17 C
Bakı
27 Oktyabr 2026 11:13
CəmiyyətDünyaSiyasət

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf Azərbaycanda hicab məhdudiyyətləri ilə üzləşən qızların İran universitetlərində təhsil ala biləcəklərini bildirib. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif də bu təşəbbüsü dəstəkləyib. Azərbaycanın Elm və Təhsil Nazirliyi isə İran rəsmilərinin açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.

İranın “Tasnim” agentliyinin məlumatına görə, Hüseyn Simayi-Sərraf oktyabrın 22-də yayımlanan videomüraciətində İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu açıqlayıb.

“İran İslam Respublikasının elm naziri kimi bəyan edirəm ki, İran universitetlərinin qapıları təhsil almaq istəyən azərbaycanlı qızların üzünə açıqdır”, – nazir bildirib.

Simayi-Sərraf əlavə edib ki, İran təhsil hüququndan istifadə etmək üçün dini hicabından imtina etməyə məcbur qaldığını dediyi qızları qəbul edə bilər.

Oktyabrın 25-də İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif də bu təşəbbüsü dəstəkləyib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Elm Nazirliyinin qərarını alqışlayaraq digər təhsil qurumlarını da azərbaycanlı şagird və tələbələrin qəbulu üçün tədbirlər görməyə çağırıb.

“Azərbaycan Respublikasında təhsildən məhrum edilmiş hicablı qızların qəbuluna göstərdiyi düşünülmüş yanaşmaya görə Elm Nazirliyinə təşəkkür edirəm. Səhiyyə və təhsil nazirlərindən, eləcə də İslam Azad Universitetinin rektorundan azərbaycanlı şagird və tələbələrin qəbulu və təhsillərini davam etdirmələri üçün lazımi tədbirləri görmələrini istəyirəm”, – Arif yazıb.

Azərbaycanın Elm və Təhsil Nazirliyi oktyabrın 26-da İranın elm naziri Hüseyn Simayi-Sərrafın açıqlamasına münasibət bildirib. Qurum bu təklifin “təəccüb və təəssüf” doğurduğunu açıqlayıb.

“Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır”, – nazirliyin açıqlamasında deyilir.

Qurum İran rəsmilərini başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrindəki problemlərlə məşğul olmağa çağırıb.

Nazirlik həmçinin İranda Azərbaycan dilində təhsil imkanlarının məhdudlaşdırıldığını bildirib.

“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər”, – açıqlamada qeyd olunub.

Nazirlik İran rəsmilərini bu məsələnin həlli üçün tədbirlər görməyə çağırıb.

Sentyabrın 21-də Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydalarına dəyişiklik edib. Yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadə qadağan edilir. Sənəddə hicabın adı birbaşa çəkilmir.

Oktyabrın 6-da müəllimlərin geyiminə dair də yeni qaydalar təsdiqlənib.

Bundan sonra ölkənin müxtəlif məktəblərində hicablı şagird və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar və görüntülər yayılıb. Bəzi məktəblərin qarşısında etiraz aksiyaları keçirilib, şagird və müəllimlər dərsləri küçədə davam etdiriblər.

Daxili İşlər Nazirliyi oktyabrın 12-də etirazlarla əlaqədar 37 nəfərin saxlanıldığını açıqlayıb. Fəallar isə saxlanılanların sayının 400-dən çox olduğunu bildiriblər.

Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” oktyabrın 16-da yaydığı bəyanatda hicaba görə qızların dərsə buraxılmamasını ayrı-seçkilik adlandırıb. Təşkilat Azərbaycan hakimiyyətini şagird və müəllimlərin təhsil hüququnu təmin etməyə, dinc etirazlara görə saxlanılanları azadlığa buraxmağa çağırıb.

“Amnesty International” bildirib ki, dövlət təhsilinin dünyəvi xarakter daşıması dini geyimə ümumi məhdudiyyət qoyulmasına haqq qazandırmır. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İstanbulda Azərbaycana girişi qadağan edilmiş Məhəmməd Əmin Yıldırım saxlanılıb

redaktor

Azərbaycan QHT-ləri Pezeshkianı İranda Azərbaycan dilində təhsili tətbiq etməyə çağırıb

redaktor

Hitlerin saxta gündəliklərini hazırlayıb “Stern” jurnalına satan Konrad Kuyau

admin