Robert Hanssen 22 il (1979-2001) boyunca Amerikanın məxfi məlumatlarını SSRİ-ə satır. Onun kod adı “Roman Qarsia” idi. Hanssen əvvəlcə sovet ordusunun generalı Dmitri Polyakovun adını ruslara verir. O, 20 il boyunca CİA üçün işləmişdi. Ruslar onu edam edirlər. Sonra ikitərəfli işləyən Valeri Martinov və Sergey Motorin adlı KGB polkovniklərinin adlarını da Rusiyaya ötürür. Hər iki şəxs Moskvaya çağırılaraq güllələnir.
Hanssen FTB tərəfindən Vaşinqtondakı Sovet Səfirliyinin tam altında yaradılan milyardlarla dollarlıq elektron dinləmə tünelinin yerini və bütün texniki detallarını sovetlərə satır. Sovetlər tüneli aşkar etdiklərini bildirmirlər, illərlə o tünel vasitəsilə Amerikaya dezinformasiya ötürürlər.
Amerika kəşfiyyatı məlumatların kim tərəfindən ötürüldüyünü heç cür aşkarlaya bilmir. Sonda ABŞ rəsmiləri 2000-ci ilin payızında Moskvada arxivlərə çıxışı olan keçmiş KGB polkovniki Aleksandr Şerbakova casusun aşkarlanması üçün 7 milyon dollar pul ödəyir. Bu, kəşfiyyat tarixində bir casus haqqında informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən biridir. Polkovnik Moskvanın arxivindən Robert Hanssenin orijinal dosyesini oğurlayıb Amerikaya qaçır.

FTB bu dosyedəki məlumatları oxuyanda şoka düşür. Çünki sovet kəşfiyyatçıları 22 il ərzində onlara casusluq edən şəxsin üzünü bir dəfə olsun belə görməmişdilər. Onlar bu sənədlər əsasında xainin Robert Hanssen olduğunu aşkarlayırlar. FTB 18 fevral 2001-ci ildə ruslara növbəti sənəd paketini buraxarkən Hansseni cinayət başında yaxalayır. O, 22 illik fəaliyyəti nəticəsində 1,4 milyon dollardan çox nəğd pul, almaz ve Rolex saatları əldə etmişdi.
