İsraildə heç bir partiyanın seçkilərdə tam qələbə çalmaq (50%+ səs qazanmaq) şansı yoxdur. Buna görə də partiyalar seçkilərə bloklar (bir neçə partiyanın alyansı) şəklində gedirlər. İndiki Netanyahu hökuməti də partiyalar blokundan yaradılıb (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4143914139257999). Hazırda hakim koalisiyada olan sağçı-dini partiyalar yenidən bir blok şəklində seçkilərdə iştirak edirlər.
Knesset 120 yerdən ibarətdir. Kabinet yaratmaq hüququ əldəe etmək üçün partiya və ya blok azı 61 yeri qazanmalıdır. Seçkiqabağı rəy sorğularına görə, nə “Likud” (Netanyahunun partiyası), nə onun daxil olduğu sağçı-dini blok 61 səs toplaya bilməyəcək. Lakin müxalifətin vəziyyəti yaxşı deyil.
“Likud”un (Netanyahunun) əsas rəqibi mərkəzçi “Yaşar” partiyasıdır (lideri – keçmiş ordu komandanı Qadi Ayzenkot) rəhbərlik etdiyi. Müxalifət blokunun liderləri (Ayzenkot, Bennet, Lapid, Liberman və Qolan) Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün birgə fəaliyyət paktı imzalayıblar. Faktiki olaraq müxalifət də bir blokda çıxış edir. Yəni onlar növbəti kabineti yaratmaq üçün koalisiyaya girməyə razıdırlar, Netanyahu ilə isə koalisiyaya girməyəcəklər. Lakin müxalifət blokunun da azı 61 yer qazanmaq şansı yoxdur.
Seçkinin taleyini 3,25%-lik səslə parlamentə keçid baryerini aşıb-aşmayacaq kiçik partiyalar və ərəb blokları müəyyən edəcək. Yəhudi müxalifət partiyalarının çoxu ərəb partiyaları ilə koalisiya qurmaqdan imtina ediblər.
Sabahkı seçkilərdə ən çox səs toplaya biləcək partiyalar “Likud” (Netanyahu) və “Yaşar”dır (Ayzenkot). Lakin onların heç biri təklikdə 61 yer qazana bilməyəcək deyə başqa partiyalarla birlikdə koalisiya hökuməti qumralıdırlar. Bu proses necə olur?
Tutaq ki, “Likud” qalib gəlir (“Yaşar” qalib gəlsə, prosedur eyni olacaq).
1. Seçki nəticəsi təsdiq olunduqdan sonra prezident Netanyahunu çağırır və yeni kabineti yaratmaq üçün ona 28 günlük mandat verir. Netanyahu dərhal parlamentdə yer qazanmış partiyalarla danışıqlara (“alverə”) başlayır – danışıqların məqsədi birlikdə azı 61 deputat yerinə malik koalisiya yaratmaqdır. 28 günə çatdıra bilməsə, Netanyahu daha 14 gün vaxt tələb edə bilər – bundan artıq vaxt verilmir. Yuxarıda qeyd etdiyim kimi, böyük ehtimalla Netanyahunun bloku 61 yer toplaya bilməyəcək.
2. 42 günə kabineti yarada bilməsə, prezident kabinet yaratmaq mandatını ondan alır və 3 gün ərzində onu ikinci namizədə təqdim edir. Prezident parlamentdəki güclər nisbətini öyrənərək və, məsləhətləşmələrə ehtiyac olarsa, siyasi partiyalarla qeyri-rəsmi danışıqlar apararaq, hökuməti qurmağa ən çox şansı olan digər bir millət vəkilini ikinci namizəd (güman ki, Ayzenkot) təyin edə bilər. Həmin şəxsə koalisiya üçün 28 gün vaxt ayrılır (bu mərhələdə əlavə vaxt verilmir). Belə namizəd tapa bilməzsə, birbaşa 3-cü mərhələyə keçir.
3. İkinci namizəd də uğursuz olarsa, mandat parlamentə (Knessetə) keçir. Knesset istənilən 61 deputatının imzasını toplayan hər hansı bir deputata hökuməti qurmaq üçün 14 gün vaxt verir.
