17 C
Bakı
24 Oktyabr 2026 01:30
CəmiyyətQalmaqal

Elnarə Qasımova həbsxanadan yazır:

“İlk dəfə tutulanda avam idim, başım çıxmırdı. Əməliyyat çəkilişini efirə vermişdilər. Ətrafımdakı hamı bildi ki, narkotik işlədirəm. Anam dedi, bir bu çatmırdı, Azərbaycanla bir olduq”.

Samirə (ad şərtidir) Lənkəran Penitensiar Kompleksində (LPK) saxlanılan məhkum qadınlardan biridir. İlk dəfə tutulanda bir həftə onun adı və siması hər gün televiziya kanallarında verilib. Arzulamadığı bu tanınmışlıq dost-tanışlarını ondan uzaqlaşdırıb.

       “Mən ev dustaqlığına buraxıldım. 4 gün idi Müvəqqəti Saxlanma Yerindən (MSY) çıxmışdım. Özüm də görüntümü TV-də gördüm.Əməliyyat videosunu 7 gün dalbadal efirdə vermişdilər. Atam Rusiyada idi. O da, tanışları da tutulduğumu xəbərlərdən öyrəndi. Azadlığa çıxandan sonra dostlarım getdi, əlaqələrimi itirdim”.

Samirə kimi başqa saxlanılan şəxslərin də görüntüləri efirdə yayımlanır. Xəbərlərdə tez-tez divarın qarşısında dayanıb narahat baxışlarla kameraya danışan adamları göstərirlər. Bu görüntülər çox vaxt həmin şəxslərin icazəsi olmadan yayımlanır. Hələ videonun efirə veriləcəyindən xəbəri olmayanlar da olur. Efir isə hər şeyi dəyişir. Onları TV-də görənlər həm özlərini, həm də yaxın çevrələrini, ailələrini qınayırlar. Elə Samirə də bu zərərləri hesablayıb əməliyyat çəkilişinin daha çox yayılmasının və arxivləşdirilməsinin qarşısını almaq istəyib. Deyir ki, onun bu istəyi polis idarəsində əməkdaşların rüşvət tələbi ilə qarşılanıb.

       “Görüntüləri hər yerdən sildirmək üçün pul verdim. Yadımdadır, Qarayevdə Rüfət adlı müstəntiqə 3 min manat vermişdim. Ondan sonra video hər yerdən silindi. İnternetdə axtardım, görüntülər artıq yox idi”.

9 ay sonra Samirə ikinci dəfə həbs edilib. Deyir, bu dəfə əməliyyat çəkilişini efirə verməmək üçün ondan əvvəlcədən pul istəyiblər.

“Sumqayıtda 3-cü bölmədən Rusal İsgəndərov dedi, 500 manat verərsən, efirə vermərik. Mən də pulu verdim”.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna görə, vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi qurumun statusundan, vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar əldə etməsi korrupsiya sayılır. Əməliyyat videolarına gəldikdə isə qanunvericilikdə həmin videoların yayımlanmamasının qarşılığında dövlət rüsumu nəzərdə tutulmayıb. Əməliyyat çəkilişlərinin efirə verilməməsi qarşılığında onlardan rüşvət alındığını iddia edən başqa məhkumlar da var. Hər birindən fərqli məbləğlər alındığını deyirlər – 300 manatdan 3000 manatadək.

Həmin şəxslərdən biri Fidandır (ad şərtidir). Fidan deyir, bu məsələdə onunla müstəntiq arasında vasitəçiliyi dövlət hesabına təyin olunan vəkili edib. “Anamdan öyrəndim ki, vəkil onunla əlaqə saxlayıb. Nəticədə anam videonun efirə verilməməsi üçün 300 manat verib”.

Polisin əməliyyat videosunu efirdə yayımlamamaq üçün pul aldığını deyən digər şəxs Nigardır (ad şərtidir). Ailəsi yaşadıqları rayonda başqalarının yanında pərt olmamaq üçün polislərə pul verdiklərini deyib. “Öyrəndim ki, polislər atama zəng edib deyiblər, çəkiliş yayımlanacaq. Atam deyib, yayımlanmasın, rayonda biabır olarıq. Videonun efirə verilməməsi üçün yoldaşım polisə 1000 manat verib”.

