Hamımız Ukrayna və Yaxın Şərq müharibələrini diqqətlə izləyirik. Amma Afrikada müxtəlif fasilələrlə 30 ildən artıq davam edən müharibələr haqda az adamın məlumatı var. Bu qitədə Efiopiya, Somali, Sudan, Konqo, Uqanda, MAR, Niger, Mali və s. ölkələrdə onillərdir müharibələr gedir, dövlət sərhədləri dəyişir…
Afrikanın ən çox və ən uzunmüddətli müharibələr gedən bölgəsi onun şimal-şərq hissəsidir (1-ci xəritə). Burada son 30 ildə Efiopiyadan Eritreya, Sudandan Cənubi Sudan və Somalidən Somalilənd ayrılıb.
İndi bu xəritədə Efiopiyanın sərhədlərinə baxın. O boyda ölkənin dənizə çıxışı yoxdur – bütün çıxışlarını Eritreya qapayıb. Eritreyanın ərazisi keçmiş İtaliya müstəmləkə zonası ilə üst-üstə düşür.
“Niyə Efiopiya belə vəziyyətə düşdü?” sualına cavab vermək üçün onlarla ölkənin qarışdığı bu çox mürəkkəb məsələnin tarixinə qısa ekskurs etməliyik.
1935-ci ilin oktyabrında italyan qoşunlarının Efiopiyaya daxil olması ilə İtaliya-Efiopiya müharibəsi (1935-36) başlandı. 1936-cı il martın 31-də Efiopiya ordusunun əsas qüvvələri Mayçou yaxınlığında məğlub oldu. Efiopiya imperatoru I Hayle Selassiye İngiltərəyə qaçdı və ölkəsinin azadlığı uğrunda mübarizəyə xarici dövlətləri cəlb etməyə çalışdı. İtaliya qoşunları paytaxt Əddis-Əbəbəni ələ keçirdikdən sonra İtaliya kralı III Viktor Emmanuil Efiopiyanın imperatoru elan edildi.
1941-ci ilin yanvarında ingilis-efiop qoşunları Sudan tərəfdən Efiopiya ərazisinə daxil oldu və İtaliya qoşunlarını ölkədən qovdu. Efiopiya imperatoru Əddis-Əbəbəyə qayıtdı. Britaniya Efiopiyanı 1948-ci ilə, İtaliyanın keçmiş müstəmləkəsi olan Eritreyanı isə 1952-ci ilə qədər nəzarəti altında saxladı. 1952-ci ildə Eritreya BMT-nin qərarı ilə Efiopiya ilə federasiyaya daxil oldu. 1962-ci ildə Efiopiya imperatoru Eritreyanın federativ statusunu ləğv etdi. Bundan sonra eritreyalılar müstəqillik uğrunda müharibəyə başladılar və bu müharibə 30 il davam etdi.
24 may 1991-ci ildə Eritreya Xalq Azadlıq Cəbhəsi (EPLF) qüvvələri Eritreyanın paytaxtı Əsməranı nəzarətə götürərək, Efiopiya ordusunu ölkədən çıxartdı və faktiki müstəqillik qazanıldı. 1993-cü ilin aprelində BMT-nin nəzarəti altında keçirilən referendumda əhalinin 99,8%-i müstəqillik “lehinə” səs verdi. 24 may 1993-cü ildə Erireyanın müstəqilliyi rəsmi elan olundu və beynəlxalq birlik tərəfindən tanındı.
İndi 2-ci xəritəyə baxın – burada müasir Efiopiyanın inzibati ərazi bölgüsü təsvir olunub. Orada Eritreya ilə sərhəddə yaşıl rəngdə Efiopiyanın Tiqray əyaləti göstərlib. Bax, bu əyalət də 1970-ci illərin ortalarından Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) rəhbərliyi altında müstəqillik uğrunda silahlı mübarizəyə başlayıb. Əvvəl TPLF Böyük Tiqray Respublikası adında müstəqil bir dövlət qurmağı hədəfləyirdi. Soyuq müharibənin sonlarına yaxın qlobal siyasi şərait dəyişdikcə, TPLF tam müstəqillik ideyasından imtina etdi. Onlar Efiopiyanın marksist mərkəzi hökumətini devirməyi və ölkə daxilində bütün etnik qruplara geniş muxtariyyət verən “etnik federalizm” sistemi yaratmağı hədəf götürdülər.
Silahlı mübarizənin 17-ci ilində – 1991-ci ildə TPLF Eritreya qüvvələrinin də dəstəyi ilə mərkəzi marksist “Derg” rejimini devirdi. Bu tarixdən etibarən TPLF düz 27 il Efiopiya federal hökumətinin və ordusunun əsas rəhbər qüvvəsinə çevrildi.
