DünyaSiyasət

AKP-nin əsas hədəfi və Türkiyənin 82-ci vilayət hərisliyi

Azərbaycanın Türkiyədən məsafə saxlamasının zəruriliyi ilə bağlı ötən 5 ildə çox yazılar yazmışam.

Youtube kanallardakı çıxışımda çox danışmışam. Bəzən elə olub ki, çıxışım ya qismən, ya da bütöv şəkildə kanalın arxivindən silinib.
Həmin dövrdə mövqeyimə görə məni hədəf alanların önəmli bir hissəsi son günlər hakimiyyətin qorxusundan mövqelərinə redaktələr etsələr də, qəlblərinin dərinliklərində mənə nifrətlərinin səbəbi olan Ərdoğan sevgisini və türkiyə heyranlığını daşımaqda davam edirlər.

Bunu onların çıxışlarındakı, yazılarında sətiraltı mənalardan aydın görmək olar. Bütün varlığımla inanıram ki, onların bir çoxu Prezident İlham Əliyevin simasında Azərbaycanın mövqeyinin zəifləyəcəyi, Ərdoğanın simasında Türkiyənin üstünlük qazanacağı günü səbirsizliklə gözləyirlər. Səbirsizliklə gözlədikləri həmin günün gəlməsi üçün üzdə bir, arxada başqa cür fikir bildirməkdə, davranmaqda davam edirlər.

İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə təsirinin güclənməsi Azərbaycan ictimai fikirini və Azərbaycan dövlətini doğuran siyasi kimliyi zədələməyə başladı. Türkiyə təsirini yaymaqla Azərbaycanda Türkiyənin “yumşaq güc”ünü formalaşdırmağa çalışanların hədəfi milli dövlət qurmuş çağdaş toplumu bir neçə əsr keçmişə qaytarmaq idi.

Məlum olduğu kimi tarixin erkən dövlərində dil kimliyin əsas identifikatoru idi. Orta əsrlərdə dinlərin güclənməsi ilə dini kimlik müəyyənedici olmağa başladı. Böyük Fransa İnqilabından sonra milli dövlət quran kimlik (siyasi millət) önə çıxdı. Azərbaycan Xalq Cümhuriyyətini də bu kimlik doğurdu.

Güney Azərbaycanın öz müqəddəratını təyin etməsinin yolunu açacaq əsas amil də budur. Türk kimliyi ilə fəxr edən və bunu açıq bəyan edən Prezident Məsud Pezeşkian başda olmaqla güneyli soydaşlarımız İranlı siyasi kimliyi yerinə Azərbycanlı siyasi kimliyini seçsələr İran bir neçə həftənin içində səhnədən silinər, onun yerində Güney Azərbaycanın öz müqəddəratını təyin etməsinə əsaslanan düzən yaranar. Acı da olsa həqiqət ondan ibarətdir ki, Türkiyə bu prespektivdən çox qorxur. Türkiyənin bu qorxusu ilə bağlı hələ yanvar ayında yazdığım “Türkiyənin Güney Azərbaycan qorxusu” başlıqlı məqalədə geniş bəhs etdiyim üçüb burada yenidən yazmağa ehtiyac görmürəm.

Maraqlananlar internetdən tapıb, oxuya bilərlər.
Ərdoğanın “türk-kürd-ərəb qardaşlığı” adı verdiyi məzhəbçi siyasətin hədəf olaraq güneyli-guzeyli Azərbaycanı seçməsi də buradan qaynaqlanır. Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Urmiyanın (Urmu) Türkiyədə təkrar-təktar “kürd şəhəri” kimi təqdim edilməsi də, Azərbaycan dövlətini doğurmuş siyasi kimliyin dağıdılmasına yönəlmiş təşəbbüslər də bu prosesin nəticəsidir. İranın bölünəcəyi halda Azərbaycanın bütövləşməsinin və ardınca Böyük Azərbaycanın yaranmasının qarşısını alacaq yeganə təhlükə Azərbaycanlı siyasi kimliyinin məhv edilməsidir. AKP iqtidarının da əsas hədəfi budur. AKP və onun siyasətini bölüşən Türkiyənin önəmli bir kəsimi Azərbaycanı yalnız və yalnız Türkiyənin 82-ci vilayəti kimi görmək istəyir. Əhməd Davudoğlunun Suriyanı “Müsəlman qardaşları”nın əli ilə Türkiyənin 82-ci vilayətinə çevirmək istəyi yüz minlərlə insanın həyatına, milyonlarıa insanın faciəsinə səbəb oldu. İkinci Qarabağ Müharibəsindən sonra AKP və Türkiyənin önəmli bir kəsimi Azərbaycana 82-ci vilayət kimi baxmağa, davranmağa başlayıblar. “Hicab məsələsi”nə Türkiyənin isterik reaksiya da buradan qaynaqlanır. Azərbaycana yönəlmiş bütün tənqid, təhdid və təhqirlərin mətni fərqli olsa da, ruhu eynidir: “Siz bizim istəmədiyimizi edə bilməsiniz”.

Təəssüf ki, bu bədnam prosesdə vətəndaşlarımızın da bir qrupu yer alır. Prosesi təhlükəli edən əsas məqamlardan biri də budur. Üstəlik, həmin qrupa aid onlar Azərbaycanda ictimai fikirin formalaşmasında mühüm rıçaqlara malikdirlər. Bu təhlükə aradan qaldırılmadan Türkiyənin bədnam 82-ci vilayət isterikasının qarşısnı almaq çətin olacaq. Unutmayın, ağacı qurd içindən yeyər.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Marsda ilk insan, yoxsa AB-də Azərbaycan?

redaktor

Dünyanın ən böyük maye qaz ixracatçısı idxalatçısına çevrilir

redaktor

Ukrayna dronları Lukoil şirkətinin Rusiyadakı ən böyük neft emalı zavoduna hücum edib

redaktor