16 C
Bakı
30 Oktyabr 2026 01:30
DünyaSiyasət

Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammitinə getmədi

Məlum olan səbəb Prezidentin proqramıdır: 30 oktyabrda Bakıda keçirilən FİFA U-15 dünya çempionatı və festivalının mükafatlandırılma mərasimində dövlət başçısı iştirak edəcək, buna görə Azərbaycanı sammitdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Hərçənd bu, qarşılıqlılıq prinsipi (reciprocity), yəni “nə əkərsən, onu da biçərsən” formasında qiymətləndirilir. Misal üçün, Ərdoğan 2024-cü ildə TDT-nin Şuşa sammitində iştirak etməmiş, Berlində Türkiyə millisinin Niderlandla qarşılaşmasını izləmişdi. Bu il Bakıda keçirilən iki beynəlxalq tədbirdə də (Ümumdünya Şəhərsalma Forumu və CİCA) Türkiyə prezident səviyyəsində təmsil olunmadı. Bakı bunu anlayışla qarşılayıb, indi də Əliyevin TDT sammitinə getməməsini Ankaranın anlayışla qarşılamasını istəyir.

Bu, Türkiyədə Azərbaycana qarşı üst pərdədən olan münasibətin qəbul edilməməsi mesajını da özündə ehtiva edir.

Ehtimal edilən səbəb Türkiyədən Azərbaycana qarşı informasiya hücumlarıdır. Son bir ayda genişmiqyaslı xarakter daşıyan kampaniya əslində təxminən üç il öncə Azərbaycan-İsrail əməkdaşlığı üzərindən başlayıb. Türkiyədə kampaniya aparanların tələbi belədir ki, Azərbaycan İsraillə ticarət də daxil olmaqla bütün əlaqələrini kəsməlidir. Azərbaycan haqlı olaraq, bunu suverenliyinə müdaxilə hesab edir, eyni zamanda, Ankaranın etmədiyi şeyi Bakıdan istəmələrini ciddiyə almır. İsrail Qəzzaya girəndə Türkiyə bu ölkə ilə ticarət əlaqələrini davam etdirirdi, hətta beş ən böyük tərəfdaşından biri idi. 2024-cü ildə ticarətə son qoyduqlarını elan etsələr də, masa altından alverin davam etdiyinə, xüsusilə üçüncü ölkələr – Yunanıstan və Fələstin üzərindən aparıldığına dair ciddi məlumatlar var.

BMT sessiyasında Netanyahunun çıxışı zamanı bir azərbaycanlı diplomatın zalı tərk etməməsi isə Türkiyədə geniş müzakirələrə səbəb oldu. Halbuki bu, diplomatik etikek idi və aydın görünürdü ki, Türkiyədə bu məsələdən Azərbaycana qarşı bəhanə kimi istifadə edirlər. Bu məsələ bitməmiş vahid məktəbli forması üzərindən hücuma keçdilər. Azərbaycan hücumu İrandan gözlədiyi halda, qardaş ölkədən gəlməsi gərginliyi gücləndirən amillər arasındadır.

Bu hücumlarda Bakı iki məsələni aydınlaşdırmaq istəyirdi.

Birincisi, informasiya hücumlarında Türkiyənin hakim dairələrinin, AKP millət vəkillərinin və himayə edilən radikal dini qrupların iştirakıdır. Bu, kampaniyanın Türkiyə hakimiyyəti tərəfindən təşkilinə diqqət çəkirdi.

İkincisi, rəsmi Ankaranın prosesə müdaxilə etməməsi idi.

Münasibətlərin zədələnməsində Ankaranın prosesə gec müdaxiləsinin rolu oldu. Görünür, Türkiyə problemlərin həlli istiqamətində addımlar atsa da, Azərbaycan üçün vəziyyət hələ də qaneedici deyil.

a) Türkiyədə Azərbaycana qarşı kampaniya müəyyən qədər səngisə də, tam başa çatmayıb;
b) Son bir ayda aparılan kampaniya nəticəsində Türkiyə cəmiyyətində Azərbaycanla bağlı mənfi rəy formalaşıb;

Mümkündür ki, Bakı bunu hələ də qəbul etmir və Əliyevin Ankaraya getməməsinin səbəbi də Türkiyə rəhbərliyinin yanaşmasını qənaətbəxş hesab etməməsidir.

Bunun Azərbaycanın TDT-dəki fəaliyyətinə aidiyyəti yoxdur. Bakı türk dünyasında əvvəlki yerini saxlayır. Baş verənlər Azərbaycan-Türkiyə münasibətlərində “hər şeyin bitdiyi” də demək deyil. Əliyevin 29 oktyabrda Ərdoğana ünvanladığı məktub da bunu deməyə əsas verir. Sadəcə olaraq, Azərbaycan qardaş Türkiyə olsa belə, hər bir ölkə ilə münasibətlərində bərabərlik işarəsinin əsas olduğunu nümayiş etdirir. Görünür, son illər Türkiyədə Azərbaycana olan münasibəti dəyişdirməyin yolu budur.

 

Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Türk ailəsində bu qədər küsülü qalmaq olarmı?

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – V hissə

redaktor

Netanyahudan dünyaya demokratiya dərsi

redaktor