7 il sonra iki keçmiş müttəfiq (TPLF və EPLF) arasında iqtisadi məsələlər və sərhəd xətti (xüsusilə kiçik Badme şəhərciyi) üstündə kəskin ixtilaf yarandı. 1998-ci ildə iki ölkə arasında şiddətli və qanlı Efiopiya-Eritreya Sərhəd Müharibəsi başladı. Müharibədə Efiopiya ordusuna TPLF rəhbərlik edirdi. 2000-ci ildə Haaqa Beynəlxalq Məhkəməsi mübahisəli əraziləri Eritreyaya versə də, TPLF-in rəhbərlik etdiyi Efiopiya hökuməti bu qərarı icra etməkdən imtina etdi. Bu iki tərəf arasında 20 illik “nə sülh, nə müharibə” vəziyyətinin yaranmasına və nifrətin dərinləşməsinə yol açdı.
2018-ci ildə Efiopiyada Abiy Ahmed baş nazir seçildi və TPLF-i (tiqraylıları) hakimiyyətdən uzaqlaşdırıldı. Abiy Ahmed Eritreya ilə tarixi sülh sazişi imzaladı (buna görə Nobel Sülh Mükafatı aldı). Bu sülh TPLF-i hər iki tərəfdən təcrid etdi. Mərkəzi hökumətlə gərginlik nəticəsində 2020-ci ildə Birinci Tiqray Müharibəsi başladı. TPLF-ə qarşı qisas almaq fürsəti görən Eritreya prezidenti İsayas Afeverki qoşunlarını Tiqray bölgəsinə yeridərək, Efiopiya federal ordusunun tərəfində döyüşə girdi. Bu müharibədə Eritreya qoşunları Tiqrayda mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətməkdə ittiham olundu.
Efiopiya mərkəzi hökuməti və onun müttəfiqləri (Eritreya ordusu və Amhara qüvvələri) böyük hərbi üstünlüyə malik olsalar da, Tiqray qüvvələrini (TPLF/TDF) tamamilə məğlub edib, qəti hərbi qələbə qazana bilmədilər. Müharibə hər iki tərəfi tükəndirən bir pat vəziyyətinə girdi. 2022-ci ilin noyabrında Pretoriya Sülh Razılaşması imzalandı və TPLF-nin silahı yerə qoyması şərti ilə federal idarəçiliyin bərpasına başlanıldı.
Bəs niyə Efiopiyanın böyük və daha yaxşı təchiz olunmuş ordusu kiçik Tiqray silahlılarına qalib gələ bilmədi?
TPLF 1970-ci illərdən onilliklər boyu “Derg” rejiminə qarşı partizan müharibəsi aparmış çox təcrübəli veteran qüvvələrə malik idi. Bundan əlavə, 1991-2018-ci illərdə Efiopiya ordusunun rəhbərliyində əsasən tiqraylı generallar və zabitlər təmsil olunurdu. Müharibə başladıqda bu yüksək rütbəli peşəkar zabitlər Efiopiya ordusundan ayrılaraq, Tiqray Müdafiə Qüvvələrinə (TDF) komandanlıq etdilər.
Tiqray regionu dağlıq relyefə, dik uçurumlara və çətin keçilən qayalıqlara malikdir. Bu coğrafiya mərkəzi hökumətin ağır texnika və tank üstünlüyünü effektiv istifadə etməyə imkan vermədi. Tiqray qüvvələri bu əraziləri mükəmməl tanıdıqları üçün mərkəzi orduya ağır itkilər verən uğurlu partizan taktikaları tətbiq etdilər.
Abiy Ahmedin hökuməti TPLF-i xalqdan təcrid edəcəyini düşünsə də, tam əksi baş verdi. Federal qüvvələrin və xüsusilə Eritreya ordusunun Tiqrayda mülki əhaliyə qarşı törətdiyi ağır cinayətlər və dağıntılar yerli əhalidə kəskin qəzəb hissi yaratdı. Bu da gənclərin kütləvi şəkildə könüllü olaraq Tiqray ordusuna qoşulmasına səbəb oldu.
Müharibənin ilkin mərhələsində mərkəzi hökumət paytaxt Mekeleni ələ keçirsə də, Tiqrayın kəndlərini və strateji dağlıq nöqtələrini tam nəzarətdə saxlaya bilmədi. Qoşunların dağınıq yerləşməsindən istifadə edən Tiqray qüvvələri 2021-ci ilin iyununda əks-hücuma keçərək federal ordunu mühasirəyə aldı və ağır itkilər verdirərək, regiondan geri çəkilməyə məcbur etdi.
Tiqray qüvvələri yalnız müdafiə olunmaqla qalmayıb, qonşu Amhara və Afar bölgələrinə də sarsıdıcı əks-hücumlar təşkil edərək federal hökuməti paytaxt Əddis-Əbəbəni qorumaq üçün bütün qüvvələrini geri çəkməyə məcbur etdi.
Regionda yaranan kütləvi aclıq və humanitar fəlakət səbəbindən ABŞ, Aİ və BMT başda olmaqla beynəlxalq birlik Efiopiya hökumətinə güclü diplomatik və iqtisadi təzyiqlər göstərdi. Bu təzyiqlər mərkəzi hökumətin Tiqrayı tamamilə blokadada məhv etmək planlarını çətinləşdirdi.
