1962-ci ilin oktyabrında baş verən Karib böhranı ABŞ və SSRİ arasında kompromislə yekunlaşdı. SSRİ Kubadan raketlərini çıxardı, bunun müqabilində ABŞ Türkiyədən raketlərini çıxardı və Kubaya təcavüz etməyəcəyinə söz verdi.
Fidel Kastro öz rəyi soruşulmadan belə razılığa gəlinməsindən bərk narazı idi və fikirlərini Xruşşova göndərdiyi teleqramda yazdı. Həmin dövrdə SSRİ və Çin arasında beynəlxalq kommunist hərəkatına liderlik uğrunda mübarizə gedirdi. Moskva Kastronun Pekinlə yaxınlaşa biləcəyindən narahat oldu və buna yol verməmək üçün baş nazirin birinci müavini Anastas Mikoyanı Havanaya göndərdi. Mikoyan 1960-cı ildə də burada olmuşdu və sovet-Kuba münasibətlərinin qurulmasına ciddi töhfə vermişdi. O, Fidel, Çe və başqaları ilə isti münasibətlərə malik idi.
1962-1968-ci illərdə SSRİ-nin Havanada səfiri olan Aleksandr Alekseyevin xatirələrindən:
“2 noyabr 1962-ci il. A. İ. Mikoyanı hava limanında qarşılayıb Kuba hökumət evində yerləşdirəndən sonra onun Fidellə qeyri-rəsmi qısa görüş oldu. Heç bir siyasi mövzulara toxunulmadı, söhbət, demək olar, şəxsi xarakter daşıyırdı. Amma emosional kubalılara xas olan dostluq hissi də yox idi. Hiss olunurdu ki, Fidel Mikoyana hörmət edərək ehtiyatsız ifadələrdən çəkinir. Belə qarşılanma Mikoyanı xeyli karıxdırdı.
Birinci işgüzar görüş ertəsi gün Fidelin mənzilində baş tutdu. Biz oraya səhər 9-da gəldik. Bizimlə yalnız tərcüməçi vardı. Fidel tək idi. Yenicə masa arxasına oturmuşduq ki, səfirliyimizdən zəng gəldi. Telefona yaxınlaşdım və bizim şifrələyici dedi ki, indicə Xruşşovdan teleqram gəlib, Mikoyanın arvadının öldüyünü xəbər verir. Əhvalım tam korlanmış halda Xruşşovdan teleqram gəldiyini dedim, amma, əlbəttə, məzmununu söyləmədim. Mikoyan məndən xahiş etdi ki, səfirliyə gedim: avtomobillə beş dəqiqəlik yol idi.
Bilirdim ki, Fidel onlarla məsləhətləşmədən raketləri çıxarmaq qərarına görə Anastas İvanoviçə sərt fikirlər söyləyəcək. Buna görə də Fidelin katibəsindən xahiş etdim ki, onu bir yazı ilə baş vermiş hadisə haqda xəbərdar etsin, o da bunu dərhal etdi. Beləcə, mənim olmadığım müddətdə Fidel problemin mahiyyəti üzrə söhbətə başlamadı və qonaqla maksimum korrekt davrandı.
Qayıdıb teleqramı Anastas İvanoviçə verdim. Orada başsağlığından sonra deyilirdi ki, Moskvaya qayıdıb-qayıtmamaq barədə qərarı özü qəbul edə bilər.
Çaşqınlıq çökdü. Danışıqlar başlamadı və biz iqamətgahımıza qayıtdıq, Mikoyan öz otağına girib tək qaldı. Təxminən bir saat sonra çıxdı və qərarını açıqladı: onu müşayiət edən oğlu Serqo gəldikləri xüsusi təyyarə ilə Moskvaya qayıdır. Kuba ilə sarsılan dostluğumuzu bərpa etmək çox önəmli olduğundan, danışıqları davam etdirməyi öz borcu sayır, bir də ki, Moskvaya qayıtması kədərə kömək etməyəcək…
Mikoyanın bu hərəkəti ona kubalıların böyük rəğbətini qazandırdı və danışıqların gedişinə emosional təsir edərək münasibətlərimizin istiləşməsinə səbəb oldu. Elə həmin gün Anastas İvanoviç bütün Kuba rəhbərliyinin imzaladığı başsağlığı aldı. Respublika rəhbərlərinin arvadları ona baş çəkdilər. Axşam Fidel Kastro və yoldaşları Mikoyanın olduğu iqamətgaha gəldilər, kədərinə şərik olduqlarını şəxsən bildirdilər.
Bir gün sonra bərpa olunan Mikoyan-Kastro danışıqları, belə demək mümkünsə, şəfqətli rejimdə keçdi, xüsusən də ilk günlər. Bununla belə, bu danışıqlar fasilələrlə üç həftə davam etdi və zaman-zaman çox ağır oldu”.
