DünyaSiyasət

Siyasi külək dəyişəndə orduda kim yüksəlir?

Türkiyə ilə Azərbaycan arasında son həftələr müşahidə olunan gərginlik hələ strateji ayrılıq səviyyəsinə çatmayıb. Ancaq İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvətinə baxmayaraq Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının zirvəsinə qatılmaması münasibətlərdəki narazılığın əvvəlkindən daha açıq göründüyünü göstərdi.

İndi maraqlı sual meydana çıxır: siyasi münasibətlər daha da soyuyarsa, uzun illər Türkiyədə təhsil almış və Türkiyə hərbi məktəbinin təsiri altında yetişmiş azərbaycanlı zabitlərin vəziyyəti necə olacaq?

Sovet ordusundan qalan miras

Azərbaycan müstəqillik əldə edəndə milli ordunun əsas zabit korpusu sovet hərbi məktəblərinin məzunlarından ibarət idi. Onlar rus dilində təhsil almış, sovet komandanlıq sistemi və hərbi doktrinası ilə formalaşmışdılar.

1993–2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov bu nəslin ən tanınmış nümayəndələrindən idi. O, Moskvadakı Frunze Hərbi Akademiyasını və sovet ordusunun ali zabit kurslarını bitirmişdi.

Lakin müstəqillikdən sonra Azərbaycan tədricən alternativ hərbi məktəb yaratmağa başladı. Türkiyə ilə hərbi təhsil haqqında ilk sazişlər 1992 və 1996-cı illərdə imzalandı. Sonrakı illərdə 10 mindən çox azərbaycanlı hərbçi Türkiyədə müxtəlif kurs və təlimlərdən keçdi. 2001-ci ildə isə Azərbaycan ordusunda NATO standartlarına uyğun təlim sisteminin qurulması məqsədilə xüsusi tədris mərkəzi fəaliyyətə başladı.

Beləliklə, orduda tədricən iki hərbi düşüncə məktəbi formalaşdı: sovet-rus sistemində yetişən köhnə zabitlər və Türkiyə-NATO modelini mənimsəyən yeni nəsil.

2020-ci ildən sonra Türkiyə modelinin yüksəlişi

İkinci Qarabağ müharibəsi Türkiyə hərbi modelinin nüfuzunu daha da artırdı. Xüsusi təyinatlı qüvvələrin istifadəsi, pilotsuz uçuş aparatlarının döyüş əməliyyatlarına inteqrasiyası, çevik komandanlıq və kiçik hərbi birliklərin təşəbbüs imkanları sovet ordusunun ağır və mərkəzləşdirilmiş modelindən fərqlənirdi.

İlham Əliyev hələ müharibə zamanı Azərbaycan ordusunun daha kiçik miqyasda Türkiyə ordusu modelinə uyğunlaşdırılacağını bildirmişdi. 2022-ci ildə yaradılan Milli Müdafiə Universiteti də Türkiyənin Milli Müdafiə Universitetinin quruluşuna yaxın model əsasında formalaşdırıldı. 2025-ci ildə Baş Qərargah rəisi Kərim Vəliyev ordunun Türkiyə modelinə uyğunlaşdırılmasının davam etdiyini açıq şəkildə söyləmişdi.

Ancaq burada mühüm bir incəlik var. Türkiyə modelinin yüksəlişi sovet məktəbi məzunlarının tamamilə ordudan çıxarılması demək olmadı. Nəcməddin Sadıkovun yerinə təyin edilən Kərim Vəliyev özü də sovet hərbi təhsil sistemindən çıxmış zabitdir. O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib və uzun müddət sovet ordusunda xidmət edib.

Deməli, Azərbaycan ordusunda baş verən dəyişiklik sadəcə “Rusiyada oxuyanları Türkiyədə oxuyanlar əvəz etdi” şəklində olmayıb. Əslində köhnə zabit korpusunun üzərinə Türkiyə təlimi, NATO standartları və yeni texnologiyalar əlavə edilib. Ortaya qarışıq, hibrid sistem çıxıb.

Münasibətlər soyuyarsa nə baş verə bilər?

Türkiyə–Azərbaycan münasibətlərindəki indiki fikir ayrılıqları hicab mübahisəsi ilə məhdudlaşmır. İsrail, Ermənistanla normallaşma, suverenliyə müdaxilə ittihamları və Ankaranın Bakı üzərində təsir imkanları da müzakirə olunur. İlham Əliyevin Ankara zirvəsinə getməməsi bu narazılıqların artıq simvolik səviyyəyə çıxdığını göstərdi.