Abiy Ahmed hakimiyyətə gələndən ölkədə geniş iqtisadi islahatlar aparmağa başladı. Bunun nəticəsində ölkəyə xarici investisiyalar axmağa başladı. Ölkə 2025/2026 maliyyə ilində $4,32 milyard birbaşa xarici investisiya cəlb edərək, Afrikada Misirdən sonra ikinci ən böyük investisiya məkanı olub. Efiopiya investorları arasında şəksiz lider Çindir.
BVF-in hesabatlarına əsasən, Efiopiya son illərdə dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri olub. Efiopiyanın son 5 ildəki illik real ÜDM artım faizləri aşağıdakı kimidir:
• 2021-ci il – 5,6%
• 2022-ci il – 5,3% (Şimal bölgəsindəki münaqişələrin təsiri ilə artım bir qədər yavaşımışdı)
• 2023-cü il – 6,6%
• 2024-cü il – 7,6%
• 2025-ci il – 9,8% (Kənd təsərrüfatı, mədənçilik və tikinti sektorundakı güclü canlanma hesabına)
• 2026-ci il (proqnoz) – 7,1-9,2%
Efiopiyanın əhali sayı 115 milyondur, bundan 6 milyonu Tirayda yaşayır.
Belə böyük əhaliyə və əraziyə sahib olan və sürətlə iqtisadi inkişaf edən Efiopiyanın bir əsas problemi var – dənizə çıxışı yoxdur. Aydındır ki, bu investorlar üçün də ən ciddi problemdir. Problemin həll edilməsi isə asan görünür – Eritreya ərazi mübadiləsi ilə Efiopiyaya dənizə çıxış üçün dəhliz verə bilər. Amma…
Efiopiya son illərdə, xüsusilə 2023-cü ildən başlayaraq Qırmızı dənizə və okeana birbaşa çıxış əldə etmək üçün Eritreyadan ərazi və liman tələbini aktiv şəkildə gündəmə gətirib. Bu məsələ iki ölkə arasında münasibətləri müharibə həddinə çatdıran əsas gərginlik mənbəyinə çevrilmişdir. Abiy Ahmed ölkəsinin dünyanın dənizə çıxışı olmayan ən böyük dövləti olduğunu əsas gətirərək, Qırmızı dənizə çıxışı “ekzistensial (ölüm-qalım) məsələ” elan edib. Efiopiya yalnız mövcud limanlardan tranzit kimi istifadə etmək yox, özünün nəzarət edəcəyi suveren bir sahil xətti və hərbi-dəniz bazası istəyir. Efiopiya rəsmilərinin və generallarının bəyanatlarında Eritreyanın cənubunda yerləşən strateji Assab limanı və ona bitişik ərazilər açıq şəkildə Efiopiyanın hədəfi kimi göstərilir. Eritreya tərəfi Efiopiyanı bu torpaqları hərbi güclə ilhaq etməyə hazırlaşmaqda ittiham edir. Nəticədə Tiqraya qarşı keçmiş müttəfiqlərin arasını dəyib.
2026-cı ilin sentyabr ayında TPLF digər üsyançı qruplarla birləşərək, Eritreya və Sudandan maliyyə və hərbi dəstək alaraq, Efiopiya hökumətinə qarşı yenidən hücuma keçdi. Lakin bu dəfə hər şey gözlənildiyinin əksinə oldu – Efiopiya ordusu qısa müddət ərzində Tiqrayın mərkəzi şəhərini ələ keçirtdi. Düzdür, bu əməliyyatın uğurlu olmasında zamanın düzgün seçilməsinin də böyük əhəmiyyəti oldu. Məsələ burasındadır ki, Tiqrayın peşəkar döyüşçülərinin çoxu C.Sudana qarşı döyüşmək üçün müttəfiqləri Sudana getmişdilər. Fürsətdən istifadə edən Efiopiya ordusu Tiqraya girərək, həm də onun Sudanla sərhədini nəzarətə götürüblər və tiqray döyüşçülərinin qayıtmasına imkan vermirlər.
Lakin onu da nəzərə almalıyıq ki, Abiy Efiopiya ordusunun yenidən qurulmasına böyük əhəmiyyət verib. Hazırda bu ordu 4 il əvvəlki ordudan çox fərqlənir. Döyüşçülər yaxşı təlim görüb və müasir texnika ilə silahlanıblar. Tiqraylıların hücumlarını dronlarla pərən-pərən salmalarından görünür ki, müasir döyüş texnologiyalarını yaxşı mənimsəyiblər.
Faktiki olaraq Tiqray probleminin birdəfəlik həll edilməsi qısa zaman məsələsidir. Yaxın həftələr ərzində Efiopiya qoşunlarının Eritreyaya hücum edəcəkləri və Assab limanını ilhaq edəcəkləri şəksizdir. Bunu nəzərə alan Eritreya Tiqraya köməyə qoşun göndərib. Amma bunun nəyisə dəyişə biləcəyinə inanmıram, Efiopiya ordusu və iqtisadiyyatı çox güclüdür və… bu liman Çinə lazımdır.
Ümumiyyətlə, Qərb hegemoniyasının zəifləməsi dünyada çox ölkələrin sərhədlərinin dəyişməsinə səbəb olacaq.