 Medalyonun digər üzü

Kompleksdəki qadın məhkumlardan əməliyyat çəkilişləri yayımlananlar da var. Onların arasında bu xəbərdən ailə üzvünü itirən, uzun müddət valideynləri ilə küsülü qalan, uşaqları bullinqə məruz qoyulan məhkumlar da yer alır.

       “Atam mənim qətl törətdiyimlə bağlı xəbəri efirdə görəndə ürək əməliyyatına hazırlaşırdı. Həmin gün televizora baxanda qardaşıma deyib ki, çevir xəbərlərə, görək, ölkədə nə baş verir. Xəbərlərdə ad-soyadımı, ata adımı eşidəndə ürəyi tutub, elə oradaca keçinib”,– Leylanın (ad şərtidir) istintaq çəkilişi hadisədən 3 gün sonra edilib. İlk bir həftə boyunca, hələ istintaq dövründə müxtəlif kanallarda açıq kimliklə görüntüsü yayımlanıb. O, izləyənlərin yaddaşında qətl hadisəsi ilə qalıb.

Görüntüləri efirdə verilən digər şəxslər də insanların hafizəsində qalır. Hələ barələrində məhkəmə hökmü olmayan bu adamlar polis idarəsindən təcridxanaya çatmamış efirdə cinayətkar kimi tanıdılırlar. Onların görüntüsü polis kameralarının yaddaşından televiziya kanallarına ötürülür. Xəbərlərdə onları gah qatil, gah narkoman, gah dələduz, gah da quldur kimi təqdim edirlər. “Paylaşılmayacaq” – onların əksəriyyəti bu sözü çəkilişə etiraz edəndə polislərdən eşidiblər. Lakin sonradan öz görüntülərini xəbərlərdə görəndə aldadıldıqlarını anlayıblar. Bəs əslində necə olmaldır?

Polis sübut toplamaq, əməliyyatı sənədləşdirmək, cinayət işində cinayət işində istifadə etmək məqsədi ilə çəkiliş apara bilər. Amma polisin kamerasının “qanuni” çəkməsi görüntünün yayılmasını avtomatik qanuniləşdirmir. İstintaq videosu yalnız qanuni əsas olduqda və ya ictimai əhəmiyyətli cinayət işi barədə xəbərdə yayımlana bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, bu, xüsusilə dövlət orqanlarının fəaliyyəti, korrupsiya və ictimai təhlükəsizlik məsələlərini əhatə edir.

Lənkəran PK-da saxlanılan qadın məhkumlarla söhbətləşəndə məlum olur ki, onların da bir neçəsini müstəntiqlər aldadaraq icazələri olmadan əməliyyat çəkilişlərini efirə veriblər. Deyirlər ki, bu görüntülər onların və ailələrinin həyatını alt-üst edib. 5 ildir həbsdə olan Leylada (ad şərtidir) olduğu kimi. Leyla tutulanda anası onun tutulma xəbərini atasından gizlədib. Həmin ərəfədə atasının əməliyyat xərclərini qarşılamaq üçün bankdan kreditə pul götürüblər. Xəbərdə Leylanın adının ölüm hadisəsində hallanması hər şeyi dəyişib.

“Heç kim məndən soruşmadı ki, bunun efirə verilməyinə razıyam, ya yox. Heç efirə verildiyindən də xəbərim olmayıb. Anam polis bölməsinə gedib ağlayıb ki, kaş çəkilişi efirə verməzdiniz. Ərim onu görüb dərdinə dözmədi”.

İstintaq çəkilişi bir həftə davamlı xəbərlərdə verilsə də, Leyla özü həmin videonu heç vaxt izləməyib.

“İstintaq təcridxanasında nə vaxt nə vaxt mənim xəbərim göstərilibsə, otaq yoldaşlarım kanalı çeviriblər ki, duyuq düşməyim, pis olaram”.

