ŞSon günlər Türkiyə və Azərbaycan cəmiyyətləri arasında başörtüsü və digər məsələlər üstündə yaranan müzakirələr və soyuq mesajlar diqqət çəkir. İki gün ərzində baş verənlər vəziyyəti anlamaq üçün vacib ipuçları verir:
1. Bakıdan sərt və açıq xəbərdarlıq (YAP-ın mesajı):
Yeni Azərbaycan Partiyası (YAP) Türkiyənin hakim partiyasına (AKP) ünvanladığı məktubda açıq şəkildə bildirdi ki, heç bir ölkə başqa bir müsəlman xalqına iradəsini diktə edə, daxili işlərinə qarışa bilməz:
“İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır.
Azərbaycan xalqı tarixən imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxmışdır. Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır”. Azərbaycan tərəfi bununla qırmızı xəttini çəkdi: Münasibətlərimiz yalnız bərabərhüquqlu və bir-birinin hüquqlarına hörmət əsasında olmalıdır.
2. Ankaradan gələn “problemləri dərinləşdirmək olmaz” mesajı (Dövlət Baxçalının bəyanatı):
Hakimiyyətin ortağı, MHP sədri Dövlət Baxçalı isə hər bir Türk dövlətinin suverenliyinə hörmət edildiyini vurğuladı: “Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili hüquq sisteminə hörmət prinsipi dayanır. Hər bir Türk Cümhuriyyəti müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasında əməkdaşlıq bu suverenlik anlayışına əsaslanır, qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar zəminində inkişaf edir”.
O, araya “nifaq toxumu” səpmək istəyənlərə imkan verilməyəcəyini desə də, əsas diqqəti 29-30 oktyabrda Ankarada keçiriləcək TDT Zirvə görüşünə yönəldib. Baxçalı liderlərin üzbəüz görüşünün vacibliyini qeyd edib və bu addımın soyuqluğu aradan qaldıracağına inandığını vurğulayıb.
TDT-nin Zirvə görüşü Türkiyənin ən əlamətdar günü – Cümhuriyyət Bayramına təsadüf edir. Həmin təntənəli gündə Azərbaycan TDT-yə sədrliyi qardaş ölkəyə – Türkiyəyə devr edəcək.
Qısası qarşıdakı iki həftədə soyuqluğun aradan qalxacağı, Azərbaycanın Zirvə görüşündə ən yüksək səviyyədə iştirak edəcəyi gözləniləndir. MHP liderinin bəyanatında YAP-ın AKP-yə ünvanladığı məktubdakı əsas narazılıqların qəbul edilməsinə vurğu salınması bunu deməyə əsas verir.
