89 milyard 916 milyon manat təşkil edib.
Yəni, Bakı, Sumqayıt, Abşeronu çıxsan, bu boyda ölkədə əhalinin gəlirləri cəmi 26 mlrd. 379 mln. manat təşkil edib – tək Bakı şəhəri ölkə üzrə əhalinin qazancının 62%-i edir.
Faciəvi vəziyyətdir, ölkə iqtisadiyyatının primitiv, qeyri-effektiv modellə idarə olunduğunun gəstəricisidir – Bakı həm də məhz bu səbəbdən aşırı yüklənib, yaşanılmaz hala gəlib və bu regionlardan Bakı-Abşerona axın edən insanların günahı deyil, yanlış qərarların, idarəetmə sisteminin yaratdığı mənzərədir…