Dövlət orqanı istintaq materialının ilkin sahibi kimi fərdi məlumatların, şəxsi həyatın, təqsirsizlik prezumpsiyasının qorunmasına cavabdehdir. Qanuni qüvvəyə minmiş hökm olmadan şəxs təqsirsiz sayılır. “Media haqqında” Qanunun 14.1.14-cü maddəsi təqsirsizlik prezumpsiyasının pozuntusu sayılan məlumatların yayılmasına yol vermir.

Avropa İnsan Haqları Məhkəməsinin də (AİHM) təqsirsizlik prezumpsiyasının qorunması ilə bağlı çıxardığı bir sıra qərarlar var. Məsələn, onlardan birində – 2018-ci il yanvarın 18-də qəbul etdiyi “Hüseynov Azərbaycana qarşı” qərarında Məhkəmə “Bizim Yol” qəzetinin jurnalisti Müşfiq Hüseynovun televiziyada cinayətkar kimi təqdim olunmasını bu prinsipin pozuntusu sayıb. 2007-ci ildə rüşvət almaq ittihamı ilə saxlanılan jurnalistlə bağlı hüquq-mühafizə orqanlarının çəkdiyi görüntülər özəl telekanalda yayımlanıb və məhkəmə hökmü olmadan onun cinayət törətdiyi bildirilib. Azərbaycan hökuməti telekanalın özəl olduğunu əsas gətirərək dövlətin məsuliyyət daşımadığını iddia etsə də, AİHM bu arqumenti qəbul etməyib. Məhkəmə vurğulayıb ki, görüntüləri hüquq-mühafizə orqanları çəkib, lakin onların televiziyaya necə ötürüldüyünü izah etməyib və jurnalistin təqsirli şəxs kimi təqdim olunmasının qarşısını almaq üçün tədbir görməyib. AİHM bu yayımın ictimaiyyətdə Hüseynovun təqsirli olduğu təsəvvürünü yarada biləcəyini nəzərə alaraq Avropa İnsan Hüquqları Konvensiyasının təqsirsizlik prezumpsiyasını qoruyan 6-cı maddəsinin 2-ci bəndinin pozulduğunu müəyyən edib.

“Çəkilişə başlamazdan əvvəl yalvardım ki, efirə verməsinlər. Dedilər, narahat olma, bizdə əməliyyat çəkilişini TV-yə verməyə icazə yoxdur. Müstəntiq Rahib Baratov dedi, bunu etmək mənim kişiliyimə, papağıma yaraşmaz. Oradakı başqa əməkdaş da dedi ki, kişi kimi sizə söz verirəm, efirə verilməyəcək. Mən də inandım. İdarədən təcridxanaya köçürüldüm. Oradakı qızlar məni tanıdı. Dedilər, TV-də görmüşük. Soruşdum ki, üzüm görünürdü?”,– Çinarə (ad şərtidir) bu sualı həbsinin ilk müddətində onu xəbərlərdə görüb tanıyan hamıdan soruşub: konvoy heyətinin əməkdaşlarından, məhkəmədəki başqa məhkumlardan…

Videoda Çinarənin gözlərini bağlasalar da, adı, soyadı, atasının adı açıq verilib. Üstəlik yaşadığı ərazi, evinə gedən yol, qətlə yetirdiyi şəxsin məzarı da göstərilib.

“Üzüm göstərilib, kim olduğum verilib deyə utanırdım. Deyirdim, el-oba biləcək, ailəm mənə görə pis olacaq. Uşaqlarım məktəbə başlayanda sinif yoldaşları deyə bilər ki, ananızı videoda görmüşük, adam öldürüb. Onda uşaqlarım lal-dinməz qalacaq”.

 “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.1-ci maddəsinə görə, şəxsin kimliyini birbaşa və ya dolayı müəyyən etməyə imkan verən istənilən məlumat fərdi məlumatdır. Sağlamlıq, ailə həyatı və məhkumluq məlumatları isə xüsusi kateqoriyalı fərdi məlumatlar sırasındadır.

