Oktyabrın 3-də İstanbulda Özgür-Der təşkilatının iştirakı ilə Azərbaycan Baş Konsulluğu qarşısında aksiya keçirildi. İştirakçılar Azərbaycanda məktəbli qızların hicabla bağlı üzləşdiyi məhdudiyyətlərə etiraz etdilər.
Oktyabrın 13-də isə Köklü Değişim platforması da eyni yerdə etiraz aksiyası keçirdi. Hicabla yanaşı artıq xilafətə çağırış səsləndirildi. Yəni Azərbaycana yer göstərdilər, xilafətin bir parçası olmalısan.
Bəs Köklü Değişim nə təşkilatdır və nə istəyir?
Bu platforma xilafət ideyasını müdafiə edən siyasi-islamçı çevrələrlə əlaqələndirilir. Onun fəaliyyətində adı çəkilən ilahiyyatçı-yazar Abdullah İmamoğlunun öz məqaləsinin başlığı hər şeyi aydın göstərir:
“Hilâfet Sadece Siyasi Bir Tercih Değil Şer’î Bir Zorunluluktur.”
İmamoğlu müsəlman ölkələrinin vahid xilafət quruluşunda birləşməsi ideyasını müdafiə edir.
İndi sual verirəm: Azərbaycanda məktəbli qızların hicabı ilə başlayan mübahisənin ölkəmizi xilafət sisteminə daxil etmək çağırışına nə aidiyyəti var?
Burada artıq söhbət şəxsi dini etiqaddan deyil, Azərbaycanın dövlət quruluşundan gedir.
Məni narahat edən başqa bir məsələ də var.
Türkiyədə bu kampaniyalara qoşulan dini-siyasi çevrələr başa düşürlərmi ki, belə çağırışlar Türkiyə–Azərbaycan münasibətlərinə zərər vura bilər?
Tarixi unutmayaq. 1514-cü ildə Çaldıran döyüşündə Osmanlı və Səfəvi dövlətləri üz-üzə gəldilər. Bu müharibənin siyasi və ərazi səbəbləri ilə yanaşı, məzhəb qarşıdurması da mühüm rol oynadı.
Bu gün həmin tarixi təkrarlamaq məcburiyyətində deyilik.
Amma dini ideologiyanın nə qədər güclü parçalanma vasitəsinə çevrilə bildiyini də unutmamalıyıq. Türkiyə ilə Azərbaycan arasında məzhəbçi qarşıdurmanın qızışması hər iki ölkənin maraqlarına ziddir. Belə bir gərginlikdən üçüncü qüvvələrin faydalanması da mümkündür.
Xüsusilə İranın dini və məzhəb amillərindən regional siyasətdə istifadə etdiyi bir şəraitdə bu riskləri ciddi qiymətləndirmək lazımdır…
Mən Türkiyə–Azərbaycan qardaşlığını yüksək qiymətləndirirəm. Elə buna görə də onun dini-siyasi ideologiyaların girovuna çevrilməsini istəmirəm.
Hicab taxmaq və ya taxmamaq insanın şəxsi dini seçimi ilə bağlı məsələdir. Azərbaycanı xilafətin bir hissəsinə çevirmək isə tamam başqa siyasi layihədir.
Azərbaycanın dövlət quruluşunu nə Ankaradakı, nə İstanbuldakı dini qruplar müəyyən edə bilər. Bu, Azərbaycan xalqının suveren hüququdur.
Azərbaycanın gələcəyi xilafətdə deyil, azad, demokratik və dünyəvi respublikadadır.
Türkiyə–Azərbaycan qardaşlığını qoruyaq, onu məzhəb qarşıdurmasının meydanına çevirməyək…
