Səhərdən Aqil Abbasla bağlı yazılan yazılara, paylaşımlara baxır və düşünürəm:
“Bu məsələ ətrafındakı mübahisələr təbii yoll baş verir, yoxsa gündəmi zəbt etməsi, tema olması üçün bəlli dairələr tərəfindən qəsdən şişirdilir?”
Amma bundan əvvəl onu da düşünürəm ki, Aqil müəllimin Ağdamda ev istəməsi onun təbii arzusundan irəli gəlib, yoxsa gündəm formalaşdırmaq məqsədi ilə deyilib?
Niyə? Çünki Aqil Abbas o qədər də piyada adam deyil ki, belə bir qıcıq doğuran fikri birbaşa Milli Məclisin tribunasından səsləndirsin və özünü zərbə altına qoysun. Hər halda 30 ildən artıqdır deputatdır və etiraf edək bu statusu uzun illər, həm də belə bir iqtidar komandası daxilində qoruyub saxlamaq asan deyil.
Ramiz Mehdiyev kimi əjdəhanı udan rejim Aqil Abbası qarışqa kimi əzər, heç uf da deməz.
Deməli, Aqil Abbas sadəcə “quşlamayıb” və məqsəd məhz hay-küy yaratmaq olub.
Görəsən, bu onun öz ağlına gəlib, yoxsa tezisi siyasi texnoloqlardan alıb?
Əlbəttə ki, texnoloqlardan alıb. Bəs hansı yolla?
Birbaşa, yoxsa dolayı?
Məncə, texnoloqlar Aqil müəllimi üçüncü bir şəxs vasitəsilə “tırkalayıblar”? Aqil onları tanımamalıdır. Texnologiyanın xüsusiyyəti budur.
Aqil Abbasın xarakterinə, səviyyəsinə yaxşı bələd olan texnoloqlar kiminsə vasitəsilə ona deyiblər:
“Ağdamda hamıya ev verirlər, Aqil müəllim, Siz niyə kənarda qalasınız. Siz Ağdam haqqında ən çox danışan, ən çox təbliğat aparan, Qarabağımızı deputat mandatından da çox sevən bir insansınız. Sizə orada mütləq ev düşür…”
Aqilə də bir işarə bəsdir…
Yazı-pozu adamıdır axı, mənim kimi soyuq başla düşünmək problemi var…
Mənə də yazılarımı, PDF-lərimi on-line satmaq təklifini özünü dost kimi göstərən biri vermişdi. Düşündüm ki, heç də pis variant deyil. Məntiqlidir. Xalq dünənə qədər kitaba, qəzetə pul verirdisə, bu gün niyə PDF-ə, yaxud elektron hansısa yazıya görə 1-2 manat ödəməsin?
Bəs nəticə nə oldu? Cəmi-cümlətanı 3-4 nəfər ucuz qiymətə nəsə aldı və bundan sonra bəzi blogerlər məni “dilənçilikdə” ittiham etməyə başladılar.
Təsadüfdürmü? Qətiyyən… Məncə, təşkil olunmuşdu…
Başa düşdüm ki, xalqın psixologiyası və mütəqilliyə, halal zəhmətə meyilli yazı adamının xarakterini yaxşı bilən texnoloqlar mənə tələ qurublar.
Bundan sonra mənimlə yüngülvari konfliktə girən trolların hamısı mənə məhz “dilənçi” deməyə başladı. Halbuki mən yalnız yazılarımı satmağa cəhd etmiş, alınmadığını görüb, dayandırmışdım,
Mənə “dilənçi” deyən bloger və trollara da birbaşa göstəriş verilməyib. Blogerə populyar mövzu lazımdır və bu mövzu ona üçüncü şəxsin diliylə ötürülür. Trolların öz maraqları var: kiminə müdirə xoş gəlmək, kiminə iş yerini qorumaq, kiminə də sadəcə yaltaqlanmaq, usluqa göstərmək lazımdır. Samir kimi…
Bu məsələni dəqiqləşmək üçün kiçik bir test apardım. Mənə İnternetdə yazı satmağı məsləhət görən şəxsin bir sualına qəsdən yanlış cavab verdim və gözlədim.
Bilirdim ki, ona yalan dediyimi bir neçə günə biləcək. Bildi və əsəbləşib, başqa bir məsələni bəhanə edərək, dişinin zəhərini tökdü. Bildim ki, ifşa olunmasını ona bağışlamayıblar. Odur ki, onu blok etdim getdi.
Samiri də ifşa etmişəm və cəzasına çatacaq…
Bəs Sahibə Qafarovanın Aqil Abbasa verdiyi cavab necə, o da qurmadır, yoxsa təbii.
Məncə, qurmadır. O bu cavaba əvvəlcədən hazırlaşıb:
“Aqil müəllim, siz görülən işlərə kölgə salırsınız…”
Bəli, o məhz bu cür cavab verməli, məsələyə xalqçı, dövlətçi mövqedən yanaşmalıydı. Təbii ki, sözdə.
Əməldə isə nə xalqçılıq görürük, nə də dövlətçilik. Hər şeyi sadəcə satırlar. Torpağı da, evi də, vəzifələri də, tenderləri də…
Bunların dövlətçiliyi də, xalqçılığı da, vətənə xidməti də gündəm yaradıb, xalqın başını qatmaqdan, onu məhvə sürükləməkdən ibarətdir…
