16 C
Bakı
26 Oktyabr 2026 23:52
DünyaTarix

Hitlerin saxta gündəliklərini hazırlayıb “Stern” jurnalına satan Konrad Kuyau

Konrad Kuyau 1938-ci ildə anadan olub. Valideynlərinin hər ikisi nasist partiyasının üzvü idi. Konrad da nasizmə rəğbət hissi ilə böyüyüb.

İkinci dünya müharibəsindən sonra kommunistlərin hakim olduğu Şərqi Almaniyada yaşayıb. 1950-ci illərin sonlarında Qərbi Berlinə, oradan da Qərbi Almaniyaya keçib.

Müəyyən rəssamlıq qabiliyyəti olan Konrad Ştutqartda az maaşlı işlərdə çalışmaqla yanaşı müxtəlif saxta əşyalar hazırlayır. Məsələn, saxta nahar talonunu hazırladığı üçün 5 gün həbsdə yatır. Sonrakı illərdə də bir neçə dəfə həbs olunur: saxta sənədlərlə yaşadığına görə, silahla təhdidə görə və s.

1974-cü ildə icarəyə götürdüyü mağazada nasizm yadigarlarını satmağa başlayır. Bu zaman qazancını artırmaq məqsədilə saxtakarlığa əl atır. Məsələn, Birinci dünya müharibəsinə aid bir dəbilqə tapır və onun Hitlerin dəbilqəsi olduğunu iddia edir. Bəzi əşyalarda nasist liderlərinin xəttini təqlid edərək onların avtoqraflarını yazır. Özü rəsm tablosu çəkərək Hitlerin çəkdiyini iddia edir. Lakin onu bütün dünyaya tanıdan saxta “Hitlerin gündəlikləri” oldu.

Kuyau Hitlerin ilk gündəliyini 1978-ci ildə yazdığını söyləyir. O, Şərqi Berlində ucuz qiymətə aldığı bir qalaq dəftərdən birini götürmüş və üz qabığının ön tərəfinə qızılı rəngdə FH hərflərini (AH əvəzinə) səhvən yazmışdı. Bu hərfləri univermaqdan almışdı; onlar plastikdən hazırlanmışdı və Honkonqda istehsal olunmuşdu. Sənədin həqiqiliyinə daha çox bənzəməsi üçün əsl SS sənədindən qara lenti götürüb üz qabığına alman ordusunun mum möhürü ilə bərkitmişdi.

Mürəkkəb üçün o, iki şüşə Pelikan mürəkkəbi — biri qara, digəri göy rəngdə — almış və ucuz, müasir qələmdən daha rahat axması üçün ikisini su ilə qarışdırmışdı. Kujau Hitlerin yazdığı köhnə alman qotik xətti ilə yazmağı öyrənmək üçün bir ay məşq etdi.

Kujau ilk “Hitler gündəliyi”ni bir kolleksiyaçıya satdı. 1980-ci ildə gündəlikdən xəbər tutan jurnalist Gerd Heydemann onunla əlaqə saxladı. Kujau Heydemanna gündəliklərin Şərqi Almaniya ordusunda general olan qardaşında olduğunu söylədi. Heydemann Kujau ilə gündəliklərin “qalan hissəsini” almaq barədə razılığa gəldi.

Sonrakı iki il ərzində Kujau daha 61 cild saxtalaşdırdı və onları Heydemanna 2,5 milyon alman markasına satdı. Heydemann isə öz növbəsində çalışdığı “Stern” jurnalından 9 milyon alman markası aldı. Jurnal gündəlikləri böyük bir silsilə yazı şəklində (həftə-həftə) dərc etməyi planlaşdırırdı. Lakin cəmi iki yazı çap olundu: 1983-cü il aprelin 28-də və mayın 5-də. Bundan sonra gündəliklərin saxta olması barədə əsaslı dəlillər səsləndi. Rüsvay olan “Stern” dərhal layihəni dayandırmaq və üzr istəmək məcburiyyətində qaldı.

1985-ci il iyulun 8-də məhkəmə Konrad Kuyaunu 4 il 6 ay, Gerd Heydemannı isə 4 il 8 ay azadlıqdan məhrum etdi. Hökmdə həmçinin bildirilirdi ki, “Stern” jurnalı elə sadəlövh və məsuliyyətsiz davranıb ki, faktiki, dələduzluğun iştirakçısına çevrilib.

Üç il həbsdə qaldıqdan sonra azadlığa çıxan Kuyau məşhurlaşdı. Televiziya proqramlarında “saxtakarlıq üzrə ekspert” kimi çıxış edirdi. O, öz rəsm qalereyasını açdı və burada məşhur rəssamların (Monet, Van Qoq, Klimt) əsərlərinin saxtalarını tamamilə qanuni şəkildə satmağa başladı. İnsanlar onun çəkdiyi saxta rəsmləri məhz üzərində “Konrad Kuyau tərəfindən saxtalaşdırılıb” imzası olduğu üçün böyük pullara satın alırdılar. Bu saxtalara tələbat olduğunu görən başqa dələduzlar “saxta Kujau saxtaları” hazırlayıb onun adından satırdılar.

Kuyau 2000-ci ildə mədə xərçəngindən vəfat etdi

9 milyon marka kimi nəhəng məbləğ ödənilən 60-dan çox dəftər uzun illər boyu “Stern” jurnalının nəşriyyat evi olan Bertelsmann qrupunun seyflərində gizli saxlanıldı. Jurnal rəhbərliyi bu rüsvayçılığı unutturmaq üçün mətnlərin yayılmasını tamamilə qadağan etmişdi.

Saxta materiallar yalnız yaxın keçmişdə — 2023-cü ildə (hadisədən düz 40 il sonra) tam şəkildə ictimaiyyətə açıldı. Almaniyanın NDR yayım şirkəti həmin saxta gündəliklərin bütün mətnini rəqəmsallaşdıraraq, tarixçilərin şərhləri ilə birlikdə onlayn şəkildə tam yayımladı.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Benyamin Netanyahunun sabahkı seçkilərdən sonra da baş nazir qalma şansı var

redaktor

Azərbaycan Cənubi Qafqazın yeni geosiyasi mərkəzinə çevrilir

redaktor

Doğrudan da, komediyadır!

redaktor