18 C
Bakı
23 Oktyabr 2026 00:10
DünyaSiyasət

“Middle East Eye”: “Bakı Ankaradan Ərdoğanın müşavirini vəzifədən çıxarmağı tələb edib”

Azərbaycan hakimiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saralın məktəblərdə hicab qadağasını tənqid etməsindən sonra onun vəzifədən uzaqlaşdırılmasını tələb edib. Bakı həmçinin İlham Əliyevi sosial şəbəkələrdə təhqir edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və bəzi hesabların bağlanmasını istəyib.

Bu barədə Britaniyada fəaliyyət göstərən “Middle East Eye” nəşri yazıb.

Nəşr məlumatı üç vəzifəli şəxsə və məsələdən məlumatlı başqa bir mənbəyə istinadən yayıb. Həmin şəxslərin adları açıqlanmır.

Mənbələrin bildirdiyinə görə, Ankara Azərbaycan tərəfinin tələbindən sonra sosial şəbəkələrdəki bəzi hesabları bloklayıb. Lakin Oktay Saralın vəzifədən çıxarılması və ya tənqidçilərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əlavə addım atılmayıb.

“Middle East Eye” həmçinin yazır ki, Azərbaycan hakimiyyətinə yaxın media orqanlarının Türkiyə hökumətinə və xarici işlər naziri Hakan Fidana qarşı son günlər yaydığı ittihamlar da yüksək səviyyədən verilən göstərişlər əsasında hazırlanıb.

Nəşrə danışan bir neçə vəzifəli şəxs və məsələdən məlumatlı mənbələr Türkiyəyə və Hakan Fidana qarşı hücumların hakimiyyətin yuxarı dairələrindən gələn tapşırıqla başladığını bildiriblər.

Məqalədə qeyd olunur ki, iki ölkə arasında gərginlik sentyabrda Azərbaycanda məktəblər üçün yeni geyim qaydalarının tətbiqindən sonra yaranıb. Hicablı şagird və müəllimlərin bəzi məktəblərə buraxılmaması Türkiyədə etirazlara və hakimiyyətə yaxın media orqanlarının tənqidlərinə səbəb olub.

Azərbaycanda qəbul olunan yeni geyim qaydalarında hicab birbaşa göstərilməsə də, dövlət təhsil müəssisələrinin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementləri məhdudlaşdırılır. Qaydaların tətbiqi zamanı hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb.

“Fidanın səfəri vəziyyəti daha da pisləşdirdi”

“Middle East Eye” yazır ki, münasibətlərdəki gərginlik İlham Əliyevin Azərbaycanın daxili işlərinə müdaxilə edilməməsi barədə üstüörtülü xəbərdarlığından sonra başlayıb.

Nəşrə danışan Azərbaycan mənbələrinin daha əvvəl verdiyi məlumata görə, Əliyevin bu açıqlaması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışına cavab olub.

Ərdoğan həmin çıxışında müsəlman qızların təhsil almasına maneələr yaradan ölkələri tənqid etmişdi. Ankara isə bu sözlərin Azərbaycana deyil, Avropa ölkələrinə ünvanlandığını bildirib.

Gərginlik Türkiyə Prezidentinin müşaviri Oktay Saralın sosial şəbəkədə Azərbaycanda hicab qadağasının ləğv edilməsinə çağırış etməsindən sonra daha da artıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Leyla Şahin Usta da Azərbaycan hakimiyyətinin qərarını tənqid edib. O, 1990-cı illərin sonlarında Türkiyədə hicab qadağasına qarşı mübarizənin tanınmış simalarından biri olub.

Bu açıqlamalara cavab olaraq İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası sərt bəyanat yayıb. Bəyanatda Türkiyəyə İslam dünyasında hegemonluq qurmağa çalışmamaq barədə xəbərdarlıq edilib.

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım da daxil olmaqla bir sıra rəsmilər gərginliyi azaltmağa çalışıblar. Onlar Oktay Saralın Ərdoğan adından deyil, şəxsi mövqeyindən çıxış etdiyini bildiriblər.

Bununla belə, “Middle East Eye”ın məlumatına görə, Bakı Saralın vəzifədən çıxarılmasını, eləcə də Əliyevi təhqir edən sosial media istifadəçilərinə qarşı hüquqi tədbirlər görülməsini istəyib.

Nəşr yazır ki, oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı da münasibətlərdəki problemləri üzə çıxarıb.

Ərdoğanın İsrail Prezidenti İsxak Hersoqla eyni tədbirdə iştirak etməmək üçün Bakıya gəlməməsi Azərbaycan hakimiyyətinin narazılığına səbəb olub. Nəşrin mənbələrinə görə, Bakı bunu İlham Əliyevə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Ərdoğanın əvəzinə tədbirdə iştirak edən Hakan Fidanın digər ölkələrin nümayəndələri ilə birlikdə Hersoqun çıxışını boykot etməsi də Azərbaycan tərəfinin narazılığı ilə qarşılanıb.