4. Bu cəhdlərin hamısı uğursuzluqla nəticələnərsə, parlament buraxılır və ölkədə yeni seçkilər təyin edilir.
“Yaşar”ın azı 61 yerlik koalisiya yaratması üçün mövcud bloku kifayət etmir. O ya ərəb partiyaları, ya da sağçı-dini yəhudi partiyalarla koalisiyaya girməlidir. Lakin o nə ərəb, nə də sağçı-dini partiyalarla koalisiyaya girməyəcəyini bəyan edib. Amma seçkilərdən sonra fikrini dəyişə bilər.
“Likud”un da azı 61 yerlik koalisiya yaratması üçün mövcud bloku kifayət etmir. O ya ərəb, ya da mərkəzçi yəhudi partiyalarla koalisiyaya girməlidir. Nə ərəb, nə də mərkəzçi partiyalar “Likud”la koalisiyaya girməyəcəklərini bəyan ediblər. Lakin… mərkəzçi partiyalar Netanyahunun rəhbərlik etdiyi “Likud”la koalisiyaya girməyəcəkər. Nəzəri olaraq, Netanyahu partiya liderliyindən istefa versə, “Likud” mərkəzçi partiyalarla koalisiya yarada və yeni hökuməti qura bilər. Amma Netanyahunun istefa verməsi fantastik qərar olardı. Yəni ehtimalı çooox cüzidir.
Beləliklə, seçkilərdən sonra İsraildə yeni hökumətin yaradıla biləcəyi böyük sual altındadır. Böyük ehtimalla İsrail yeni seçkilər keçirməli olacaq…
Ən maraqlısı isə budur ki, yeni hökumət işə başlamayınca Netanyahu baş nazir vəzifəssində qalacaq.
Fikir verdinizsə, Tramp 4 ay idi İsraildəki seçki kampaniyasında heç bir namizədə açıq dəstək vermirdi. Lakin son günlər gözlənilmədən Netanyahuya iki dəfə – 18 və 25 oktyabrda tam dəstək tviti yazdı. Güman ki, Tramp son günlərədək İsraildə qüvvələr nisbətinin necə dəyişəcəyini gözləyir, uğursuz namizədi dəstəkləmək istəmirdi. Belə çıxır ki, o (məsləhətçiləri), Netanyahunun hansısa yolla hələlik hakimiyyətdə qalacağını proqnozlaşdırır.
Bəs hakimiyyətdə müvəqqəti olaraq Netanyahu qalarsa, nələr baş verə bilər?
Əslində, bu İsrail üçün ən pis ssenaridir. Netanyahu İsrailə tarixdə görünməmiş səviyyədə “qara PR” gətirib. Onun vəzifədə qalması, İsrail xalqının əksəriyyətinin soyqırımçı-sionist ideologiyasını dəstəklədiyini sübut edir. Bu isə İsrailin dünyadan təcrid olunmasına, ABŞ-la (xüsusən də demokratların çoxluq qazanacağı yeni Konqreslə) münasibətlərinin pozulmasına səbəb olacaq.
Yeni kabinetin yaranması İsrailin xeyrinə idi. Yeni blok hazırkı hakim blokla koalisiyaya girmək istəmir, bununla da formal olaraq onların soyqırım siyasətinə görə məsuliyyəti öz üzərinə götürmür. Hərçənd onların “nailiyyətlərindən” imtina etmək fikirləri yoxdur. Yəni yeni kabinet İsrailpərəst təbliğat üçün bir “nəfəslikdir”.
Deməli, belə ssenari İsrail üçün pisdir. Lakin bu o demək deyil ki, bu qonşu ölkələr üçün yaxşı olacaq. Parlament buraxılarsa, 5 ay müddətində növbəti seçkilər keçirilməlidir. Yəni Netanyahu 5 ay möhlət qazanır, bu müddətdə o öz reytinqini yüksəltməlidir. Buna isə o, Qəzzanı tamam boşaltmaqla, Livanda işğalı genişləndirmək və möhkəmləndirməklə, Türkiyəni müharibəyə cəlb etməklə və ya İrana ağır zərbə vurmaqla nail ola bilər. Deməli, 5 ay ərzində Netanyahu indiyədək etdiyi vəhşiliklərin iki qatını etməlidir. Bunun nəticəsində isə o, ya hansısa uğura nail ola bilər, ya da İsrailin axırına çıxa bilər.
