Oktyabrın 18-də Berlində Müsəlman Birliyi Hərəkatının fəallarının iştirakı ilə keçirilən aksiyada Azərbaycan bayraqları ilə yanaşı İran bayraqları da qaldırılıb. Türkiyə bayrağı isə görüntülərdə yoxdur. Sanki Qarabağ məsələsində bizə Türkiyə yox, məhz İran dəstək verib.
Bu mənzərə mənə illər əvvəl Nardaranda gördüklərimi xatırlatdı.
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində jurnalist kimi dəfələrlə Nardaranda olmuşam. Öz gözlərimlə görmüşəm ki, kəndin bir çox yerində İran bayraqları və şiə dini rəmzlərini əks etdirən qara bayraqlar asılmışdı. Azərbaycan bayrağına isə rast gəlmirdim. Bəzən mənə elə gəlirdi ki, Nardaran Azərbaycan kəndindən daha çox İranın bir parçasına çevrilib.
Berlindəki aksiya həmin illərdə müşahidə etdiyim ideoloji düşüncəni xatırladır. Azərbaycanın dini çevrələrinin bir hissəsi üçün İran sadəcə qonşu dövlət deyil, həm də siyasi-dini istinad nöqtəsidir. Türkiyə ilə münasibətdə isə eyni yaxınlıq görünmür. Burada şiə–sünni fərqinin təsirini də nəzərdən qaçırmaq olmaz.
Ən böyük ziddiyyət isə Qarabağ məsələsindədir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə İran Ermənistanla siyasi və iqtisadi əlaqələrini davam etdirirdi. Bu gün də Tehranla İrəvan arasında yaxın siyasi münasibətlər mövcuddur. Belə bir dövlətin bayrağını Azərbaycanla bağlı etiraz aksiyasında siyasi rəmzə çevirmək mənim üçün qəbuledilməzdir.
Onu da xatırladım ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı bağlamışdı. Hələ də bağlıdır…
Mənim üçün əsas təhlükə hicab taxan qadınlar deyil, hicab şüarı arxasında Azərbaycana İran tipli dini-siyasi quruluş gətirmək istəyən zehniyyətdir. Dini etiqad şəxsi azadlıqdır. Amma dini dövlət idarəçiliyinin və cəmiyyət üzərində məcburiyyətin alətinə çevirmək tamam başqa məsələdir.
Azərbaycanı İranın bugünkü vəziyyətinə salmaq istəyən siyasi düşüncədən bu ölkəyə azadlıq və tərəqqi deyil, şər və bəla gələr. Azərbaycanı qorumaq həm də onun dünyəvi dövlət quruluşunu, qadınların hüquqlarını və gələcək nəsillərin seçim azadlığını qorumaq deməkdir.
