17 C
Bakı
26 Oktyabr 2026 13:42
DünyaSiyasət

Vuçiçin məğlubiyyəti: Rusiya üçün zərbə, Ukrayna üçün fürsət

Serbiyada Aleksandr Vuçiçin siyasi düşərgəsinin seçkilərdə məğlubiyyəti təkcə ölkənin daxili siyasəti baxımından deyil, həm də Avropadakı geosiyasi qüvvələr balansı baxımından mühüm hadisədir. Uzun illər Serbiya siyasətinə hakim olan Vuçiç Rusiyanın Balkanlarda əsas tərəfdaşlarından biri idi. O, Moskva ilə sıx münasibətləri qoruyur, eyni zamanda Avropa İttifaqı ilə əlaqələri davam etdirərək iki tərəf arasında balans qorumaəa çalışırdı. Onun siyasi düşərgəsinin məğlubiyyəti isə Rusiyanın Avropadakı təsir imkanlarına ciddi zərbə vura bilər.

Bu siyasi dəyişikliyin kökündə cəmiyyətin korrupsiyaya və hakimiyyətin məsuliyyətsizliyinə qarşı artan narazılığı dayanır. 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalının dam örtüyünün çökməsi və 16 nəfərin həlak olması ölkədə kütləvi etirazlara səbəb oldu. Tələbələrin başlatdığı etirazlar qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən geniş hərəkat səviyyəsinə yüksəldi. Bu proses bir daha göstərdi ki, heç bir hakimiyyət ictimai narazılığı sonsuza qədər görməzdən gələ bilməz.

Vuçiçin siyasi düşərgəsinin məğlubiyyəti Rusiya üçün ona görə əhəmiyyətlidir ki, Moskva Serbiyadan Balkanlarda öz təsirini qorumaq, Avropanın siyasi birliyini zəiflətmək və Qərbin regiondakı mövqelərinə qarşı alət kimi istifadə edirdi. Belqradın gələcəkdə Avropa İttifaqına daha çox yaxınlaşması, Rusiyadan enerji asılılığını azaltması və xarici siyasətini yenidən nəzərdən keçirməsi Kremlin mövqelərini daha da zəiflədə bilər.

Ukrayna üçün isə bu nəticə müsbət geosiyasi perspektivlər yaradır. Rusiyanın Avropadakı siyasi dayaqlarından birinin zəifləməsi Moskvanın təsir imkanlarının daralması deməkdir.

Bu seçkilərin ən mühüm mesajı isə daha genişdir: hakimiyyətə nəzarət etmək cəmiyyəti idarə etmək demək deyil. Tələbələrin və vətəndaş cəmiyyətinin siyasi proseslərdə həlledici rol oynaması göstərir ki, korrupsiyaya və avtoritar meyillərə qarşı birləşən insanlar real dəyişikliklərə nail ola bilərlər.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

admin

Serbiyada tələbələrin seçki inqilabı

admin

Ankara–Bakı münasibətlərində yeni mərhələ: böhrandan dialoqa doğru?

redaktor