Azərbaycanın iqtidara bağlı mediası Prezident İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməməsini Azərbaycanın suverenliyinin nümayişi və Türkiyəyə verilmiş diplomatik mesaj kimi qiymətləndirir.
Bu mülahizəni başa düşmək olar. Son həftələr Türkiyənin bəzi siyasi dairələrindən və media qurumlarından Azərbaycan rəhbərliyinə qarşı səsləndirilən təhqiramiz ifadələr qəbuledilməzdir. Azərbaycan müstəqil dövlətdir və onun daxili siyasətini Ankara müəyyənləşdirmir.
Amma bütün bunlara rəğmən, məncə, İlham Əliyev sammitə getməli idi.
Türk Dövlətləri Təşkilatı nə Ərdoğanın, nə də Əliyevin şəxsi layihəsidir. Bu, milyonlarla insanın gələcəyə bağladığı ümiddir. Biz illərdir türk dünyasını bir ailə adlandırırıq. İlham Əliyev özü də Türk Dünyasını bizim ailəmiz adlandırıb. Bəs öz ailəmizdə fikir ayrılığı yarananda nə edəcəyik? Bir-birimizdən küsüb ailə məclislərinə getməyəcəyik?
Azərbaycan mediası vəziyyətdən çıxmaq üçün xatırladır ki, Ərdoğan da vaxtilə Şuşa sammitinə qatılmayıb. Doğrudur. Amma bir yanlışlığı başqa bir yanlışlıqla əsaslandırmaq nə dərəcədə məntiqlidir? Məgər türk birliyini diplomatik incikliklərin hesablaşma meydanına çevirməliyik?
Üstəlik, Ərdoğan Əliyevə telefon açaraq onu sammitə dəvət edib. Baş müşaviri Oktay Saralın vəzifədən uzaqlaşdırılması da münasibətlərin yumşaldılması istiqamətində mümkün siyasi mesaj kimi qəbul olunur. Belə bir şəraitdə Ankaraya getmək zəiflik deyil, dialoqa üstünlük vermək olardı.
Türk ailəsi yalnız xoş günlərin ailəsi olmamalıdır. Əsl birlik fikir ayrılıqları yarananda, tərəflər bir-birindən incidikdə sınağa çəkilir. Dövlət rəhbərlərinin vəzifəsi də inciklikləri böyütmək deyil, onları aradan qaldırmaqdır.
Azərbaycanın suverenliyi müzakirə predmeti deyil. Amma suverenliyi qorumaq üçün mütləq sammitdən kənarda qalmaq da lazım deyil. Bəzən ən güclü diplomatik mesaj elə danışıqlar masasında əyləşməkdir.
Biz türk birliyini qururuq, yoxsa bir-birimizdən inciməyin diplomatik qaydalarını öyrənirik?
Bir millət, iki dövlət deyiriksə, bu münasibət yalnız bayramlarda deyil, çətin günlərdə də özünü göstərməlidir…
