Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin David Qareci monastır kompleksinin bir hissəsini Azərbaycana verməyə gizli razılıq verdiyini iddia edən jurnalist saxlanılıb.
“OC Media”nın məlumatına görə, Gürcüstan Baş Prokurorluğu jurnalist Domenti Dito Çubinidzeyə dövlətə xəyanət ittihamı irəli sürməyə hazırlaşır. Prokurorluq onun əməlini təxribat kimi qiymətləndirir.
İttiham jurnalistin Gürcüstan-Azərbaycan sərhədində yerləşən tarixi David Qareci monastır kompleksi ilə bağlı yaydığı iddialarla əlaqədardır.
Çubinidze Baş nazir İrakli Kobaxidzenin monastır kompleksinin bir hissəsini Azərbaycana verməyə gizli şəkildə razılıq verdiyini iddia edib.
Baş Prokurorluq isə oktyabrın 22-də bildirib ki, istintaq zamanı David Qareci monastır kompleksinin yerləşdiyi ərazidə dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanla hər hansı razılaşmanın olmadığı üzə çıxıb.
Qurumun açıqlamasına görə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı hüquqi prosedurlar Baş nazirin hər hansı ərazini təkbaşına başqa dövlətə verməsinə imkan vermir.
“Asaval-Dasavali” qəzetinin jurnalisti Çubinidze 2026-cı ilin aprelində vəfat edən və ölümünün intihar nəticəsində baş verdiyi ehtimal olunan insan hüquqları müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı rəsmi versiyanı dəfələrlə şübhə altına alıb.
Ölümündən bir neçə həftə əvvəl dərc olunmuş müsahibəsində Corbenadze İrakli Kobaxidzenin David Qareci kompleksinin bir hissəsini Azərbaycana vermək barədə Azərbaycan Prezidenti İlham Əliyevlə gizli razılaşma imzaladığını iddia etmişdi. O, bu iddianı təsdiqləyən konkret sübutlar təqdim etməmişdi.
Corbenadzenin açıqlamalarından sonra sosial şəbəkələrdə ona qarşı kampaniyanın başladığı bildirilir. Onun ölümündən sonra isə Çubinidze intihar versiyasına inanmadığını bəyan edib.
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili də sentyabrda həbsxanadan göndərdiyi beşinci məktubunda Corbenadzenin ölümü və İrakli Kobaxidze ilə hakim partiyanın nümayəndəsi Mamuka Mdinaradzenin rəhbərliyi dövründə baş vermiş digər intihar hadisələri ilə bağlı cavabsız sualların olduğunu bildirib.
Çərşənbə axşamı dərc olunmuş doqquzuncu məktubunda Qaribaşvili David Qareci ilə bağlı sərhəd mübahisəsinə yenidən toxunaraq, keçmiş Prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründə qəbul edilmiş qərarların və yanlış xəritələrdən istifadənin Gürcüstanın mövqeyini zəiflətdiyini iddia edib. O bildirib ki, Baş nazir və müdafiə naziri olduğu dövrdə onun hökuməti Azərbaycanla danışıqlarda Gürcüstanın mövqeyini gücləndirmək üçün bir sıra addımlar atıb.
Qaribaşvilinin sentyabr ayında verdiyi açıqlamasından sonra Baş Prokurorluq bəyanat yayaraq, Corbenadzenin intihar nəticəsində vəfat etdiyini bildirib.
İttiham tərəfinin iddiasına görə, Çubinidze Corbenadzenin ölümünü qisas məqsədilə törədilmiş qətllə əlaqələndirib və bunun Corbenadzenin guya Kobaxidzeyə açıqladığı məlumatlarla bağlı olduğunu bildirib. Baş Prokurorluq qeyd edib ki, Çubinidze bunu ərazinin Azərbaycana verilməsi ilə bağlı iddialara inam qazandırmaq məqsədilə edib.
Qurumun bildirdiyinə görə, iddia edilən əməllər Gürcüstan dövlətinin qanuni mənafelərinə qarşı yönəlib, dövlət qurumunun və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyasının normal fəaliyyətinə mane olub.
Çubinidze təqsirli bilinərsə, onu dörd ilədək həbs cəzası gözləyir. Baş Prokurorluq isə məhkəmə prosesi müddətində onun həbsdə saxlanılması üçün məhkəməyə müraciət edəcəyini bildirib. (AbzasMedia)
