17 C
Bakı
27 Oktyabr 2026 22:07
DünyaİqtisadiyyatSiyasət

Konqresmenlər banklara və limanlara Rusiya dizeli ilə bağlı xəbərdarlıq ediblər

ABŞ Konqresinin hər iki partiyasından olan bir qrup konqresmen Amerika banklarına, liman idarələrinə və yanacaq sənayesi təşkilatlarına Rusiya dizelinin idxalına şərait yaratmamaqla bağlı xəbərdarlıq edib. Onların sözlərinə görə, bu idxal federal qanunları poza və şirkətləri mülki, həmçinin cinayət məsuliyyəti ilə üz-üzə qoya bilər.

Konqresmenlər bu addımın həm də milli təhlükəsizlik baxımından narahatlıq doğurduğunu, Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Moskvaya əlavə gəlir qazandıracağını bildirirlər.

Prezident Trampın Rusiya prezidenti Vladimir Putinlə əldə etdiyi razılaşmaya əsasən, Moskva ABŞ-yə yüz minlərlə ton dizel yanacağı göndərməlidir və yaxın aylarda əlavə partiyaların tədarükü də planlaşdırılır.

“Rusiya dizelinin ABŞ-yə istənilən formada idxalı ciddi hüquqi suallar doğurur, həmçinin məhkəmə çəkişmələrinə və Konqres araşdırmalarına səbəb ola bilər”, – konqresmenlər məktubda xəbərdarlıq ediblər.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, demokratlar noyabrda keçiriləcək aralıq seçkilərində Konqresin bir və ya hər iki palatasına nəzarəti ələ keçirsələr, bu cür araşdırmaları aparmaq səlahiyyəti qazanacaqlar.

Sözügedən məktubu demokrat senatorlar Cin Şahin, Ron Uayden, vəzifəsindən getmək üzrə olan respublikaçı senator Tom Tillis, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demokratların aparıcı nümayəndəsi Qreqori Miks və digərləri imzalayıblar.

Onlar şirkətləri müvafiq hüquqi tələblər yerinə yetirilənədək Rusiya mənşəli dizel yanacağının alınması, daşınması və idxalına vasitəçilik etməməyə çağırıblar.

21 oktyabr

Rusiya ABŞ-yə ilk dizel tankerini yola salır

Rusiya sabah – oktyabrın 21-də ABŞ-yə dizel yanacağı daşıyan ilk tankeri yola salacaq. “Vedomosti” nəşrinin məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Moskva oktyabrın 9-da dizel yanacağının ixracına qoyulan qadağanı aradan qaldırıb. Bundan əvvəl isə ABŞ prezidenti Donald Trampla dizel yanacağının dünya bazarlarına tədarük edilməsinə dair razılaşma əldə olunub. Rusiyada bu qadağa Ukrayna dronlarının neft emalı zavodlarına hücumları nəticəsində yaranan yanacaq qıtlığının qarşısını almaq məqsədilə tətbiq edilmişdi.

Novak tankerin 40 min metrik ton dizel yanacağı daşıyacağını bildirib. Onun sözlərinə görə, yanacaq tədarükü ilə bağlı sənədləşmə işləri artıq yekunlaşmaq üzrədir. Novak yükün hansı limandan yola salınacağını açıqlamasa da, əlavə tədarüklərin də olacağını vurğulayıb.

“İki lider arasında razılaşmalar əldə edilib. İmkanlarımız daxilində ABŞ-nin ehtiyaclarını ödəyəcəyik”, – deyə RİA agentliyi Novaka istinadən yazır.

Tramp Rusiyanın dərhal 300 min metrik ton (yaxud 2.25 milyon barel) dizel yanacağı ixrac edəcəyini bəyan etmişdi. Bunun ardınca noyabrda 500 min ton, “bundan dərhal sonra” isə daha 1 milyon ton yanacaq göndəriləcək.

ABŞ ilə Rusiya arasında dizel yanacağının ixracına dair əldə olunan bu razılaşma Vaşinqtonla Kiyev arasında münasibətləri pisləşdirib.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 21-də Sankt-Peterburqda ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffu qəbul edib. Görüş zamanı Uitkoff ixrac məhdudiyyətlərini aradan qaldırdığına görə Putinə təşəkkür edib. Rusiya lideri isə bu razılaşmadan sonra dünya bazarında dizel yanacağının qiymətinin 5-6 faiz ucuzlaşdığını diqqətə çatdırıb.

