20 C
Bakı
24 Oktyabr 2026 13:56
DünyaMaraqlıTarix

1962-ci il Karib böhranı zamanı dünyanı nüvə müharibəsindən xilas edən şəxs

Sovet hərbi dənizçisi Vasili Arxipov. Onun 1962-ci il Karib böhranı zamanı dünyanı nüvə müharibəsindən xilas etməsi ehtimal olunur.

Hadisələr zamanı Arxipov SSRİ Şimal donanmasının 69-cu sualtı qayıqlar briqadasının qərargah rəisi idi. Karib böhranı zamanı briqadanın dörd sualtı qayığı (B-4, B-36, B-59, B-130) Kubaya göndərildi. Onlar nüvə başlıqlı T-5 torpedaları ilə təchiz olunmuşdular. Dəstəyə rəhbərlik Arxipova tapşırılmışdı. O, B-59 qayığında idi.

Kuba həmin vaxt ABŞ hərbi donanması tərəfindən blokadaya alınmışdı. Blokadanın məqsədi adaya yeni sovet silahlarının gətirilməsinin qarşısının alınması idi.

Oktyabrın 27-də ABŞ aviasiyası B-59 qayığını gördü və istiqaməti üzrə təyyarə topundan xəbərdarlıq atəşi açdı. Təyyarədən koordinatları alan hərbi gəmilər B-59 olan yerə yaxınlaşdılar və dərinlik bombaları atdılar. Amerikalıların izahına görə, zəif gücə malik bu dərinlik bombaları sovet sualtı qayığına zərər vurmaq üçün deyil, onu su səthinə çıxmağa məcbur edərək kimliyini müəyyənləşdirmək üçün atılırdı.

B-59 isə, əksinə, maksimum dərinliyə daldı. Bu dərinlikdə nə SSRİ ilə əlaqə saxlamaq mümkün idi, nə də amerikalıların radiodanışığını dinləmək. Qayığın kapitanı Valentin Savitski “bəlkə müharibə başlayıb” deyərək düşmən gəmilərini vurmaq üçün nüvə başlıqlı torpedaları döyüş hazırlığı vəziyyətinə gətirməyi əmr edir. Amma vəzifəcə daha böyük olan Arxipov müdaxilə edərək atəş açmağa imkan vermir. O, B-59-da yox, başqa qayıqda olsaydı, hadisələrin sonrakı inkişafını təsəvvür etmək çətindir. Qlobal nüvə müharibəsi də baş verə bilərdi.

Sualtı qayığın akkumulyatorları boşalmışdı, doldurulması yalnız suüstü vəziyyətdə mümkün idi. Üstəlik, havanın kondisiyalaşdırılması sistemi sıradan çıxmışdı. B-59 su səthinə çıxmağa məcbur oldu. Amerikalılarla əlaqə saxlanıldı, sovet gəmisi olduğu deyildi. Daha sonra Moskva ilə əlaqə yaradıldı. Həmin vaxt sovet rəhbərliyi artıq konfrontasiyadan qaçmaq barədə qərar qəbul etmişdi. Hərbi-Dəniz Donanması rəhbərliyi briqadanın geri qayıtmasını istədi. Beləcə, gərginlik ortadan qalxdı.

Vasili Arxipov Karib böhranından sonra daha 23 il xidmət etdi. Son təyinat yeri Bakı oldu: 1975-1985-ci illərdə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin rəisi idi. Buradan da vitse-admiral (general-leytenant) rütbəsində pensiyaya çıxdı. 1998-ci ildə Moskva vilayətinin Balaşixa şəhərində vəfat etdi.

Arxipov dəfələrlə “dünyanı xilas edən adam” adlandırılıb. 2017-ci ildə “Future of Life Award” mükafatına layiq görüldü (ölümündən sonra). 50 min dollar nəvəsinə təqdim olundu.

P. S. son cümləni oxuyan neçə nəfərin ürəyindən “belə babamız da olmadı” fikri keçdi? )

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Anastas Mikoyan və Fidel Kastro

admin

Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

admin

Türkiyədən gələ biləcək təhlükələrdən necə qorunmalı?

redaktor