Bununla belə, Türkiyədə təhsil alan zabitlərin kütləvi şəkildə ordudan uzaqlaşdırılması real görünmür. Bu zabitlər artıq kənardan gəlmiş kiçik qrup deyil. Onlar komandanlıq, xüsusi təyinatlı qüvvələr, hərbi təhsil və qərargah sisteminin müxtəlif pillələrində çalışırlar. Üstəlik, onların bir hissəsi Qarabağ müharibəsində döyüş təcrübəsi qazanıb.

Əgər siyasi gərginlik uzanarsa, dəyişiklik daha səssiz formada baş verə bilər:

Birincisi, Türkiyədə təhsil alan bəzi zabitlərin yüksək vəzifələrə yüksəlişi yavaşıdıla bilər. Onlar vəzifədən çıxarılmaya, lakin ən həssas komandanlıq mövqelərinə gətirilməyə bilərlər.

İkincisi, Türkiyəyə göndərilən kursant və zabitlərin sayı azaldıla bilər. Azərbaycan bunun əvəzinə Pakistan, İtaliya, Böyük Britaniya və digər ölkələrlə hərbi təhsil əlaqələrini genişləndirə bilər.

Üçüncüsü, “Türkiyə modeli” ifadəsi tədricən “Azərbaycanın milli hərbi modeli” anlayışı ilə əvəz oluna bilər. Türkiyədən alınan təcrübə saxlanılar, amma siyasi və simvolik bağlılıq zəiflədilər.

Dördüncüsü, xaricdə təhsil almış zabitlər arasında balans yaradıla bilər. Rusiya kanalı da tamamilə bağlanmayıb. Məsələn, 2025-ci ildə Azərbaycan ordusunun on hərbi tibb zabiti Sankt-Peterburqdakı Kirov Hərbi Tibb Akademiyasını bitirib.

Tarixin xəbərdarlığı

Tarix göstərir ki, xarici siyasət istiqaməti dəyişəndə ordudakı kadr tarazlığı da dəyişə bilir.

1972-ci ildə Misir prezidenti Ənvər Sədat sovet hərbi müşavirlərini ölkədən çıxardı. Sonrakı illərdə Misir ordusu tədricən ABŞ silahları, təlimləri və hərbi yardımı ilə yenidən quruldu. Sovet məktəbinin yerini bir gündə deyil, illər ərzində Amerika ilə əlaqəli zabit və hərbi strukturlar tutdu.

1979-cu il İran inqilabından sonra isə proses daha sərt oldu. Şah dövründə ABŞ və Qərb ölkələrində təhsil alan minlərlə zabit siyasi baxımdan etibarsız sayılaraq ordudan uzaqlaşdırıldı. Bunun əvəzində İnqilab Keşikçiləri yüksəldi. Lakin aparılan təmizləmələr ordunu zəiflətdi və İran–İraq müharibəsinin ilk mərhələsində ağır nəticələr doğurdu.

Azərbaycanın indiki vəziyyəti nə Misirin 1972-ci il qərarına, nə də İranın 1979-cu il inqilabına bənzəyir. Ankara və Bakı arasında hərbi, enerji və iqtisadi əlaqələr davam edir. Buna görə yaxın zamanda genişmiqyaslı kadr təmizləməsi gözləmək düzgün olmaz.

Ancaq siyasi konyunktura uzun müddət dəyişməz qalsa, bunun ilk əlamətləri rəsmi bəyanatlarda deyil, zabit təyinatlarında görünəcək. Hansı məktəbin məzunları korpus komandiri olur? Kim Baş Qərargaha gətirilir? Kursantlar daha çox hansı ölkələrə göndərilir? Türkiyədə təhsil alan zabitlər yüksəlməkdə davam edirlərmi?

Siyasi münasibətlər dəyişəndə hərbi diplom sadəcə təhsil sənədi olmaqdan çıxır. O, zabitin peşəkar hazırlığı ilə yanaşı, onun hansı siyasi və hərbi ənənəyə bağlı olduğunun göstəricisinə çevrilir. Azərbaycan ordusundakı gələcək kadr təyinatları Türkiyə ilə münasibətlərin həqiqətən müvəqqəti gərginlik, yoxsa daha dərin strateji dəyişiklik yaşadığını göstərən ən dəqiq ölçülərdən biri olacaq…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Turanlılarız…” — Sabirin bir əsr əvvəl etdiyi xəbərdarlıq

redaktor

Ağdamda ev davası, yoxsa gündəm…

redaktor

Avropa artıq böhranı etiraf edir, amma çıxış yolu hələ görünmür

redaktor