Putin onu da əlavə edib ki, Rusiya dizel yanacağı daşıyan ilk tankerləri iki-üç gün ərzində yola salacaq. O, həmçinin Rusiyanın ABŞ bazarına “böyük həcmdə” gübrə tədarük etməyə də hazır olduğunu vurğulayıb.

 

Rusiya dizeli əvvəlki alıcılarına gedir

ABŞ-nin vasitəçiliyi ilə Rusiyanın dizel yanacağı ixracına qoyulan qadağa qaldırıldıqdan sonra Rusiya dizelinin əvvəlki əsas alıcılara yenidən göndərilməsinə başlanıb. “Reuters” agentliyi bu barədə “Kpler” və “LSEG” şirkətlərinin gəmi daşımalarına dair məlumatlarına istinadən xəbər verir. Son günlər azı iki tankerin Türkiyə və Braziliyaya yola düşəcəyi açıqlanıb.

ABŞ-dən sonra dünyanın ikinci ən böyük dizel yanacağı ixracatçısı olan Rusiya hələ yay aylarında ixracı azaltmışdı. Ukraynanın bu ölkədəki neft emalı zavodlarına etdiyi genişmiqyaslı hücumlar səbəbindən Moskva dizel yanacağının xaricə satışına qadağa qoymuşdu.

2023-cü ildən bəri Türkiyə və Braziliya Rusiya dizelinin ən böyük iki alıcısı olub. Qərb Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına cavab olaraq sanksiyalar tətbiq etdikdən sonra Moskva neft ixracı marşrutlarını dəyişmişdi.

Oktyabrın 16-da Rusiyanın Baltik dənizindəki Primorsk limanından yola düşən “Leruo” tankerinin təyinat məntəqəsi kimi Braziliyanın Manaus şəhəri göstərilir. Oktyabrın 14-də Primorsk limanından çıxan “Dolunay” tankeri isə Türkiyənin Alanya şəhərinə istiqamətlənib.

“Kpler” şirkətinin məlumatlarına görə, bu il Rusiyadan ixrac edilən dizel yanacağının təxminən 34 faizi Türkiyənin payına düşüb ki, bu da gündəlik 95 min barel deməkdir. Braziliyanın payı isə 24 faiz, yaxud gündəlik 66 min barel təşkil edib.

19 oktyabr

Türkiyə Rusiyadan dizel yanacağının bir hissəsini alacaq

Türkiyə Moskva ilə Vaşinqton arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın dünya bazarlarına çıxaracağı dizel yanacağının bir hissəsini alacaq. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib. Onun sözlərinə görə, bu razılaşma Türkiyənin enerji təhlükəsizliyi baxımından vacibdir, çünki ölkə bu sahədə qismən Rusiyadan asılıdır.

“Rusiya son aylarda dizel yanacağının ixracına məhdudiyyətlər qoymuşdu. İndi isə onlar Tramp ilə dizel yanacağı üzrə razılığa gəliblər. … Danışıqlar nəticəsində biz həmin dizel yanacağının bir hissəsini Türkiyə üçün alacağıq”, – deyə Bayraktar söyləyib.

Nazir tədarükün həcmi və müddəti barədə ətraflı məlumat verməyib.

Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə 300 min tondan çox yanacağın dərhal tədarük edilməsi barədə razılığa gəldiyini açıqlayıb. Daha 500 min ton yanacaq noyabrda, bir milyon ton “bundan dərhal sonra”, üç milyon ton isə “Rusiya neft emalı zavodlarının vəziyyəti nəzərə alınmaqla yaxın vaxtlarda” tədarük olunacaq.

Rusiyada dizel yanacağının ixracına qoyulan qadağa 2026-cı il iyulun 8-dən qüvvədə idi. Amma Trampın bəyanatından cəmi bir gün sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak bu qadağanın nəzərdə tutulandan daha tez ləğv ediləcəyini bildirib. Novak oktyabrın 18-də bəyan edib ki, müqavilələr bağlandıqdan sonra Rusiyanın dizel yanacağı 15-20 gün ərzində ABŞ bazarlarına çıxarılacaq. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

admin

İstanbulda Azərbaycana girişi qadağan edilmiş Məhəmməd Əmin Yıldırım saxlanılıb

redaktor

Azərbaycan QHT-ləri Pezeshkianı İranda Azərbaycan dilində təhsili tətbiq etməyə çağırıb

redaktor