Məsələdən məlumatlı Azərbaycan mənbələrindən biri “Middle East Eye”a deyib:

“Fidanın səfəri vəziyyəti daha da pisləşdirdi. Onun səfəri, hərəkətləri və verdiyi mesajlar vəziyyətə mənfi təsir göstərdi. Türkiyə tərəfinin münasibətində real dəyişiklik görməliyik”.

Nəşrin məlumatına görə, oktyabrın sonlarında Türkiyədə keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri sammitində İlham Əliyevin iştirakı da həmin vaxt hələ təsdiqlənməmişdi. Bəzi mənbələr onun Ərdoğanın Bakı sammitinə qatılmamasına cavab olaraq tədbirdə iştirak etməyə biləcəyini ehtimal ediblər.

Münasibətlər Ərdoğanın təhsil fondlarından birinin tədbirində çıxışından sonra daha da mürəkkəbləşib.

Türkiyə Prezidenti bildirib ki, ölkəsi artıq uşaqların geyimlərinə və ya siyasi baxışlarına görə xaricdə təhsil almağa məcbur qaldığı dövlət deyil.

“Middle East Eye” yazır ki, bu açıqlama da Azərbaycanda Bakıya yönəlmiş növbəti tənqid kimi qəbul edilib.

Hakan Fidanla bağlı ittihamlar və Türkiyə səfirliyinin təkzibi

“Middle East Eye” yazır ki, Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında Türkiyə hökumətinə və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı ardıcıl tənqidi materiallar yayılıb.

Bu materiallardan biri prezident administrasiyasına yaxın hesab olunan “Qafqazinfo” saytında dərc edilib.

Yazıda Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Bakı səfəri zamanı Türkiyə ilə əlaqəli təhsil fondlarından birini ziyarət etməsi ilə bağlı iddialar irəli sürülüb.

“Qafqazinfo” Türkiyə ilə əlaqəli təşkilatların Azərbaycanda dövlət çevrilişi və qarışıqlıq yaratmağa çalışdığını iddia edib.

“Azərbaycanda da Türkiyə ilə əlaqəli qurumlar vasitəsilə dövlət çevrilişinə cəhdlər və ölkədə xaos yaratmaq təşəbbüsləri olub. Fidanın həmin görüşdə konkret göstərişlər verdiyini düşünməyə əsas verən ciddi məlumatlar var”, – deyə məqalədə bildirilib.

Yazıda AKP-nin özünə bağlı qeyri-hökumət təşkilatları vasitəsilə islamçı ideologiyasını yaymağa çalışdığı da iddia olunub.

Bundan başqa, Türkiyə kəşfiyyatının bu təşkilatlardan digər ölkələrin daxili siyasətinə müdaxilə üçün istifadə etdiyi, Fidanın da Bakı səfəri zamanı buna dair göstərişlər vermiş ola biləcəyi irəli sürülüb.

Məqalədə Osmanlı imperiyasının 1915-ci ildə Azərbaycanı parçalamaq məqsədilə erməniləri ölkə ərazisinə köçürdüyü də iddia edilib. “Middle East Eye” bu iddianı əvvəllər bəzi azərbaycanlı millətçilər tərəfindən irəli sürülmüş konspirasiya nəzəriyyəsi kimi xarakterizə edib.

Türkiyənin Bakıdakı səfirliyi isə oktyabrın 17-də “Qafqazinfo”nun iddialarını təkzib edib.

Səfirlik bildirib ki, Hakan Fidanın gizli görüş keçirməsi və hansısa göstərişlər verməsi barədə məlumatlar həqiqəti əks etdirmir.

Diplomatik nümayəndəlik bu iddiaları Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmağa yönəlmiş dezinformasiya adlandırıb.

Səfirliyin açıqlamasında qeyd olunub ki, Fidan səfəri zamanı çoxsaylı şəxslərlə, o cümlədən Azərbaycanda qanuni fəaliyyət göstərən təşkilatın üzvləri ilə xatirə şəkilləri çəkdirib. Gizli görüş və göstərişlərlə bağlı iddiaların isə əsası yoxdur.

Səfirlik Türkiyə parlamentinə ünvanlandığı iddia edilən məktubun da mövcud olmadığını bildirib.

Təkzibdən sonra “Qafqazinfo” məqaləni saytından silib və Hakan Fidanla bağlı hissələr çıxarıldıqdan sonra yenidən yayımlayıb.

Azərbaycan mediasında AKP əleyhinə yazılar

“Middle East Eye” qeyd edir ki, Hakan Fidanla bağlı ittihamlar Azərbaycan mediasında Türkiyə hakimiyyətinə qarşı yayılan yazıların yalnız bir hissəsidir.