Konstitusiyanın 32-ci maddəsi də şəxsi və ailə həyatının toxunulmazlığını qoruyur. Şəxsi həyat haqqında məlumatların qanunsuz toplanması ilə yanaşı, onların saxlanılması, istifadəsi və yayılması da hüquqi müdaxilədir.

Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə görə, hər kəsin şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququ var. Dövlət orqanlarının bu hüquqa müdaxiləsinə yalnız qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda – milli təhlükəsizliyin, ictimai asayişin, ölkənin iqtisadi rifahının qorunması, iğtişaş və cinayətlərin qarşısının alınması, sağlamlığın, mənəviyyatın, eləcə də digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə yol verilir.

Bəzən tutulan şəxslərin çəkilişdən əvvəl və çəkiliş sırasında gördükləri davranış bir-birindən fərqlənir. Söhbətə qoşulan məhkumlardan Bahar (ad şərtidir) istintaq çəkilişdən əvvəl qeyri-insani rəftara məruz qaldığını deyir. O, həm də öz çəkilişini kino çəkilişinə bənzədir. Deyir, polislər əməliyyat videosunu bir neçə cəhddə çəkiblər, hər dəfə də ondan cümlələrini dəyişdirməsini istəyiblər. Nəticədə Baharın da istintaq videosu icazəsi olmadan efirdə yayımlanıb.

       “İdarədə də çəkdilər. Dedim, çəkiliş istəmirəm. Ailəm bu işlə məşğul olduğumu bilmirdi. Saçımla üzümü tutdum ki, görünməyim. Polislərdən biri özü saçımı arxaya elədi. Dedilər, narahat olma, efirə verməyəcəyik. İnandırıcı danışdılar, söz verdilər. Dedilər, sadəcə özümüz üçün çəkirik, yaddaşda qalmalıdır. İstintaq təcridxanasına gələndə rahat idim, düşünürdüm ki, çəkiliş efirə verilməyib. Telefonda anam da əvvəl dedi ki, TV-də görməyib. Amma sonra danışanda dedi, verilib”.

Bahar təcridxanada olanda özü də istintaq çəkilişini TV-də izləyib. Xəbərlərdə onun da sadəcə gözləri bağlanıb, kimliyi – ad-soyadı, atasının adı isə açıq verilib. Beləcə ətrafındakı hər kəs onun həbsindən xəbərdar olub.

       “Videonu görəndə çox pis oldum, elə bildim həyat dayandı. Bəlkə başqa şeylə tutulsam, təsir etməzdi. Məni tanıyanlar bilirdi ki, ətrafımda narkotiklə məşğul olan yoxdur. Dünya başıma çökdü. Qızımla anam da görmüşdü. Bakıdan dostları qızıma zəng edib deyiblər ki, ananı göstərdilər. O da ağlayıb telefonu söndürüb. Qızım ətrafının içində sındı. Söz tapa bilmirdi ki, onlara nə desin”.

Həbsləri onları azadlıqlarından məhrum edib, amma barələrində yayımlanan videolar isə ictimai nüfuzdan düşmələrinə səbəb olub. Təkcə özləri yox, ailələri də başqalarının tənələri ilə üz-üzə qalıb.

Aygül (ad şərtidir) də elə bu səbəblərdən əməliyyat videosunun efirə verilməməyini istəyib. Polislər videonun sübut üçün çəkildiyini, yayımlanmayacağını deyib onu arxayın ediblər.

       “Bir neçə gün sonra qızıma zəng etmişdim, dedim, hələ atanız bilməsin. Ona qəzaya düşdüyümü deyərsən. Qızım dedi ki, atam artıq səni TV-də görüb. Onda bildim ki, video yayımlanıb. Pis oldum, utanırdım ki, hamı biləcək. Kənddə bizim ailəni tanıyıb hörmət edirdilər, balaca yerdir, çox söz danışılacaq. Yoldaşım həbs olunanda da xəbərlərdə göstərmişdilər. Onda qızım ağlayaraq gəldi ki, sinifdə uşaqlar deyir, atanı gördük, narkomandır”.