“Publika.az” saytı AKP-ni islamçı və “Müsəlman Qardaşları” təşkilatının ideologiyasını digər ölkələrə yaymağa çalışmaqda ittiham edib.

Sayt Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) fəaliyyətinin digər türk dövlətlərinin daxili sabitliyi üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.

“Musavat.com” isə AKP-nin hicab ətrafında yaranmış mübahisədən Türkiyədəki 17 milyard dollarlıq fond qalmaqalına görə hökumətə yönələn tənqidləri arxa plana keçirmək üçün istifadə etdiyini iddia edib.

“Global Info” saytı Türkiyəni regionda neoosmanlıçılıq siyasəti yürütməkdə ittiham edib. Yazıda Ankaranın Bakıya bərabərhüquqlu tərəfdaş kimi deyil, özündən asılı dövlət kimi yanaşdığı irəli sürülüb.

İsrailli politoloq və jurnalist, Ümumdünya Yəhudi Agentliyinin (“Soxnut”) fəxri səfiri Roman Qureviç də “News.az International” saytında dərc olunan məqaləsində Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edib.

“Bakı öz suverenliyini islamçı tələblərə qurban verməyəcək”, – deyə Qureviç yazıb.

O, Türkiyəni öz siyasi modelini region ölkələrinə ixrac etməyə çalışmamağa çağırıb.

“Middle East Eye” qeyd edir ki, Qureviç uzun illərdir İsraillə strateji tərəfdaşlıq münasibətlərini qoruyan İlham Əliyevə yaxın şəxs hesab olunur.

“Bu, bizə lazım olan böhran idi”

Nəşrin danışdığı Azərbaycan mənbələrindən biri bildirib ki, media orqanlarına Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının siyasətini tənqid etmək barədə göstəriş verilib.

Onun sözlərinə görə, həmin materiallarda AKP-nin siyasi İslam modelinin Azərbaycana yayılmasına çalışdığı, ölkənin daxili işlərinə müdaxilə etdiyi və Azərbaycanı Türkiyənin təsir dairəsinin bir hissəsi kimi gördüyü vurğulanmalı idi.

Mənbə yaranmış gərginliyin Azərbaycan üçün müəyyən baxımdan zəruri olduğunu bildirib:

“Bu, bizə lazım olan böhran idi. Əks halda, Türkiyədə bəzi insanlar Azərbaycanın Türkiyənin təsir dairəsinə daxil olduğunu düşünürdülər. İndi onlar başa düşməlidirlər ki, biz bir millət, amma iki dövlətik”.

“Middle East Eye” yazır ki, gərginlik iki ölkənin təhlükəsizlik və iqtisadiyyat sahələrində sıx əməkdaşlıq etdiyi bir vaxtda baş verir.

Məqalənin dərcindən təxminən iki həftə əvvəl Türkiyənin yüksəkvəzifəli hərbi və müdafiə sənayesi rəsmiləri Bakıda Azərbaycan ordusuna 500 milyon dollar dəyərində hərbi təchizatın verilməsini nəzərdə tutan müqavilələr elan ediblər.

Nəşrin fikrincə, bu müqavilələr 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsindən sonra iki ölkə arasında hərbi əməkdaşlığın davam etdiyini göstərir.

Həmin bəyannamə Azərbaycan və Türkiyənin təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı öhdəliklərini müəyyənləşdirib.

Bundan başqa, iki ölkənin enerji, nəqliyyat, tikinti və kənd təsərrüfatı sahələrində milyardlarla dollarlıq qarşılıqlı investisiyaları mövcuddur.

Bütün bunlara baxmayaraq, hicab qadağası ətrafında yaranmış mübahisə Bakı ilə Ankara arasında siyasi fikir ayrılıqlarını üzə çıxarıb.

Türkiyəli rəsmi isə “Middle East Eye”a bildirib ki, Ankara Azərbaycan tərəfinin açıqlamalarına və media orqanlarının ittihamlarına cavab verməklə gərginliyi daha da artırmaq niyyətində deyil.

“Qardaşlarımızla strateji müttəfiqliyimiz bu böhrandan çıxacaq qədər möhkəmdir. Biz pis niyyətli qüvvələrə münasibətlərimizə zərər verdiyimizi görmək məmnuniyyətini yaşatmayacağıq”, – deyə rəsmi bildirib.

O, Türkiyə hökumətinin təmkinli mövqeyini qoruyacağını və yaranmış fikir ayrılıqlarının iki ölkənin strateji tərəfdaşlığına zərər verməsinə imkan yaratmayacağını vurğulayıb. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Rusiya və Ukrayna arasında zərbələr endirilib, itkilər var

redaktor

KONSPİROLOGİYA…..

redaktor