Digər məhkum Zeynəb (ad şərtidir) danışır ki, atası onun həbs xəbərini televiziyadan izləyərkən dost məclisində olub və valideyni ilə birlikdə onun çevrəsi də baş verən hadisədən xəbərdar olub. Zeynəb istintaq çəkilişini özü də dəfələrlə xəbərlərdə izləyib. Uzun müddətdir həbsdə olan Zeynəbin polis idarəsində və hadisə yerində olan görüntüsü bu illər ərzində müxtəlif başlıqlarla təkrar-təkrar yayımlanıb. Elə söhbətimiz də onun sualı ilə başlayır. Soruşur ki, mənim çəkilişim efirdə verilib, azadlığa çıxanda məni tanıyacaqlar?

       “Hər dəfə efirdə, internetdə verirlər. Keçən il 4 saylı Cəzaçəkmə Müəssisəsində olanda qızlar dedi, axşam verilişlərin birində səni göstərəcəklər. Hamı TV otağına yığışdı, özüm də baxdım. Əvvəlcə şəklimi verdilər, sonra hadisə yerindən qandallı görüntümü göstərdilər. Bir dəfə də xəbərdə haqqımda “quldur” sözünü işlətmişdilər”.

Qandallı insanın simasını, evinin içini və digər detalları yayımlamaq geniş maraq doğura bilər, amma bunun özü hüquqi baxımdan “ictimai maraq” yaratmır. Belə görüntünün sensasiya və ya əyləncəli montajla verilməsi məlumatlandırma məqsədindən uzaqlaşa, ləyaqət və təqsirsizlik prezumpsiyası üçün riski artıra bilər.

Yayımlanan istintaq videoları onları gələcək planlarını dəyişməyə vadar edir. Ailələri ilə birlikdə başqa yerə köçmək istəkləri də bu planın bir parçasıdır. Baharı yayımlanan videosuna görə qızının gələcəyi də qayğılandırır.

       “Düşünürəm ki, sabah o videoları qabağıma qoyacaqlar, utanacam. Çıxım, mağazada, ya başqa yerdə işləyib pul yığacam, başqa ölkəyə gedəcəm”.

Leylanın həbsdən sonrakı həyatı üçün başqa arzuları olub. Amma həbs xəbərini alan atasının ölümü onun arzularını puç edib. İndi o da azadlığa çıxandan sonra yaşayış yerini dəyişməyi planlayır.

       “Atamın öldüyünü məndən iki il gizlətdilər. O vaxta qədər deyirdim, türmədən çıxandan sonra atamı görərəm. Ümidim, arzularım var idi. O xəbəri eşidəndən sonra ürəyim həyatdan soyudu, ümidin qırıldı. Anam deyir, çıxandan sonra ya qardaşının olduğu rayona gedərik, ya da evi satıb Bakıya köçərik. Kənddə hamı bilir, orda qala bilmərəm. Kimsə elədiyimi üzümə vurar, söz atar, dava düşər. İstəmirəm bu olsun”.

Söhbətləşdiyimiz məhkum qadınların hər biri fərqli illərdə həbs olunub. Amma onların həbs xəbərləri hələ də müxtəlif platformaların onlayn arxivlərində qalıb. İndi də efirdə əməliyyat çəkilişləri yayımlanır, başını aşağı dikib kameraya baxmaq istəməyən şəxslərin etirafları göstərilir. Onlar bəzən narkotikin, bəzən içkinin təsiri altında danışdırılır və bu şəkildə efirdə yayımlanır. Yayımlanan bu xəbərlərin həmin şəxslərin və ailələrinin həyatında açdığı yaralar isə özlərindən başqa heç kimi narahat etmir.

“Abzas Media” araşdırmada adı çəkilən polis əməkdaşları barəsində səsləndirilən iddialara münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib. Lakin material dərc olunanadək qurum sorğuya cavab verməyib.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Zirə” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

admin

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

Yaponiyanın demoqrafik faciəsi

redaktor